XƏBƏRLƏR
Folklor İnstitutunun əməkdaşı Vikipediyanın 25 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
18 aprel 2026-cı il tarixində Bakı şəhərində, Xəyal adasında Vikipediyanın 25 illiyinə həsr olunmuş “Azərbaycan dilinin rəqəmsal ensiklopediyası: Vikipediya 25” adlı tədbir keçirilib.
Tədbirdə Vikipediyanın yaranma tarixi, inkişaf mərhələləri, eləcə də açıq bilik platformalarının müasir cəmiyyətdə rolu geniş müzakirə olunub, iştirakçılara platformanın texniki imkanlarına dair təqdimatlar təqdim edilib. Tədbirdə millət vəkilləri, Mərkəzi və Şərqi Avropa regionu üzrə Vikipediyanın regional sədri Barbara Klen, həmçinin müxtəlif qurumların nümayəndələri iştirak ediblər.
Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun vikipediya üzrə məsul əməkdaşı Nigar Abdullayeva da tədbirdə iştirak edərək müzakirələrə qatılıb.
Qeyd edək ki, AMEA Folklor İnstitutu alimlərinin şəxsi təşəbbüsü ilə Vikipediyada kontentin zənginləşdirilməsi istiqamətində işlər davam etdirilir. Belə ki, 2025-ci il ərzində 6 redaktə və 25 yeni məqalə yaradılıb. 2026-cı ilin ilk dörd ayı ərzində isə bu göstəricilər artaraq 22 redaktə və 67 yeni məqaləyə çatıb.
Folklor İnstitutu açıq biliklərin yayılması və Azərbaycan dilində rəqəmsal resursların inkişafı istiqamətində fəaliyyətini davam etdirməkdədir.


