XƏBƏRLƏR
Folklor İnstitutunda paremioloji vahidlərin koqnitiv-semantik təhlilinə həsr olunmuş elmi seminar keçirilib
AMEA Folklor İnstitutunda hibrid formatda növbəti elmi seminar təşkil olunub. Tədbirdə İnstitutun şöbə müdirləri, alim və mütəxəssislər, eləcə də doktorant və dissertantlar iştirak ediblər. Tədbirdə Folklor nəzəriyyəsi şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Çiçək Əfəndiyeva “Azərbaycan paremioloji vahidlərinin koqnitiv-semantik təhlili” mövzusunda məruzə ilə çıxış edib.
Seminarı açan institutun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev çıxışında tədbirin əsas məqsədinin müasir humanitar elmlərdə genişlənməkdə olan koqnitiv yanaşmaların folklor materiallarına tətbiq imkanlarını müzakirə etmək olduğunu bildirib. O qeyd edib ki, atalar sözləri və məsəllər yalnız dil vahidi kimi deyil, həm də kollektiv düşüncənin strukturunu əks etdirən mürəkkəb semantik sistem kimi araşdırılmalıdır. Direktorun sözlərinə görə, bu istiqamətdə aparılan tədqiqatlar folklorşünaslıqla yanaşı, dilçilik və semiotika üçün də yeni analitik çərçivələr yaradır.
Daha sonra məruzə ilə çıxış edən dosent Çiçək Əfəndiyeva koqnitiv yanaşmanın mahiyyətinə toxunaraq bildirib ki, müasir tədqiqatlarda dil hadisələri insanın idrak fəaliyyəti ilə ayrılmaz şəkildə öyrənilir. Onun fikrincə, insan reallığı sadəcə əks etdirmir, onu mənalandırır, strukturlaşdırır və mədəni kodlara çevirir.
Məruzəçi çıxışında koqnitiv elmin disiplinlərarası xarakter daşıdığını xüsusi vurğulayaraq, bu sahənin psixologiya, linqvistika, antropologiya və digər istiqamətlərlə sıx əlaqədə inkişaf etdiyini qeyd edib. O, paremioloji vahidlərin təhlilində “konsept”, “diskurs” və xüsusilə “freym” anlayışlarının mühüm rol oynadığını konkret nümunələrlə izah edib.
Məruzənin növbəti hissəsində diqqət “freym” anlayışının izahına yönəlib. Çiçək Əfəndiyeva bu kateqoriyanı biliklərin təşkili və qavranılması üçün əsas modellərdən biri kimi xarakterizə edib. Onun fikrincə, atalar sözləri və məsəllər konkret situasiyaları və sosial davranış normalarını kodlaşdıran freym strukturları kimi fəaliyyət göstərir.
Qeyd olunub ki, bu tip yanaşma paremioloji vahidlərin daxili semantik qatlarını üzə çıxarmağa imkan verir və onları xalqın dünyagörüşünü əks etdirən bilik modeli kimi şərh etməyə şərait yaradır.
Məruzədə “konsept” anlayışı da geniş şəkildə izah olunub. Bildirilib ki, konseptlər insanın təcrübəsini, biliyini və mədəni yaddaşını özündə birləşdirən çoxqatlı strukturlardır. Azərbaycan paremioloji materialı əsasında həyat, zaman, ailə, zəhmət, inanc və dostluq kimi əsas anlayışların konseptual səviyyədə formalaşdığı vurğulanıb.
Folklor diskursunun quruluşuna toxunularkən qeyd edilib ki, atalar sözləri və məsəllər çox vaxt mətnin əvvəlində və sonunda yer alaraq onun semantik çərçivəsini müəyyənləşdirir. Bu xüsusiyyət onların mətn daxilində yalnız tamamlayıcı deyil, strukturlaşdırıcı funksiya daşıdığını göstərir.
Konkret nümunələr əsasında aparılan təhlillər göstərib ki, paremioloji vahidlərin müxtəlif mətnlərdə təkrar istifadəsi onları dayaq elementlərinə çevirir. Bu hal xüsusilə epik mətnlərdə və xalq nəsri nümunələrində daha aydın müşahidə olunur.
Məruzə ətrafında geniş elmi müzakirə aparılıb, müxtəlif yanaşmalar səsləndirilib.
