Mifologiya şöbəsində fobik təsəvvürlər, mifik-bədii fəlsəfə və ritual poetikasına dair məruzələr dinlənilib

Mifologiya şöbəsində fobik təsəvvürlər, mifik-bədii fəlsəfə və ritual poetikasına dair məruzələr dinlənilib

15 May 2026, 11:53 / Konfranslar, İclaslar

AMEA Folklor İnstitutunun Mifologiya şöbəsində növbəti elmi seminar keçirilib. Seminarda şöbə əməkdaşları ilə yanaşı, Mərasim folkloru və milli kulinariya ənənəsi və “Dədə Qorqud” şöbələrinin alim və mütəxəssisləri iştirak ediblər.

Seminarda Mifologiya şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Qaliboğlu “Mif mətnlərində fobik təsəvvürlər” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi fobik təsəvvürlərin əcdad düşüncəsində rast gəlinən ifadə biçimlərinə və məzmununa diqqət çəkərək bildirib ki, folklor janrlarında – inanclarda, əfsanələrdə, rəvayətlərdə və digər nümunələrdə qorxu və mifoloji obrazlarla bağlı məqamların araşdırılması insan psixikasının təhlili baxımından da əhəmiyyətlidir.

Qeyd olunub ki, müxtəlif situasiyalarda insan ağlının çaşqınlığı, sarsıntılar və hadisələrin başvermə səbəblərini anlama imkanlarının məhdudluğu fobik təsəvvürlərin formalaşmasına zəmin yaradır. Məruzəçi vurğulayıb ki, insanın cəmiyyət qurması və varlığını təsdiq etməsi özünü dərketmə baxımından mühüm rol oynayıb. Əcdadın proseslərdə iştirak dərəcəsi artdıqca qorxu azalır, iştirak zəiflədikcə isə qorxu güclənir. Minilliklər ərzində formalaşmış fobik təsəvvürlər kütləvi şüurun ifadəsinə çevrilib. Bununla yanaşı, xalqın zəngin mifoloji duyumunu yaşadan mətnlərdə minillik müşahidələr, xeyirli inanclar, yaşamaq və yaratmaq əzmi öz əksini tapıb.

Elçin Qaliboğlu çıxışında qeyd edib ki, “təbiidir ki, mifoloji mətn hadisəni gerçəklikdə baş vermiş kimi təqdim edir. Bunsuz mahiyyətcə mifoloji mətn yoxdur. Gerçəkliküstü düşüncə zaman-zaman yerini gerçək düşüncəyə verdikcə mifoloji qənaət də adiləşir. İnsanın gerçəkliyi anlamaq qabiliyyəti yetkinləşir, gerçəklikdən ötə olanı dərk etmək imkanına yetir”. Bildirilib ki, əfsanələrin mayasında duran kosmoqonik yaradılış təsəvvürlərinin əsasında əcdadların təbiət ruhunu insaniləşdirmək və onunla doğmalıq yaratmaq istəyi dayanırdı. Bu səbəbdən mifoloji düşüncədə çevrilmə motivləri təbii və qəbulolunan sayılırdı.

Elçin Qaliboğlu Ərdo obrazı ilə bağlı təsəvvürlərin insanlıq tarixinin dərin qatlarından formalaşdığını, gerçəklikdəki hadisələrlə assosiasiya olunduğu bildirib. Daha çox inanclarda rast gəlinən cinlərin “qəzəbləndirilməməsi” üçün gecə vaxtı evdən bayıra qaynar su atmamaq qadağası kimi nümunələrin uzun müddət ənənəvi düşüncədə yaşadığı vurğulanıb. Bununla yanaşı, müasir dövrdə elmi-texniki inkişaf, informasiya texnologiyalarının və internetin geniş yayılması nəticəsində bu inancların təsirinin zəiflədiyi qeyd olunub. Günəş tutulması ilə bağlı qədim davranış modellərinin əvvəlki dövrlərlə müqayisədə artıq aktuallığını itirməsi buna nümunə göstərilib. Al arvadı (Hal anası) obrazı ilə bağlı Azərbaycan və Anadolu mifoloji mətnlərinin insanın keçmiş yaşantılarının və bu günkü özünüöyrənmə prosesinin təhlilində əhəmiyyətli ipucları verdiyi bildirilib. Eyni zamanda vurğulanıb ki, bu kimi inanclara meyillilik altşüur səviyyəsində hələ də qalmaqdadır və bu, təbii hal hesab edilməlidir.

