XƏBƏRLƏR
Folklor İnstitutunda elmi seminar: türk xalqları folklorunda ortaq komik personajlar məsələsi müzakirə olunub
AMEA Folkor İnstitutunun Türk xalqları folkloru şöbəsində növbəti elmi seminar keçirilib. Elmi seminarda Türk xalqları folkloru şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Əmirlinin “Türk xalqları folklorunda ortaq komik personajlar” mövzusunda məruzəsi dinlənilib.
Məruzəçi əvvəlcə Azərbaycan folkloruna xas komik personajlarla bağlı aparılan tədqiqatlar haqqında məlumat verərək qeyd edib ki, T.Fərzəliyev, M.İmanov, Ə.Əsgər, H.Quliyev, A.Cəlilova və digər tədqiqatçılar müxtəlif dövrlərə aid araşdırmalarında folklorumuza xas komik personajlar, onların sosial funksiyası, gülüşlə əlaqəsinin şəkilləri və digər xüsusiyyətlərdən bəhs etmişlər.
Məruzəçi daha sonra qeyd etmişdir ki, məruzənin əsas məqsədi türk xalqları folkloruna xas ortaq komik personajların aşkar olunması, onların aid olduğu qəliblərin müəyyən edilməsidir. Belə ki, bu problemi tədqiq edərkən yalnız lətifələrlə kifayətlənmək olmaz. Folklorun digər epik janrlarına aid nümunələrdə də müəyyən komik epizodlar və onun iştirakçısı olan komik personajlar var. Lətifələrdə əsas məqsəd güldürməkdir, süjet komik vəziyyəti təsvir edir, burada əsas rolu komik personajlar oynayır. Deməli personajın gülüşlə əlaqəsi baxımından lətifə ilə digər nümunələr fərqlənir: komik personaj süjetdə ya əsas rola malikdir, ya da müşayiətedici xüsusiyyət daşıyır.
Elnarə Əmirli daha sonra vurğulayıb ki, Azərbaycan folklorunun özünəməxsus komik personajları vardır ki, bunların bir çoxu türk xalqlarına xas ortaq personajlardır. Türk xalqlarına məxsus şifahi örnəklərə istinad edərək Molla Nəsrəddin, Şah və təlxək, Keçəl, Kosa, Cırtdan, Noxudbala və s. kimi qəliblər müəyyən edilmişdir. Bu personajlar digər türk xalqlarına xas nümunələrdə fərqli şəkildə adlandırılsalar da, oxşar funksiya icra etməsi, oxşar xüsusiyyətləri daşıması baxımından onları uyğun qəliblərə aid etmək mümkündür. Məruzəçi hər bir personajla bağlı müxtəlif türk xalqları folklorundan örnəklərlə fikirlərini daha da əyaniləşdirib.
Məruzəçi çıxışının sonunda vurğulayıb ki, Azərbaycan folklorunda komik personajlar etnik düşüncənin və sosial şüurun əsas daşıyıcılarıdır. Onlar eyni vaxtda həm tənqidçi, həm müəyyən mənada qoruyucu, uyğun olaraq tərbiyəedici və psixoloji cəhətdən rahatlıqverici personajlar kimi çıxış edirlər. Bu çoxfunksiyalılıq onların folklorda uzunömürlü olmasını şərtləndirir.
Sonda Türk xalqları folkloru şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Əfzələddin Əsgər çıxış edərək mövzu ilə bağlı məruzəçiyə öz tövsiyələrini verib. Şöbənin baş elmi işçisi, filologiya elmləri doktoru, professor Almaz Həsənqızı, aparıcı elmi işçi filologiya üzrə fəlsəfə doktoru, dosent Ləman Süleymanova, böyük elmi işçi filologiya üzrə fəlsəfə doktoru, dosent Qumru Şəhriyar, “Dədə-Qorqud” şöbəsinin aparıcı elmi işçisiləri filologiya üzrə fəlsəfə doktoru, dosent Aynurə Səfərova və filologiya üzrə fəlsəfə doktoru Xalidə Məmmədova məruzə ətrafında çıxış ediblər.




