XƏBƏRLƏR
AMEA Folklor İnstitutunun əməkdaşları "Ovqat" verilişində çıxış ediblər
Mədəniyyət kanalının “Ovqat” verilişinin növbəti buraxılışı Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Səməd Vurğunun yaradıcılığına həsr olunub. Verilişdə Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun əməkdaşları – filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova və filologiya üzrə fəlsəfə doktoru, dosent Atif İslamzadə qonaq olublar.
Verilişdə Səməd Vurğun poeziyasının əsas xüsusiyyətləri, onun əsərlərində vətənpərvərlik ideyaları, insan duyğuları və milli-mənəvi dəyərlərin bədii ifadəsi geniş şəkildə müzakirə olunub. Çıxış edən institut əməkdaşları şairin zəngin ədəbi irsinin bu gün də aktuallığını qoruduğunu, müxtəlif nəsillər üçün mənəvi və estetik əhəmiyyət kəsb etdiyini vurğulayıblar.
Proqram çərçivəsində səsləndirilən fikirlərdə qeyd olunub ki, Səməd Vurğunun poeziyası yalnız ədəbi nümunə kimi deyil, həm də milli kimliyin və ictimai düşüncənin formalaşmasında mühüm rol oynayan mənəvi sərvət kimi dəyərləndirilməlidir. Eyni zamanda, xalq poeziyasının və folklor ənənələrinin şair yaradıcılığında əsas qaynaqlardan biri olması xüsusi diqqətə çatdırılıb.
Veriliş zamanı şairin məşhur əsərlərindən nümunələr təqdim edilib, onların ideya-bədii xüsusiyyətləri təhlil olunaraq tamaşaçılara geniş izah edilib.

