Folklorşünas alimlərin “Azərbaycan mədəniyyəti – 2040” konsepsiyası ilə bağlı məqaləsi nəşr olunub

Folklorşünas alimlərin “Azərbaycan mədəniyyəti – 2040” konsepsiyası ilə bağlı məqaləsi nəşr olunub

25 Aprel 2026, 00:08 / Nəşrlər

Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru, dosent Hikmət Quliyev, AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin müdiri, Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya elmləri doktoru, dosent Sərxan Xavəri, AMEA Rəyasət Heyətinin elmi katibi, Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya elmləri doktoru, dosent Səfa Qarayevin müəllifi olduqları “Azərbaycan mədəniyyəti – 2040: XXI əsrin qlobal çağırışları kontekstində Azərbaycanın mədəniyyət strategiyası” adlı məqalə “Ədəbiyyat qəzeti”ndə dərc olunub.

Məqalədə Azərbaycan Respublikasının Prezidentinin 14 yanvar 2026-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan mədəniyyəti – 2040” Konsepsiyası elmi-fəlsəfi aspektdən təhlil olunur, sənədin milli-mədəni inkişaf baxımından əhəmiyyəti geniş şəkildə şərh edilir.
Müəlliflər qeyd edirlər ki, Konsepsiya yalnız mədəni infrastrukturun inkişafını deyil, eyni zamanda cəmiyyətin mənəvi səviyyəsinin yüksəldilməsini hədəfləyən kompleks strateji sənəddir. Bu baxımdan mədəniyyət təkcə estetik sahə kimi deyil, həm də sosial, tərbiyəvi və ideoloji funksiyalar daşıyan mühüm sistem kimi təqdim olunur.

Məqalədə vurğulanır ki, müasir dövrdə Azərbaycanın sosial-siyasi və geosiyasi reallıqları mədəniyyət siyasətinin yenidən qurulmasını zəruri etmişdir. Xüsusilə postmünaqişə mərhələsində milli həmrəyliyin möhkəmləndirilməsi və mədəni suverenliyin təmin olunması Konsepsiyanın əsas prioritetlərindəndir.

Alimlər mədəniyyəti yaddaş, zaman və mənəviyyat vəhdətində mövcud olan canlı sistem kimi xarakterizə edir, onun milli kimliyin formalaşmasında və nəsillərarası ötürülməsində mühüm rol oynadığını bildirirlər. Bu kontekstdə irs və varislik əlaqəsinin qorunması, milli yaddaşın bərpası və ideoloji təsirlərdən azad edilməsi əsas istiqamətlər kimi dəyərləndirilir.

Məqalədə həmçinin qloballaşma və rəqəmsallaşma şəraitində milli mədəniyyətin qorunması, Azərbaycan dilinin və milli-mənəvi dəyərlərin inkişaf etdirilməsi, mədəniyyətin iqtisadi və sosial faktor kimi rolunun gücləndirilməsi məsələlərinə xüsusi diqqət yetirilir.

Müəlliflərin fikrincə, “Azərbaycan mədəniyyəti – 2040” Konsepsiyası ölkənin milli kimliyinə əsaslanan, eyni zamanda qlobal çağırışlara cavab verən müasir və dayanıqlı mədəniyyət modelinin formalaşdırılmasına xidmət edir. Bu sənəd yalnız strateji proqram deyil, həm də milli yaddaşın qorunması və gələcək nəsillərə ötürülməsi mexanizmi kimi çıxış edir.

Sonda qeyd olunur ki, Konsepsiya mədəniyyəti dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi müəyyənləşdirərək, onun həm milli təhlükəsizlik, həm də davamlı inkişaf baxımından əhəmiyyətini bir daha təsdiqləyir.