XƏBƏRLƏR
Folklor İnstitutunun əməkdaşı Əliyar Qarabağlının 125 illiyinə həsr olunan yubiley tədbirində çıxış edib
2026-cı il mayın 1-də Xəzər Universitetidə görkəmli pedaqoq, ədəbiyyatşünas, ədəbiyyatın tədrisi metodikası sahəsində çoxsaylı elmi əsərlərin müəllifi Əliyar Qarabağlının anadan olmasının 125 illiyi münasibətilə “Müəllim ömrü” adlı yubiley tədbiri keçirilib.
Tədbirdə AMEA Folklor İnstitutunun Dədə Qorqud şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Xuraman Kərimova çıxış edib, Əliyar Qarabağlının elmi-pedaqoji yaradıcılığının əsas məziyyətlərindən bəhs edib.
Məruzəçi qeyd edib ki, Əliyar Qarabağlının elmi tədqiqatlarında Azərbaycan folkloru xüsusi yer tutub. O, bir pedaqoq kimi təhsildə millilik prinsipinə önəm verib, tərtib etdiyi dərsliklərdə şifahi xalq ədəbiyyatı nümunələrindən geniş istifadə edib.
Xuraman Kərimova həmçinin vurğulayıb ki, alimin 1946-cı ildə tərtib etdiyi II sinif “Ana dili” dərsliyi dəfələrlə nəşr olunub, uzun illər istifadəyə yararlı olub.
Çıxışda dərsliyin uzunömürlü olmasının səbəbləri konkret faktlarla əsaslandırılıb. Bildirilib ki, müəllif mətn seçimi zamanı şagirdlərin dünyagörüşünü, yaş xüsusiyyətlərini, maraq dairəsini və psixoloji hazırlığını nəzərə alıb.
Folklor nümunələrinə xüsusi önəm verilməsini isə bu mətnlərin daha asan qavranılması, yadda qalması, dilinin sadə və anlaşıqlı olması, həmçinin nəzm nümunələrinin ritmik və qafiyəli quruluşa malik olması ilə izah edib.
Daha sonra Xuraman Kərimova Əliyar Qarabağlının müəllimlər üçün yazdığı metodik vəsaitlərin dərs prosesinin səmərəli təşkili və materialın daha dolğun mənimsənilməsində mühüm rol oynadığını qeyd edib.
Məruzəçinin çıxışı tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.








