Folklor İnstitutunda “Qırx batır” dastan silsiləsinin strukturu və formalaşma xüsusiyyətləri müzakirə olunub

Folklor İnstitutunda “Qırx batır” dastan silsiləsinin strukturu və formalaşma xüsusiyyətləri müzakirə olunub

19 May 2026, 09:12 / Konfranslar, İclaslar

AMEA Folklor İnstitutunda növbəti elmi seminar keçirilib. Seminarda Türk xalqları folkloru şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Qumru Şəhriyar “Qırx Batır haqqında dastan silsiləsi: strukturu və formalaşması” mövzusunda çıxış edib. Hibrid formatda təşkil edilən seminarda institut əməkdaşları, doktorant və dissertantlarla yanaşı, Bakı Avrasiya Universitetinin təcrübə keçən tələbələri və Əl-Fərabi adına Qazax Milli Universitetinin doktorantı da iştirak edib.

Tədbiri giriş sözü ilə açan AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev seminar mövzusunun əhəmiyyəti, çoxqatlılığı və geniş elmi kontekstə malik olması ilə seçildiyini bildirib. Alim çıxışında folklorşünaslıq araşdırmalarında tarixi, mədəni və ictimai amillərin qarşılıqlı əlaqədə öyrənilməsinin əhəmiyyətindən danışıb, xüsusilə epik mətnlərin formalaşma prosesinin yalnız mətn səviyyəsində deyil, bütöv mədəni yaddaş kontekstində qiymətləndirilməsinin vacibliyini qeyd edib. O bildirib ki, müxtəlif variantların, semantik qatların və tarixi transformasiyaların müqayisəli şəkildə öyrənilməsi problemin mahiyyətini daha aydın şəkildə ortaya qoyur. Direktor elmi müzakirələrin yeni sualların yaranmasına, mövcud yanaşmaların yenidən nəzərdən keçirilməsinə və araşdırmaların istiqamətləndirilməsinə xidmət etdiyini vurğulayaraq seminarın aktual elmi məsələlərin müzakirəsi baxımından əhəmiyyətini qeyd edib və iştirakçılara uğurlar arzulayıb.

Daha sonra filologiya üzrə fəlsəfə doktoru, dosent Qumru Şəhriyarın məruzəsi dinlənilib. O, çıxışında bildirib ki, “Qırx batır” haqqında dastan silsiləsi qazax epik ənənəsinin mühüm hissəsini təşkil edir və özünün geneoloji quruluşu ilə seçilir.  O, “Qırx batır” haqqında dastan silsiləsinin struktur xüsusiyyətlərini, geneoloji bağlarını və epik sistem daxilində formalaşan qəhrəmanlıq ənənələrini təhlil edib. Bildirib ki, silsilə öz daxilində müstəqil qolları ehtiva edir və “Anşıbay batır və onun nəsli”, “Karadön batır və onun nəsli”, “Kıdırbay və onun nəsli”, eləcə də müxtəlif batırlarla bağlı ayrıca jırlar şəklində sistemləşir. Məruzədə vurğulanıb ki, “Edigey” dastanı silsilənin əsas bağlayıcı həlqəsi hesab olunur. Çünki əvvəlki dastan qəhrəmanları əsasən mifoloji xarakter daşıdığı halda, Edigey tarixi şəxsiyyət kimi çıxış edir və Noqay Ordasının tarixi yaddaşında mühüm yer tutur. Qumru Şəhriyar qeyd edib ki, silsilənin sonrakı mərhələlərində “Musaxan”, “Orak və Mamay”, “Karasay və Kazı”, “Şora batır”, “Koblandı batır” kimi geniş yayılmış epik mətnlər formalaşsa da, geneoloji ardıcıllığın mərkəzində məhz “Edigey” dayanır.

Məruzəçi “Qırx batır” silsiləsinin adlandırılması ətrafında mövcud elmi mübahisələrə də toxunub. O bildirib ki, müxtəlif tədqiqatçılar silsiləni “Krımın qırx batırı”, “Qırımın qırx batırı” və “Noqayın qırx batırı” kimi fərqli şəkildə təqdim etsələr də, bu adlandırmaların mənşəyi hələ tam aydınlaşdırılmayıb. Araşdırmada göstərilib ki, dastanların hadisələri əsasən Qızıl Orda coğrafiyasında – indiki Qazaxıstanın qərb hissəsi və Rusiyanın bəzi ərazilərində cərəyan edir. Məruzədə “Noqayın qırx batırı” variantının yaranması, yırav İdris İshaqulından yazıya alınması və folklorşünas Zeyid Kaybalıyevin topladığı materialların sonrakı taleyi barədə də məlumat verilib.

Məruzədə qeyd olunub ki, silsiləyə daxil olan dastanlar qəhrəmanların nəsil ardıcıllığı prinsipi əsasında bir-biri ilə əlaqələnir və bu xüsusiyyət onu digər epik nümunələrdən fərqləndirir. Bildirilib ki, silsilənin formalaşma prosesi uzun tarixi dövrü əhatə edir. Dastanların ilkin yaranma mərhələsi XIV–XV əsrlərə aid edilsə də, bütöv dastan silsiləsi şəklində təşəkkülü XVI əsrin ikinci yarısından sonrakı dövrdə baş verib.

