XƏBƏRLƏR
“Kitabi-Dədə Qorqud” dastanında vətən və qəhrəmanlıq anlayışı məsələsi müzakirə olunub
AMEA Folklor İnstitutunun “Dədə Qorqud” şöbəsində növbəti elmi seminar keçirilib. Seminarda “Dədə Qorqud” şöbəsinin əməkdaşları ilə yanaşı, Odlar Yurdu Universitetinin kafedra müdiri, filologiya elmləri doktoru, professor Rüstəm Kamal, Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat və Mifologiya şöbələrinin əməkdaşları da iştirak ediblər.
Elmi seminarda “Dədə Qorqud” şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d., dosent Xalidə Məmmədovanın təqdimatında ““Kitabi-Dədə Qorqud” dastanında vətən və qəhrəmanlıq anlayışı” adlı məruzə təqdim olunub.
Məruzədə dastana istinadən ilk baxışdan coğrafi məkan kimi dərk olunan vətən anlayışının el, oba, dövlət, ailə və namus anlayışlarını da ehtiva etdiyi vurğulanıb. Bildirilib ki, qəhrəmanlıq anlayışı fiziki güclə yanaşı, mənəvi kamillik və elə-obaya sədaqətlə ölçülür. Tədqiqatda “Salur Qazanın evinin yağmalandığı boy”, “Dirsə xan oğlu Buğac boyu”, “Bəkil oğlu İmranın boyu” və digər boylar əsasında vətən uğrunda mübarizə motivləri təhlil edilib. Məruzədə Oğuz igidlərinin doğma yurdu yadelli hücumlardan qorumağı ən ali vəzifə hesab etdikləri göstərilib. Qeyd olunub ki, dastanda vətən uğrunda şəhid olmaq böyük şərəf kimi təqdim edilir. Araşdırmada Dədə Qorqudun dilindən təqdim edilən öyüd-nəsihətlərin və duaların el birliyi, dövlətçilik və milli həmrəylik ideyalarına xidmət etdiyi xüsusi vurğulanıb.
Məruzədə qəhrəmanlığın fərdi, həm də kollektiv xarakter daşıdığı və el birliyinin əsas şərt kimi təqdim olunduğu diqqətə çatdırılıb. Həmçinin dastanda qəhrəmanın formalaşma mərhələləri – doğuluş, sınaq, özünü təsdiq, ad qazanma və ictimai qəbul məsələləri izah edilib. Xalidə Məmmədova məruzəsində “Kitabi-Dədə Qorqud” dastanının türk xalqlarının dövlətçilik və vətənpərvərlik düşüncəsinin mühüm qaynağı olduğunu qeyd etmiş, dastandakı vətən və qəhrəmanlıq ideyalarının müasir dövrdə də öz aktuallığını qoruduğunu göstərib. “Beləliklə, milli kimliyin, vətən və qəhrəmanlıq kimi mənəvi dəyərlərin qorunmasında “Kitabi-Dədə Qorqud”un mühüm ideoloji-mədəni əhəmiyyət daşıdığı bir daha təsdiqlənir”, - deyə o, fikirlərini tamamlayıb.
Daha sonra məruzə ətrafında müzakirələr aparılıb. Şöbə müdiri, professor Ramazan Qafarlı Xalidə Məmmədovanın seminarda müzakirə olunan məruzəsinin ümumi istiqamət baxımından aktual olduğunu və müəllifin “Kitabi-Dədə Qorqud” kontekstində vətən və qəhrəmanlıq anlayışlarını araşdırmağa çalışdığını uğurlu addım hesab edib.
Professorun fikrincə, X.Məmmədovanın məruzəsi ümumi ideya və material baxımından əhəmiyyətlidir. Belə ki, müəllif “Kitabi-Dədə Qorqud” dastanında vətən və qəhrəmanlıq anlayışlarını milli-mənəvi kontekstdə təqdim etməyə çalışır və dastanın ideya-məzmun qatlarına nüfuz edərək uğurlu müşahidələr ortaya qoyur. Məruzənin əsas üstünlüyü ondadır ki, müəllif dastanı yalnız folklor nümunəsi kimi deyil, həm də kollektiv yaddaş, mənəvi dəyərlər və ictimai birlik modeli kimi təhlil edir. Bu cəhd, nəzəri baxımdan tam əhatəli sistemləşdirilməsə də, mətndə məruzə müəllifinin elmi intuisiyasını və mövzu ilə bağlı konseptual istiqamətin mövcudluğunu göstərir. R.Qafarlının fikirlərinə görə, məruzənin digər müsbət tərəfi müəllifin mətn materialı ilə işləməyə çalışmasıdır: “Tədqiqatçı yalnız ümumi fikirlər söyləməklə kifayətlənmir, müxtəlif boylardan nümunələr gətirir, konkret epizodlara müraciət edir və onları müəyyən ideya istiqamətində şərh etməyə çalışır”.
Məruzənin müzakirəsi zamanı professor Rüstəm Kamal təqdim olunan tədqiqata münasibət bildirərək qəhrəmanlıq anlayışının semantik mahiyyəti ilə bağlı mühüm elmi fikirlər irəli sürüb. Professor qeyd edib ki, qəhrəmanlıq dastanının qəhrəmanı müəyyən status daşıyıcısıdır və həmin status onun davranış modelini müəyyənləşdirir. Onun fikrincə, oğuz epik düşüncəsində qəhrəman öz statusuna uyğun davranmalı, hünər nümayiş etdirməlidir; əks halda, qəhrəman statusunu doğrulda bilməz. Professor bu baxımdan “qəhrəmanlıq” və “hünər” anlayışlarının eyniləşdirilməsinə tənqidi yanaşaraq, onların fərqli semantik çalarlar daşıdığını diqqətə çatdırıb. Rüstəm Kamal həmçinin “hünər” sözünün semantik yükünün olduqca geniş məfhum olduğunu qeyd etmiş, bu anlayışın dastan poetikasında ayrıca araşdırma predmetinə çevrilə biləcəyini bildirmişdir. R.Kamalın səsləndirdiyi bu elmi yanaşma təqdim olunan məruzədə işlədilən terminologiyanın daha dərindən nəzərdən keçirilməsinin vacibliyini ortaya qoyub.
Daha sonra Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri fil.e.d., dosent Leyla Məmmədova, Mifologiya şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d., dosent Mətanət Yaqubqızı, həmçinin fil.ü.f.d., dosent Xuraman Kərimova, fil.ü.f.d., dosent Aynurə Səfərova, böyük elmi işçi Nailə Mirzəyeva, elmi işçi Gülxarə Əhmədova da elmi seminarda Xalidə Məmmədovanın təqdim etdiyi araşdırma ilə bağlı müxtəlif elmi fikir və qənaətlərini söyləmiş, tədqiqatçıya gələcək araşdırmalarında uğurlar arzulamışlar.





