XƏBƏRLƏR
Folklor İnstitutunun əməkdaşları Səməd Vurğun yaradıcılığına həsr olunmuş konfransda çıxış ediblər
21 aprel 2026-cı il tarixində Azərbaycan Dövlət Pedaqoji Universitetində “El bilir ki, sən mənimsən...” mövzusunda respublika elmi-praktik konfransı keçirilib.
Konfransın “Səməd Vurğun poeziyasında tarixilik və müasirlik” adlı bölməsində müxtəlif elmi müəssisələri təmsil edən tədqiqatçılar məruzələrlə çıxış ediblər.
AMEA Folklor İnstitutunun əməkdaşları da bölmə iclasında fəal iştirak ediblər. İnstitutun aparıcı elmi işçisi, filologiya elmləri doktoru, dosent Şakir Albalıyev “Bugünkü taleyimiz Səməd Vurğunun düşüncəsi ilə” mövzusunda çıxış edərək şairin ideya dünyasının müasir dövrlə səsləşən aspektlərini təhlil edib.
AMEA Folklor İnstitutunun böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Vüsalə Nəsibova isə “Səməd Vurğun irsinin Mirzə İbrahimovun ədəbi-tənqidi görüşləri kontekstində təhlili” adlı məruzəsində böyük şairin yaradıcılığının ədəbi-tənqidi aspektlərini diqqətə çatdırıb.
AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Xəyalə Ağayeva “Səməd Vurğun yaradıcılığının folklor qaynaqları: Paşa Əfəndiyevin tədqiqatı əsasında” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Paşa Əfəndiyevin tədqiqatına istinadən şair yaradıcılığının folklorla qarşılıqlı əlaqəsi təhlil olunub. Qeyd edilib ki, Səməd Vurğun poeziyasında xalq ədəbiyyatının, xüsusilə qoşma və gəraylı janrlarının təsiri aydın şəkildə müşahidə olunur.
Konfrans çərçivəsində təqdim olunan məruzələr Səməd Vurğun yaradıcılığının tarixilik, müasirlik və folklorla bağlılıq kontekstində elmi şəkildə yenidən dəyərləndirilməsi baxımından əhəmiyyətli olub.

