XƏBƏRLƏR
Folklorşünasın səsi: növbəti buraxılışın qonağı Mətanət Abbasova olub
“Folklorşünasın səsi” layihəsinin növbəti buraxılışı yayımlanıb. Buraxılışın qonağı AMEA Folklor İnstitutunun Cənubi Azərbaycan folkloru şöbəsinin müdiri, filologiya elmləri doktoru, dosent Mətanət Abbasova olub.
Mətanət Abbasova çıxışında Güney Azərbaycan folklorunun Azərbaycan xalqının ümumi folklor sistemində tutduğu yer və əhəmiyyətindən bəhs edib. Alim qeyd edib ki, bu folklor arealı həm tarixi dərinliyi, həm də zənginliyi ilə seçilir və milyonlarla azərbaycanlının milli-mədəni yaddaşını əks etdirir.
Çıxışda Urmiya, Təbriz, Ərdəbil, Zəncan və digər tarixi bölgələrin folklor mühitinin xüsusi rolu vurğulanıb. Bildirilib ki, bu şəhər və regionlar Azərbaycan folklorunun toplanması, qorunması və ötürülməsi baxımından mühüm mədəni mərkəzlərdir. Xüsusilə Təbrizin Şərqin qədim mədəniyyət ocaqlarından biri kimi əhəmiyyəti diqqətə çatdırılıb.
Alim həmçinin Şimali və Cənubi Azərbaycan folklorunun müqayisəli şəkildə öyrənilməsinin vacibliyini qeyd edib. Onun sözlərinə görə, bu yanaşma xalqın qədim mədəni qatlarının daha dərindən araşdırılmasına imkan yaradır.
Mətanət Abbasova Güney Azərbaycan folklorunun yalnız mərasim və mərasimə bağlı nümunələrlə məhdudlaşmadığını, eyni zamanda inanc sistemini, musiqi və nəğmə ənənələrini, eləcə də məişət və süfrə mədəniyyətini əhatə etdiyini bildirib.
Çıxış zamanı şöbə tərəfindən həyata keçirilən elmi fəaliyyətə də toxunulub. Qeyd edilib ki, “Güney Azərbaycan folkloru” seriyası çərçivəsində 18 kitab nəşr olunub, həmçinin “Qaşqay folklor örnəkləri” kitabı işıq üzü görüb. Eyni zamanda, “Koroğlu” və “Qurbani” dastanlarının ən qədim variantlarının məhz Güney Azərbaycan mühitindən toplanması bu sahənin elmi əhəmiyyətini daha da artırır.
Alim folklorun yalnız ədəbi material olmadığını, xalqın tarixi yaddaşı, mübarizə ruhu və mənəvi dünyasının ifadəsi kimi çıxış etdiyini vurğulayıb. Bu kontekstdə Təbriz mövzusu və ayrılıq motivlərinin folklorda xüsusi yer tutduğu diqqətə çatdırılıb.
Qeyd edək ki, video çəkiliş Folklor İnstitutunun Folklor Studiyası tərəfindən həyata keçirilib.