Məruzədə dastanlarla tarixi hadisələr arasındakı əlaqələrə də toxunulub. Bildirilib ki, Qızıl Orda dövrü, Noqay Ordası, qızılbaşlarla münasibətlər və müxtəlif tarixi proseslər epik mətnlərdə müəyyən transformasiyalara uğrayaraq qorunub saxlanılıb. Qeyd edilib ki, epik yaddaşda tarixi həqiqətlə bədii təxəyyül bir-birini tamamlayan elementlər kimi çıxış edir.

Məruzədə dastan silsiləsinin yalnız qəhrəmanlıq mətnləri toplusu deyil, eyni zamanda Noqay kimliyi, tarixi yaddaş və kollektiv etnik şüurun qorunması baxımından mühüm mənbə olduğu vurğulanıb.

Məruzə ətrafında geniş müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Müzakirələr zamanı “Dədə Qorqud” şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Ramazan Qafarlı çıxış edərək türk epik ənənəsində qəhrəmanlıq mətnlərinin yalnız müstəqil süjetlərdən ibarət olmadığını, eyni zamanda kollektiv yaddaşı, geneoloji bağlılıqları və etnik-mədəni kimliyi özündə birləşdirən bütöv sistem kimi çıxış etdiyini vurğulayıb. O qeyd edib ki, hər bir epik qəhrəman həm ayrıca mətnin daşıyıcısı, həm də daha geniş epik strukturun tərkib hissəsi kimi dəyərləndirilməlidir. Professor qəhrəmanlıq ideallarının, epik zaman anlayışının və nəsil bağlılıqlarının bu mətnlərin formalaşmasında mühüm rol oynadığını diqqətə çatdırıb.

Ramazan Qafarlı çıxışında qəhrəmanlıq dastanlarının öyrənilməsində metodoloji yanaşmaların əhəmiyyətinə toxunaraq, silsilə anlayışının elmi əsaslarla müəyyənləşdirilməsinin vacibliyini qeyd edib. O bildirib ki, epik mətnlərin tarixi hadisələrlə əlaqəsi araşdırılarkən onların birbaşa tarixi fakt kimi deyil, bədii düşüncə və epik təfəkkür çərçivəsində qiymətləndirilməsi daha məqsədəuyğundur. Professor həmçinin qəhrəmanlıq mətnlərinin struktur xüsusiyyətlərinin, geneoloji əlaqələrinin və variantlaşma proseslərinin sistemli şəkildə tədqiqinin türk epik irsinin daha dərindən öyrənilməsinə imkan yaratdığını vurğulayıb. Çıxışının sonunda professor Qafarlı məruzəçiyə ümumilikdə türk epik ənənəsinin, konkret olaraq isə, Qırx batır silsiləsinin mürəkkəb laylarının analizində nəzəri-metodoloji yanaşmanın gücləndirilməsi, müasir elmi yanaşma və baxışların tətbiqinin zəruriliyini tövsiyə edib. 

Türk xalqları folkloru şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Əfzələddin Əsgər bildirib ki, “Qırx batır” dastan silsiləsi yalnız epik irs nümunəsi kimi deyil, həm də türk xalqlarının tarixi yaddaşını və etnik-mədəni kimliyini əks etdirən mühüm mənbə kimi dəyərləndirilməlidir. O vurğulayıb ki, dastanlar xalqın keçmişi, dünyagörüşü və kollektiv özünüifadə formaları ilə sıx bağlıdır və bu baxımdan onların araşdırılması etnik kimliyin formalaşma proseslərini anlamaq üçün xüsusi əhəmiyyət daşıyır.

Professor Əfzələddin Əsgər qeyd edib ki, “Qırx batır” silsiləsi ilə bağlı tədqiqatlar yetərli deyil və bu epik irsin daha geniş elmi müstəvidə öyrənilməsinə ehtiyac var. O, müxtəlif dövrlərdə bəzi tarixi və mədəni mövzuların araşdırılmasına qoyulan məhdudiyyətlərin kollektiv yaddaşa təsir etdiyini diqqətə çatdıraraq, dastanların qorunmasının və sistemli şəkildə tədqiqinin türk xalqlarının ortaq mədəni irsinin yaşadılması baxımından vacib olduğunu bildirib. Çıxışda epik mətnlərin keçmişdən bu günə etnik kimlik təsəvvürlərinin formalaşmasında oynadığı rol da xüsusi vurğulanıb.

