XƏBƏRLƏR
Folklor İnstitutunun professoru Türkiyədə beynəlxalq simpoziumda çıxış edib və bir sıra elmi-mədəni tədbirlərdə iştirak edib
17–18 aprel 2026-cı il tarixlərində Türkiyə Respublikasının Çorum şəhərində yerləşən Hitit Universitetində “III Beynəlxalq Türküstandan Anadoluya İrfan Gələnəyi: Hüseyn Qazi” simpoziumu keçirilib. Tədbirdə AMEA Folklor İnstitutunun professoru, Folklor nəzəriyyəsi şöbəsinin müdiri Füzuli Bayat iştirak edərək açılış iclasında məruzə ilə çıxış edib.
Professor Füzuli Bayat “Seyyid Hüseyin Gazi: tarixi bir şəxsiyyətin mənqəbəvi transformasiyası” mövzusunda təqdimatında tarixi şəxsiyyətlərin epik kimlik qazanması, dastanlaşma prosesi, eləcə də Anadolu və Azərbaycanda “Battal Qazi” dastanının formalaşma mərhələləri, mif, əfsanə və tarixi reallıq arasındakı qarşılıqlı əlaqələr məsələlərini elmi şəkildə təhlil edib.
Simpoziumdan sonra 19 aprel 2026-cı il tarixində professor Füzuli Bayat Türkiyənin “Tele News” kanalında yayımlanan “Dansın ritmi” proqramının qonağı olub. Proqram çərçivəsində “Şamandan halaya və yallıya: Azərbaycanda oyun və rəqsin fəlsəfəsi və simvolikası” mövzusunda çıxış edən alim, türk xalqlarının rəqs mədəniyyətinin mənəvi kökləri, ritual mənşəyi və simvolik məzmunu barədə fikirlərini bölüşüb.
Həmin gün professor Füzuli Bayat Türkiyə Respublikasının Qızıl Aypara Cəmiyyətinin gəncləri üçün “Türk dünyasının təşkilatlanma strategiyası: sosial-mədəni paradiqma” mövzusunda ustad dərsi də keçib. Ustad dərsində türk dünyasında birliyin formalaşmasının əsas istiqamətləri kimi ortaq tarix, ortaq dil, ortaq əlifba və ortaq strateji hədəflərin əhəmiyyəti xüsusi vurğulanıb.




