XƏBƏRLƏR
94
Folklor İnstitutunda elmi seminar: “Kitabi-Dədə Qorqud” dastanındakı atalar sözləri və məsəllərin poetik xüsusiyyətləri” məsələsi müzakirə olunub
14 May 2026, 14:51 / Konfranslar, İclaslar
AMEA Folklor İnstitutunun "Dədə Qorqud" şöbəsində elmi seminar keçirilib. Elmi seminarda Dədə Qorqud şöbəsinin böyük elmi işçisi Nailə Mirzəyevanın “Kitabi-Dədə Qorqud” dastanındakı atalar sözləri və məsəllərin poetik xüsusiyyətləri” mövzusunda məruzəsi dinlənilib.
Məruzəçi əvvəlcə atalar sözləri və məsəllərin Azərbaycan folklorunun ən qədim və zəngin janrlarından biri olduğunu vurğulayaraq bildirib ki, atalar sözləri xalqın əsrlər boyu qazandığı həyat təcrübəsinin, dünyagörüşünün və hikmətinin bədii ifadəsidir. N.Mirzəyeva atalar sözləri və məsəllərin təkcə danışıq dilini zənginləşdirmədiyini, həm də xalqın mənəvi yaddaşını qoruyub saxladığını diqqətə çatdırmışdır.
N. Mirzəyeva öz çıxışında həmçinin atalar sözləri ilə məsəllərin bir-birinə yaxın janrlar olduğunu, lakin onların müəyyən fərqli xüsusiyyətlərə malik olduğunu da nəzərə çatdırmışdır. O, xüsusilə “Kitabi-Dədə Qorqud” dastanında yer alan paremik vahidlərin Azərbaycan folklorunun qədim nümunələri kimi mühüm əhəmiyyət daşıdığını bildirmişdir. Müəllif dastanın “Müqəddimə” hissəsindəki atalar sözləri və zərbi-məsəllərin boyların ideya məzmununu anlamaq üçün açar rolu oynadığını vurğulamışdır. Məruzədə Dədə Qorqudun müdrik şəxsiyyət kimi oğuzların problemlərini həll etməsi, igidlərə ad verməsi, söylədiyi hikmətli kəlamların xalq yaddaşında yaşaması və digər məqamlar barədə geniş şəkildə izahlar verilmişdir.
Məruzəçi öz tədqiqatında atalar sözlərinin poetik xüsusiyyətlərinə də xüsusi diqqət ayırmışdır. Onun fikrincə, qısalıq, yığcamlıq, ritm, qafiyə və obrazlılıq bu janrın əsas xüsusiyyətlərindəndir. Dastanın müqəddimə hissəsində və ayrı-ayrı boylarda təsvir olunan atalar sözləri və məsəllərə diqqət çəkən, çoxsaylı örnəkləri nümunə kimi göstərən müəllif sözügedən janr daxilindəki metaforik düşüncənin üstünlüyündən bəhs etmişdir. N.Mirzəyeva nəticə olaraq vurğulamışdır ki, atalar sözləri və məsəllər həm yüksək bədii-estetik dəyərə malikdir, həm də milli-mənəvi dəyərlərin gələcək nəsillərə ötürülməsində mühüm rol oynayır.
Seminarda iştirak edən digər əməkdaşlar – Dədə Qorqud şöbəsinin müdiri, filologiya elmləri doktoru, prof. Ramazan Qafarlı, fil.ü.f.d., dosent Xuraman Kərimova, fil.ü.f.d., dosent Aynurə Səfərova, fil.ü.f.d. Xalidə Məmmədova, elmi işçi Gülxarə Əhmədova, həmçinin Türk xalqları folkloru şöbəsinin baş elmi işçisi, filologiya elmləri doktoru, prof. Almaz Həsənqızı da mövzu ətrafında çıxış edərək öz fikirlərini söyləmişlər.
Prof. R.Qafarlı N.Mirzəyevanın seminarda müzakirə olunan məruzəsini ümumi istiqamət baxımından aktual olduğunu və müəllifin “Kitabi-Dədə Qorqud” kontekstində paremioloji vahidlərin poetik xüsusiyyətlərini araşdırmağa çalışdığını söyləmişdir. R.Qafarlının fikrincə, mövzunun seçimi uğurludur, çünki dastandakı atalar sözləri və məsəllərin poetik sistemi ayrıca tədqiqat obyekti kimi həqiqətən mühüm elmi potensiala malikdir. Professor həmçinin məqalənin elmi-nəzəri və metodoloji səviyyəsində ciddi problemlərin, struktur baxımından qeyri-dəqiqliklərin, konseptual boşluqların olduğunu vurğulamışdır. Bütün çıxışlar və təkliflər nəzərə alınaraq məruzəçiyə mövzunun daha dərindən işlənməsi, tədqiqatın müqayisəli formada aparılması istiqamətində müəyyən tövsiyyələr verilmişdir.
© Bütün hüquqlar qorunur. İnformasiyadan istifadə edərkən www.folklor.az saytına istinad zəruridir.