Folklor nəzəriyyəsi şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Füzuli Bayat çıxışında paremioloji vahidlərin nəzəri interpretasiyası məsələsinə geniş toxunub. O bildirib ki, atalar sözləri və məsəllər yalnız dilin sabit ifadə formaları deyil, həm də xalqın dünyanı qavrama modelini əks etdirən konseptual sistemlərdir. Alimin fikrincə, bu vahidlərin semantik yükü onların istifadə olunduğu sosial-mədəni kontekstlə birbaşa bağlıdır. O xüsusi vurğulayıb ki, eyni paremioloji vahid müxtəlif situasiyalarda fərqli məna çalarları qazana bilər və bu səbəbdən onların təhlilində yalnız struktur yanaşma kifayət etmir, diskursiv və antropoloji baxış da zəruridir. Füzuli Bayat həmçinin qeyd edib ki, bu materialların interpretasiyasında tarixilik prinsipi nəzərə alınmadan aparılan tədqiqatlar natamam nəticələr verir.
Türk xalqları folkloru şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Əfzələddin Əsgər çıxışında bildirib ki, paremioloji vahidlərin tədqiqi üçün ilk və ən vacib mərhələ onların mümkün qədər geniş şəkildə toplanması və sistemləşdirilməsidir. Onun fikrincə, dağınıq şəkildə mövcud olan folklor materialları vahid elmi korpus halına gətirilmədən aparılan hər bir analiz məhdud xarakter daşıyır. Professor vurğulayıb ki, təsnifat prinsipləri yalnız formal bölgü kimi deyil, həm də semantik strukturun aşkara çıxarılması vasitəsi kimi nəzərdən keçirilməlidir. O əlavə edib ki, müxtəlif türk xalqları materialları arasında müqayisəli bazanın formalaşdırılması gələcək tədqiqatlar üçün mühüm istiqamət açır.
Mərasim folkloru və milli kulinariya ənənələri şöbəsinin müdiri, filolofiya elmləri doktoru Ağaverdi Xəlil çıxışında empirik materialın roluna xüsusi diqqət yetirib. O qeyd edib ki, paremioloji vahidlərin funksional xüsusiyyətləri onların real mətnlərdə necə işlənməsindən asılı olaraq daha aydın görünür. Onun fikrincə, bu vahidlər yalnız mənanı ifadə etmir, həm də kommunikativ situasiyanı yönləndirir, bəzən isə emosional ton yaradır. Alim xüsusilə vurğulayıb ki, yemək mədəniyyəti, məişət və gündəlik davranışla bağlı paremioloji nümunələrdə səbəb–nəticə və müqayisə modelləri daha qabarıq şəkildə müşahidə olunur. O həmçinin qeyd edib ki, müxtəlif folklor məktəblərinin (Rusiya, Çin, Yaponiya) təcrübəsi ilə müqayisəli təhlil Azərbaycan materiallarının daha dərindən anlaşılmasına imkan yarada bilər.
Mifologiya şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Qaliboğlu çıxışında paremioloji vahidlərin semantik çevikliyi və diskurs daxilində dəyişkən davranışı məsələsini ön plana çəkib. O bildirib ki, eyni atalar sözü müxtəlif mətnlərdə fərqli emosional və məna yükü ilə çıxış edə bilər. Alimin fikrincə, bu xüsusiyyət paremioloji vahidləri statik deyil, dinamik sistem kimi xarakterizə edir. O əlavə edib ki, bəzi hallarda bu vahidlər ironik çalar qazanaraq ilkin mənasından uzaqlaşır, lakin yenə də kommunikativ effektivliyini qoruyur. Bu isə onların müasir folklor mühitində yaşarlığını təmin edən əsas amillərdən biridir.
Folklor İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Afaq Ramazanova qeyd edib ki, atalar sözləri və məsəllərin müxtəlif mənbələrdə fərqli variantlarda təqdim olunması tədqiqatçılar üçün ciddi metodoloji çətinliklər yaradır. Onun fikrincə, bu materialların müqayisəli təhlili zamanı variantların mənşəyi, işlənmə forması və kontekst fərqləri diqqətlə nəzərə alınmalıdır. Alim həmçinin vurğulayıb ki, bəzi hallarda orijinal folklor formalarının qorunması sonrakı elmi təhlillərin daha dəqiq aparılmasına imkan verir və bu baxımdan arxiv materiallarının sistemləşdirilməsi xüsusi əhəmiyyət daşıyır.
Yekun olaraq Hikmət Quliyev çıxış edərək müzakirələri ümumiləşdirib. O bildirib ki, səsləndirilən fikirlər paremioloji vahidlərin koqnitiv-semantik təhlilinin çoxşaxəli elmi yanaşma tələb etdiyini bir daha göstərdi. Direktor qeyd edib ki, bu istiqamətdə aparılan tədqiqatlar folklorşünaslıq, dilçilik və koqnitiv elmlər arasında inteqrasiyanı gücləndirir və yeni metodoloji imkanlar yaradır. Onun sözlərinə görə, təqdim olunan məruzə bu sahədə gələcək araşdırmalar üçün nəzəri və praktik baza rolunu oynaya bilər.









