Folklor İnstitutunun dosenti İstanbul Universitetində repressiya mövzusunda çıxış edib

Folklor İnstitutunun dosenti İstanbul Universitetində repressiya mövzusunda çıxış edib

28 Aprel 2026, 20:49 / Mühüm hadisələr

AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynurə Səfərova Türkiyə Cümhuriyyətinin İstanbul şəhərində keçirilmiş "Uluslararası 1924-1945 Yılları Arasında Sovyetler Birliği'nde yaşanan Büyük Tasfiyeler ve Sürgünler" simpoziumunda iştirak eedib. Dosent Aynurə Səfərovanın təqdim etdiyi “Sovet totalitarizmi kölgəsində Azərbaycan folklorunun kədərli taleyi” mövzusunda məruzə və təqdimat simpozium iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.

Məruzəçi repressiya burulğanının yalnız tarixi-siyasi hadisə olmadığını, həm də milli mədəni yaddaşa vurulan ağır zərbə olduğunu qeyd etmişdir. İşğal dönəmində xalqların assimilyasiya məqsədilə milli adət-ənənələrdən, mənəvi dəyərlərdən uzaqlaşdırılmasından, dini inancların qadağan edilməsindən, milli musiqi alətimiz "tarın susdurulması"ndan, oğuz türklərinin ən dəyərli tarixi abidəsi sayılan "Kitabi-Dədə Qorqud" dastanının yasaqlanmasından söhbət açmışdır. Milli kimliyin, milli şüurun yox edilməsindən, milli düşüncəli ziyalıların, o cümlədən folklorşünas alimlərin "xalq düşməni" adı ilə günahlandırılaraq öldürülməsindən və sürgün edilməsindən, ailələrinin kədərli talelərindən ətraflı bəhs etmişdir.

Məruzəçi repressiya dövründə Azərbaycan folklorunun görkəmli xadimləri Firidun bəy Köçərli, Əmin Abid, Salman Mümtaz, Hənəfi Zeynallı, Vəli Xuluflu, Hümmət Əlizadənin və digərlərinin həyat və fəaliyyətindən, folklorşünaslıq elmi üçün göstərdikləri xidmətlərdən bəhs edərək onların Sovet totalitar sistemi tərəfindən necə məhv edildiyini göstərmişdir.

Məruzə Türk dünyasından qatılmış elm adamlarının diqqətini çəkmişdir.