XƏBƏRLƏR
“Dədə Qorqud” jurnalının 91-ci sayında qorqudşünaslıq, “Sarı gəlin”, “Koroğlu” və yeni folklor nümunələri
Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun elmi-ədəbi nəşri olan "Dədə Qorqud" jurnalının 2025-ci il üzrə IV (91) sayı işıq üzü görüb. AMEA Folklor İnstitutu Elmi Şurasının qərarı ilə çap olunan toplu qorqudşünaslıq, folklorşünaslıq, türk epik yaddaşı, aşıq sənəti, regional folklor mühiti və müasir mədəni irs problemlərinin araşdırılması baxımından mühüm elmi platforma kimi çıxış edir.
Jurnalın baş redaktoru filologiya elmləri doktoru, professor Ramazan Qafarlı, baş redaktorun müavini filologiya üzrə fəlsəfə doktoru, dosent Aynurə Səfərova, məsul katibi isə filologiya üzrə fəlsəfə doktoru Xalidə Məmmədovadır. Redaksiya heyətində Azərbaycan və türk dünyasının tanınmış alimləri, akademikləri və beynəlxalq tədqiqatçıları təmsil olunur.
Toplunun 2025/IV sayı “Qorqudşünaslıq: axtarışlar, aşkarlamalar”, “Folklorşünaslıq: problemlər, tədqiqlər”, “Yeni nəşrlər” və “Azərbaycan folklorundan yeni nümunələr” bölmələrindən ibarətdir. Sayda qorqudşünaslıq üzrə üç, folklorşünaslıq istiqamətində altı elmi məqalə, bir təqdimat-resenziya və müxtəlif bölgələrdən toplanmış folklor materialları yer alıb.
“Qorqudşünaslıq: axtarışlar, aşkarlamalar” bölməsində professor Ramazan Qafarlı, filologiya üzrə fəlsəfə doktoru Xalidə Mete və İmran Verdiyevın məqalələri təqdim olunub.
“Folklorşünaslıq: problemlər, tədqiqlər” bölməsində isə filologiya elmləri doktoru Hikmət Quliyevin “Azaflı” təxəllüsünün psixosemantikası: sosial protestin latent məna qatı” adlı məqaləsi, professor Ramazan Qafarlının “Sarı gəlin” xalq mahnısı ilə bağlı araşdırması, Əpoş Vəliyevin “Naxçıvanda qədim çörək bişirmə ənənəsi”, Orxan İsayevin “Koroğlu dastanında İraq-Türkman izi”, Elçin Qaliboğlunun “Oğuznamə”lərdə mifik yaradılış konsepsiyası və Samir Səttarovun rus dilində təqdim olunan məqaləsi yer alıb.
“Yeni nəşrlər” bölməsində Asif Hacılının professor Ramazan Qafarlının elmi yaradıcılığına həsr olunmuş resenziyası təqdim edilib.
“Azərbaycan folklorundan yeni nümunələr” bölməsində Yardımlı folklor ekspedisiyası materialları, Qərbi Azərbaycan folklor nümunələri və “Koroğlu” dastanının Təbriz variantı dərc olunub. Variantın Həsən Dilavər tərəfindən Aşıq Əli Kərimidən qeydə alındığı bildirilir.
Qeyd edək ki, “Index Copernicus” sisteminə daxil olan “Dədə Qorqud” elmi-ədəbi toplusunda işıq üzü görən məqalələr 2023-cü ildən həm də DOI indeksi ilə dərc edilir.