Daha sonra şöbənin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Sevinc Qasımova “Dədə Qorqud dastanının mifik-bədii fəlsəfəsi” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi bildirib ki, “Dədə Qorqud” dastanı Oğuz babalarımızın yaratdığı möhtəşəm sənət əsəri olmaqla yanaşı, son dərəcə zəngin, çoxqatlı məna sisteminə malikdir. Dastanın hər bir cümləsi və ifadəsi dərin məna qatları daşıdığı üçün tədqiq olunduqca yeni mənalar üzə çıxır.

Qeyd olunub ki, “Dədə Qorqud” dastanı təkcə keçmişi deyil, bu günü və gələcəyi də özündə əks etdirir. Mətn hadisələri keçmiş zamana aid etsə də, dastanda ifadə olunan fəlsəfi qatlar zamanlararası məna yükü daşıyır. Məruzəçi vurğulayıb ki, dastanın fəlsəfi sistemi və bu fəlsəfəni təcəssüm etdirən Dədə Qorqud obrazı bilavasitə mifin məntiqi sistemini, yəni mifik fəlsəfəni əks etdirir və bu fəlsəfə bədii dillə təqdim olunur. Bu səbəbdən həmin fəlsəfi sistemi “mifik-bədii fəlsəfə” adlandırmaq daha doğru hesab edilir.

Sonda bildirilib ki, “Dədə Qorqud” dastanında əks olunan fəlsəfə mahiyyətcə mifik fəlsəfədir və bu fəlsəfə bədii dillə ifadə olunduğuna görə “mifik-bədii fəlsəfə” anlayışı ilə xarakterizə olunmalıdır. Həmçinin qeyd edilib ki, dastanda mifik fəlsəfəni bilavasitə təcəssüm etdirən əsas obraz Dədə Qorquddur.

Seminarın davamında şöbənin digər böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Vüsalə Nəsibova “XX əsr sovet totalitarizm dövrü poeziyasında ritualın eksplisit və implisit ifadə planları” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə vurğulanıb ki, ədəbiyyat və mərasim tarixən sıx bağlı olub, bu bağlılıq ilk növbədə mərasim folklorunda özünü göstərib. Mərasimlərdə istifadə olunan nəğmələr və digər sözlü folklor nümunələri bu əlaqənin əsas göstəricilərindəndir.

Məruzəçi qeyd edib ki, Novruz ritual kompleksinin təbiətin, cəmiyyətin və zamanın yaranması ilə bağlı mifoloji ünsürləri ən qədim dövrlərdən bu günə qədər kosmoqonik konseptlər kimi Azərbaycan ədəbiyyatında yaşamaqda davam edib. Bildirilib ki, Novruzla bağlı ritual-mifoloji ənənələr müxtəlif adlar altında mövcud olmuş, sonrakı dini və ideoloji mərhələlərdə simvolik şəkildə qorunub saxlanılmışdır.

Nəticə olaraq vurğulanıb ki, XX əsr Azərbaycan ədəbiyyatında Novruz mövzusu siyasi-ictimai hadisələrin təsiri ilə müxtəlif poetik interpretasiyalara məruz qalıb. Müstəqil Azərbaycan Cümhuriyyəti dövründə Novruz milli istiqlalın rəmzi kimi təqdim olunsa da, sovet hakimiyyəti illərində bu bayrama qarşı ciddi ideoloji mübarizə aparılıb və onun tərənnümü qadağan edilib. Lakin Novruzun milli yaddaşdan silinməsi mümkün olmayıb. Məruzədə qeyd olunub ki, bu mübarizə nəticəsində ədəbiyyatda nominativ əvəzlənmə prosesi yaranıb və sənətkarlar Novruzu açıq şəkildə deyil, “bahar” obrazı vasitəsilə ifadə etməyə başlayıblar. Beləliklə, poeziyada eksplisit və implisit ifadə planları formalaşıb; şairlər zahirdə baharı tərənnüm etsələr də, mətnaltı səviyyədə Novruz ideyasını yaşadıblar.

Sonda çıxışlar ətrafında geniş fikir mübadiləsi aparılıb.