XƏBƏRLƏR
Aşıq yaradıcılığı şöbəsində Sədnik Pirsultanlı tədqiqatlarında aşıq poeziyası və ozan-aşıq ənənələri müzakirə olunub
AMEA Folklor İnstitutunun Aşıq yaradıcılığı şöbəsində növbəti elmi seminar baş tutub. Seminarda şöbənin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Sahibə Paşayeva “Sədnik Pirsultanlı tədqiqatlarında aşıq yaradıcılığı” mövzusunda məruzə ilə çıxış edib.
Məruzədə bildirilib ki, aşıq yaradıcılığı Azərbaycan şifahi xalq ədəbiyyatının ən zəngin qollarından biri olmaqla milli-mənəvi mədəniyyətin mühüm tərkib hissəsini təşkil edir. Vurğulanıb ki, filologiya elmləri doktoru, professor Sədnik Paşa Pirsultanlı bütün elmi fəaliyyəti boyunca ozan-aşıq irsinin toplanması, araşdırılması və təbliğinə xüsusi diqqət yetirib, aşıq poeziyasının nəzəri əsaslarını, saz havalarının təsnifatını, ifaçılıq xüsusiyyətlərini və aşıq məktəblərinin inkişaf tarixini sistemli şəkildə tədqiq edib.
Məruzədə alimin “Azərbaycan folkloru və aşıq yaradıcılığı”, “XIX əsr Azərbaycan aşıq yaradıcılığı”, “Ozan-aşıq yaradıcılığına dair araşdırmalar”, “Ozan-aşıq sənətinin nəzəri məsələləri”, “Azərbaycan aşıq poeziyasında və yazılı poeziyada təcnisin inkişaf tarixi”, “Azərbaycan aşıq şeirinin sazla əlaqəli inkişaf yolu” kimi əsərlərinin aşıqşünaslığın inkişafında xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.
Diqqətə çatdırılıb ki, professor Sədnik Pirsultanlı yalnız aşıq poeziyasının nəzəri məsələlərini araşdırmaqla kifayətlənməyib, həm də ayrı-ayrı sənətkarların irsinin öyrənilməsinə böyük əmək sərf edib. Onun tədqiqatlarında Aşıq Ələsgər, Xəstə Qasım, Aşıq Şəmşir, Sarı Aşıq, Aşıq Bəsti, Aşıq Nabat, Aşıq Tifil Əsəd və digər sənətkarların yaradıcılığı geniş şəkildə təhlil olunub. Xüsusilə qadın aşıqların irsinə dair araşdırmalarının Azərbaycan aşıq ədəbiyyatında mühüm yer tutduğu qeyd edilib.
Seminarda vurğulanıb ki, Sədnik Pirsultanlı müxtəlif bölgələrdə folklor nümunələri toplamış, aşıq mühitlərini öyrənmiş, saz-söz ənənələrinin qorunub gələcək nəsillərə ötürülməsi istiqamətində mühüm fəaliyyət göstərib. Həmçinin qeyd olunub ki, Birinci Qarabağ müharibəsi dövründə yaratdığı “Koroğlu nərəsi” ansamblı ilə döyüş bölgələrində çıxışlar edərək əsgərlərin ruh yüksəkliyinin artırılmasına töhfə verib.
Seminar mövzu ətrafında müzakirələrlə davam edib.