Daha sonra çıxış edən Folklor nəzəriyyəsi şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Füzuli Bayat təqdim olunan araşdırmada təsviri yanaşmanın analitik təhlildən üstün mövqe tutduğunu qeyd edərək, təfərrüatların metodoloji baxışlarla əvəzlənməsinin zəruriliyini və təhlilin gücləndirilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, tarixi, filoloji və təsviri materialların genişliyi araşdırmaların əhatə dairəsini artırsa da, mövzunun mahiyyətinin açılması üçün daha sistemli analizlərə ehtiyac vardır. Professor həmçinin elmi tədqiqatlarda analiz və təhlil anlayışlarının fərqləndirilməsinin zəruriliyini diqqətə çatdırıb.

Füzuli Bayat çıxışında tarixi şəxsiyyətlərinin zamanla epik qəhrəmanlara çevrilməsi prosesinin ayrıca araşdırma predmeti olduğunu qeyd edib, tarixi hadisələrin epik mətnlərə transformasiya mexanizmlərinin öyrənilməsinin əhəmiyyətini vurğulayıb. O, miqrasiya proseslərinin, xüsusilə noqayların tarixi taleyi və köçlərinin sosial-antropoloji, psixoloji və mədəni aspektlərdən tədqiqinin vacibliyinə toxunaraq folklor araşdırmalarında sosial və mədəni kontekstin nəzərə alınmasının əhəmiyyətini ön plana çəkib.

Müzakirələr zamanı çıxış edən Türk xalqları folkloru şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, professor Almaz Həsənqızı təqdim olunan məruzədə mövzuların daha sistemli şəkildə araşdırılmasının vacibliyini qeyd edib. O bildirib ki, elmi təqdimatlarda əsas istiqamətlərin və problemlərin əvvəlcədən müəyyənləşdirilərək slaydlar vasitəsilə ardıcıl təqdim olunması tədqiqatın məzmununun daha aydın qavranılmasına imkan yaradır. Professor həmçinin müəyyən sahələr üzrə Azərbaycanda araşdırmaların olmadığı barədə fikirlərlə razılaşmadığını bildirərək bütün mövcud elmi mənbələri əhatə etməyin mümkün olmadığını vurğulayıb. Almaz Həsənqızı çıxışında 1915-ci ilə aid tatar tarixi ilə bağlı araşdırmalarda Mamay xan, Edigey xan kimi tarixi şəxsiyyətlər haqqında məlumatların yer aldığını xatırladıb və bu mövzuların tarixşünaslıq mənbələrində əks olunduğunu qeyd edib. O, Orta Asiya tarixinin və türk xalqlarının keçmişinə dair məlumatların daha geniş şəkildə öyrənilməsinin vacibliyini vurğulayaraq iştirakçılara elmi araşdırmalarda tarixi mənbələrə diqqətli yanaşmağı tövsiyə edib.

Daha sonra filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Abbasov, filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Əmirli və filologiya üzrə fəlsəfə doktoru, dosent Səkinə Qaybalıyeva müzakirələrdə iştirak ediblər.

Sonda çıxış edən AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev qeyd edib ki, “Qırx batır” dastan silsiləsinin hansı prinsiplər əsasında bütöv epik sistem kimi birləşməsi problemi xüsusi araşdırma tələb edir. O bildirib ki, Azərbaycan-Anadolu coğrafiyasında formalaşan dastan ənənəsindən fərqli olaraq, Qazax-Noqay epik mühitində geneoloji ardıcıllıq, kollektiv qəhrəmanlıq modeli və tayfa yaddaşı üzərində qurulan epik struktur özünəməxsus mədəni xüsusiyyətlərlə seçilir. Direktor vurğulayıb ki, dastan silsiləsinin yalnız süjet və motiv səviyyəsində deyil, onu formalaşdıran sosial-mədəni mühit, kollektiv yaddaş və epik təfəkkür kontekstində öyrənilməsi vacibdir.

Hikmət Quliyev çıxışında həmçinin bildirib ki, müzakirələr zamanı irəli sürülən fikirlər və alim-mütəxəssislərin yanaşmaları nəzəri-metodoloji çərçivənin daha da gücləndirilməsinin zəruriliyini ortaya qoyur. Onun sözlərinə görə, məruzəçinin qarşısında duran əsas vəzifələrdən biri türk dastançılığı və epik ənənə ilə bağlı nəzəri mənbələri dərindən təhlil etmək, müasir nəzəri yanaşmaların tətbiqi əsasında sosial-mədəni gerçəkliyin eposdakı metaforik və simvolik təzahürlərini araşdırmaqdır. Direktor qeyd edib ki, qəhrəmanlıq mətnləri, epik ənənə və tarixi yaddaşla bağlı araşdırmalar yalnız folklor faktlarının təsviri ilə məhdudlaşmamalı, sosial-mədəni kontekst, kollektiv yaddaş, intertekstual əlaqələr və variantlararası münasibətlər sistemi daxilində təhlil olunmalıdır. O, tədqiqat prosesində sistemli yanaşmanın vacibliyini vurğulayaraq mürəkkəb problemlərin mərhələli şəkildə araşdırılmasının elmi nəticələrin daha əsaslandırılmış və dolğun şəkildə ortaya qoyulmasına imkan yaratdığını diqqətə çatdırıb.