XƏBƏRLƏR
Hikmət Quliyev: “Azərbaycan folklorşünaslığında yeni elmi problemlərin araşdırılması qlobal çağırışların və milli prioritetlərin tələbidir”
Bu sözlər AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev tərəfindən İnstitutun Elmi şurasının iclasında deyilib. O qeyd edib ki, müasir dövrdə baş verən qlobal transformasiyalar, ölkəmizdə həyata keçirilən dövlət siyasətinin prioritetləri, son dövrlərdə AMEA-da humanitar və sosial elmlər sahəsində aparılan islahatlar folklorşünaslığın da qarşısında yeni vəzifələr formalaşdırmaqdadır.
Hikmət Quliyev qeyd edib ki, son illərdə Azərbaycan folklorşünaslığının klassik filoloji və tarixi paradiqma çərçivəsindən çıxarılaraq sosial-mədəni dinamikanı və kollektiv reaksiyanı öyrənən metodoloji yanaşmalara doğru istiqamətlənməsi üçün bir sıra addımlar atılmış, 2021-2025-ci illər üzrə araşdırılan problemlər dərindən təhlil edilmiş, növbəti mərhələ üçün qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.
Alim vurğulayıb ki, 2003-cü ildən etibarən AMEA Folklor İnstitutunun əsas elmi istiqaməti “Azərbaycan xalq yaradıcılığının qaynaqları, təşəkkülü, inkişaf qanunauyğunluqları və əlaqələri” olmuş, ötən dövr ərzində folklor nümunələrinin toplanması, təsnifatı və nəşri sahəsində əhəmiyyətli işlər aparılmışdır. Bu mərhələnin folklorşünaslıq baxımından filoloji təmayüllü olduğunu qeyd edən Hikmət Quliyev vurğulayıb ki, klassik yanaşma folkloru əsasən mətn və janr sistemi kimi öyrənmiş, aparıcı elmi paradiqma isə filoloji estetikaya əsaslanan mətnmərkəzli folklorşünaslıq yanaşması olmuşdur. Bu yanaşma folkloru daha çox bədii-poetik çalara malik keçmiş haqqında təəssürat, yaşlıların daşıdığı xatirə, qəlibləşmiş ifadə, ən əsası isə mətn halında qəbul edir. Lakin müasir dövrün sosial-antropoloji rakurslu folklorşünaslıq çağırışları folkloru sosial-mədəni funksionallıq, kollektiv mədəni yaddaş, milli, mədəni identiklik, bütövlükdə isə xalq “biliyi”, yəni düşüncə, davranış, inanc, yasaq, tabu, adət-ənənə, bir sözlə, xalqın kollektiv reaksiyasının təzahürü kimi qavrayır. Bu isə yeni elmi paradiqma və baxışların, müasir dünya folklorşünaslıq elmində gedən dəyişikliklərin, eyni zamanda ölkəmizdə həyata keçirilən müasirləşmə və qlobal dünya ilə ayaqlaşma çağırışlarının, eləcə də son illər Azərbaycan elmində və AMEA-da irəli sürülən kompleks islahatların nəzərə alınmasını tələb edir.
Bunu nəzərə alaraq, 2026-ci ildən etibarən AMEA Folklor İnstitutunda elmi istiqamətin Azərbaycan folklorunun kollektiv mədəni yaddaş, milli kimlik, ənənəvi düşüncə, sosial stereotiplər kontekstində canlı kommunikativ sistem kimi mahiyyəti, funksiyası və strukturunun tədqiqi konsepti üzərində qurulması nəzərdə tutulur.
Qeyd olunan elmi istiqamətə müvafiq olaraq, 2026–2030-cu illər üçün Folklor İnstitutunda 9 elmi problemin araşdırılması həyata keçiriləcəkdir:
- Azərbaycan (türk) mifoloji və stereotip dünyagörüşünün folklor mətnləri əsasında toplanılması və semantik analizi;
- Real və virtual məkanda formalaşan folklor nümunələrinin, xalq ənənə və təcrübələrinin beynəlxalq yanaşmalar əsasında toplanılması, sistemləşdirilməsi, arxivləşdirilməsi, nəşri və elmi əsaslarının tədqiqi;
- Müasir metodoloji yanaşmalar əsasında Türk eposunun nəzəri və təcrübi əsaslarının öyrənilməsi, müqayisəli-tipoloji analizlərin aparılması;
- Folklorun sosial-antropoloji metodologiya əsasında psixoloji, sosioloji, mərasimi, kulturoloji və performativ aspektlərinin araşdırılması;
- Süni intellekt və folklor münasibətlərinin nəzəri-metodoloji aspektlərinin və sosiotexnoloji mühitdə yaranan folklorik ənənələrin və metaforik konseptlərin multidissiplinar kontekstdə araşdırılması;
- Azərbaycanın tarixi mədəni irsi kontekstində regional və multikultural folklor mühitlərinin, tolerantlıq ənənələrinin sistemli şəkildə öyrənilməsi;
- Ümumtürk mədəni irsi çərçivəsində türk xalqları folklorunun müasir elmi-metodoloji yanaşmalar əsasında sistemli tədqiqi, akademik tərcüməsi və elmi dövriyyəyə daxil edilməsi;
- Müasir dövrün folklor yaradıcılığının və fərqli sosial qrupların kollektiv biliyinin nəzəri və təcrübi əsaslarının araşdırılması;
- Şifahi və yazılı mədəniyyət münasibətləri kontekstində folklor və ədəbiyyatın qarşılıqlı əlaqəsinin elmi-nəzəri əsaslarının araşdırılması.
Hikmət Quliyev bildirib ki, “Yeni elmi paradiqma folkloru canlı sosial-mədəni sistem kimi dərk edir, onu real və virtual mühitdəki performativ və mərasim praktikaları ilə, həmçinin multikultural və interdissiplinar tədqiqat perspektivi ilə birləşdirir”.
Ümumilikdə, 2026–2030-cu illər ərzində Azərbaycan folklorşünaslığının əsas məqsədi həm milli mədəni irsi qorumaq, həm də onun qlobal elmi dövriyyəyə inteqrasiyasını təmin etməkdir. Bu çərçivədə kollektiv mədəni yaddaş və stereotip dünyagörüşünün tədqiqi, folklorun sosio-psixoloji mahiyyəti, onun mərasimi-performativ və kommunikativ təbiətinin analizi, tarixi-mədəni irs və multikultural folklor mühitlərinin öyrənilməsi, həmçinin sosiotexnoloji platformalar, süni intellekt və folklor münasibətləri, eləcə də peşə və sosial qruplar üzrə folklor nümunələrinin sistemli təhlili kimi istiqamətlər prioritet elmi sahələr kimi müəyyənləşdirilib.