Folklor İnstitutunda elmi seminar: bədii nəsrdə folklorun transformasiyası müzakirə olunub

Folklor İnstitutunda elmi seminar: bədii nəsrdə folklorun transformasiyası müzakirə olunub

05 May 2026, 14:04 / Konfranslar, İclaslar

AMEA Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsində növbəti elmi seminar keçirilib. Seminarda institutun əməkdaşları ilə yanaşı, Sumqayıt Dövlət Universitetinin və Bakı Slavyan Universtitetinin Folklor İnstitutunda elmi-tədqiqat təcrübəsi keçən IV kurs tələbələri də iştirak ediblər.

Elmi seminarda əvvəlcə Folklor və yazılı ədəbiyyat şöbəsinin aparıcı elmi elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Gülsümxanım Hasilovanın “Kamal Abdullanın “Sirlərin sərgüzəşti” romanında folklor motivləri” mövzusunda məruzəsi dinlənilib.

Məruzədə qeyd olunub ki, Xalq yazıçısı, Əməkdar elm xadimi, akademik Kamal Abdullanın  bədii irsi  folklor qaynaqlarından bəh­rələnmə, onlara  ya­­radıcı şəkildə yanaşılma baxımından  seçilir. Yazıçı romanlarında, eləcə də povest və hekayələrində  mövzu və onun bədii həlli, qəhrəmanların mənəvi-əxlaqi səciyyəsi, tarixi dövrün sosial-fəlsəfi dərkində folklor mövzu və motivlərinə, folklor poetikasına istinad edir.

Məruzəçi vurğulayıb ki, Kamal Abdulla “Sirlərin sərgüzəşti” romanında xalq məişətinin keçmiş dövrdən müasir günümüzə gələn mərasimlərini əsərin düşüncəsinə uyğun olaraq nəsrə gətirir. “Sirlərin sərgüzəşti” romanında keçmişə müraciət,  müəyyən sənədlilik prinsipləri qorunsa da, yazıçının sərbəstliyi, fakt  və əhvalatlara yaradıcı, emosional münasibətinin dominantlığı daha çox diqqəti cəlb edir. “Kamal Abdulla böyük folklor xəzinəsini yazılı ədəbiyyata gətirməyin mexanizmini müəyyənləşdirir. Şifahi xalq yaradıcılığı nümunələrinə müraciət edən yazıçı əsərlərinə canlı dil, romantik əhvali-ruhiyyə, güclü xarakterlər gətirməklə onların bədii kamilliyini daha da zənginləşdirir”, – deyə Gülsümxanım Hasilova məruzəsini yekunlaşdırıb.

Sonra Folklor və yazılı ədəbiyyat şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəbnəm Məmmədova “Azərbaycan nəsrində folklora müraciət müəllifin bədii priyomu kimi (1960-1980-ci illər)” mövzusunda məruzəsini təqdim edib.

Məruzədə bildirilib ki, 1960-1980-ci illər Azərbaycan nəsri üçün həm ideya-məzmun, həm də bədii forma baxımından yeniləşmə dövrü hesab olunur. Bu mərhələdə yazıçılar yalnız müasir həyat hadisələrini təsvir etməklə kifayətlənmir, eyni zamanda milli-mənəvi köklərə, xalqın yaddaşına, folklor irsinə üz tuturlar. Folklora müraciət sadəcə ənənəyə bağlılıq deyil, müəllifin şüurlu şəkildə seçdiyi mühüm bədii priyom kimi çıxış edir və əsərlərin ideya-estetik yükünü gücləndirir.

Bu dövrdə folklor elementləri – mifoloji obrazlar, əfsanələr, nağıl motivləri, atalar sözləri, deyimlər və xalq inancları nəsr əsərlərinin strukturuna üzvi şəkildə daxil edilir. Folklor motivləri əsərlərdə simvolik və metaforik səviyyədə işlənərək milli kimliyin qorunmasına və bədii düşüncənin zənginləşməsinə xidmət edir.

Məruzədə nəzərə çatdırılıb ki, İsa Hüseynov (Muğanna), Anar və Elçin kimi yazıçıların yaradıcılığında folklora müraciət xüsusilə diqqətəlayiqdir. İsa Hüseynovun əsərlərində mifoloji təfəkkür və arxaik dünyagörüşü müasir insanın mənəvi problemləri ilə vəhdətdə təqdim olunur. Anarın nəsrində folklor daha çox psixoloji və simvolik çalarlarla çıxış edir, insanın yaddaşı və keçmişlə əlaqəsi ön plana çəkilir. Elçinin yaradıcılığında isə folklor elementləri ironik və bəzən də postmodern yanaşma ilə yenidən işlənir, ənənə ilə müasirlik arasında dialoq yaradılır.

1960-1980-ci illər Azərbaycan nəsrində folklora müraciət yazıçıların bədii təfəkkürünü zənginləşdirən, əsərlərə dərinlik və çoxqatlılıq qazandıran mühüm priyomdur. Bu tendensiya milli ədəbiyyatın inkişafında əhəmiyyətli rol oynamış, ənənə ilə müasirliyin sintezini təmin edərək Azərbaycan nəsrinin estetik imkanlarını genişləndirmişdir.

Sonda təqdim olunan mövzular ətrafında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.