Folklor İnstitutunda “Əli Əmirlinin komediyalarında folklor: ənənəvi və müasirlik kontekstində” mövzusunda seminar keçirilib

Folklor İnstitutunda “Əli Əmirlinin komediyalarında folklor: ənənəvi və müasirlik kontekstində” mövzusunda seminar keçirilib

17 Aprel 2026, 14:48 / Konfranslar, İclaslar

Aprelin 15-də AMEA Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin elmi seminarı təşkil olunub. Seminarda institutun əməkdaşları ilə yanaşı, Sumqayıt Dövlət Universitetinin və Bakı Slavyan Universtitetinin Folklor İnstitutunda elmi-tədqiqat təcrübəsi keçən IV kurs tələbələri də iştirak ediblər.

Elmi seminarda şöbə müdiri, filologiya elmləri doktoru, dosent Leyla Məmmədovanın “Əli Əmirlinin komediyalarında folklor: ənənəvi və müasir kontekstdə” mövzusunda məruzəsi dinlənilib.

Məruzədə qeyd olunub ki, folklor örnəklərinin yazılı ədəbiyyata təsiri,  əsərin ideya və məzmununa xüsusi ahəng bəxş etməsi klassiklər tərəfindən bir ənənə halını almışdır. Çağdaş Azərbaycan realist ədəbiyyatının görkəmli nümayəndələrindən biri – nasir, ssenarist, dramaturq, 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 2003-cü ildən Azərbaycan Teatr xadimləri İttifaqının üzvü, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kinoşünaslıq və ekran dramaturgiyası kafedrasının müdiri, professor  Əli Əmirli də milli dramaturgiyanı mövzu və istiqamət baxımından yeni müstəviyə qaldırmaqla yanaşı, şifahi xalq yaradıcılığını dəyərləndirən, əsərlərinin təsir gücünü, qavranma qabiliyyətini daha da artırmaq üçün folklor örnəklərindən həm ənənəvi, həm də müasir kontekstdə ustadcasına yararlanan sənətkarlardandır. O, 2026-cı il Beynəlxalq TÜRKSOY Teatr Mükafatlarının  “Ən yaxşı dramaturq” nominasiyası üzrə laureat olub.

Əli Əmirli çoxşaxəli bədii yaradıcılığında dramaturji fəaliyyətə 1990-cı ildən etibarən başlamışdır. Onun “Köhnə ev”, “Bala bəla sözündəndir”, “Onun iki qabırğası”, “Yeddi məhbusə”, “Varlı qadın”, “Səhnədə məhəbbət”, “Şou kraliçası”, “Kişi və qadın”, “Sevən qadın”, “Kastinq və ya premyera”, “Gözəllik imperiyası”, “Sehrli alma”, “Köhnə dəbli yeni komediya” adlı əsərlərində folklorun təsiri diqqət çəkir. Bu təsir remarkalardan başlayaraq, süjet boyu izlənilir.

Məruzədə bildirilib ki, yazıçının “Köhnə ev” komediyasında folklorun təsiri, adət-ənənə elə ilk səhnədən görünür. Əsərin əsas mövzusunu keçmişdə kübar həyat tərzi sürən, sonralar isə müflisləşən bir ailənin “faciə”si təşkil edir. Komediyada folklora bağlılıq, adət-ənənə ilk səhnədən Mələyin süfrə bəzəməsi ilə başlanır. Məlumdur ki, qonaq qarşılamağı xüsusi mərasimə çevirmək, ən azı bir həftə qabaqcadan hazırlıq işləri görülməsinə rəğmən, yenə də tam razı qalmayıb, son saniyəyə qədər süfrəyə müdaxilə etmək təlaşı da bir növ adətdəndir. Çünki nənə-babalarımızdan eşitdiyimiz və gördüyümüz bu adətlər artıq bir dəb halını almış, təbii olaraq sonrakı nəsillərə də ötürülmüşdür.

Məruzəçi qeyd edib ki, komediyada folklor obrazları da yer alır. Belə ki, xalq oyun və tamaşalarından qulluqçu, nökər obrazları bizə yaxşı tanışdır. Xarakter baxımından xalq tamaşasındakı Hambal (“Xanım və Hambal”) kimi, “Köhnə ev” komediyasındakı Mələk obrazı da düz sözü deməyi bacaran, heç kəsdən çəkinməyən biridir. Komediyanın ən satirik obrazı isə Sahibdir. Müəllif dəllal, alverçilərə məxsus folkloru Sahib obrazı vasitəsilə çatdırır. Sahib çıxarını düşünən, tutduğu hər işdən mənfəət güdən və öz düşüncə tərzi ilə desək “alverdən ləzzət almaq” istəyən bir personajdır.

Məruzədə, həmçinin nəzərə çatdırılıb ki, sözügedən komediyada atalar sözü və məsəllər də yer alır. Məsələn, “Allahdan yuxarı heç kim yoxdur”, “Keçmişin kölgəsini əzizləmək”, “İt yiyəsini tanımır”, “Deyəsən, yemək üstünə gəlib çıxmışam. Sən deyəndi, qaynanam məni çox istəyir”, “Starost-ne radost”, “Böyük danışanda, kiçik susar”, “Qalmışam odla su arasında”, “Varlığa nə darlıq”, “Şərti şumda kəsməliyik”, “Kiminin əvvəli, kiminin axırı” və s.

“Köhnə ev” komediyasındakı zaman və məkan anlayışının sabitliyi “Bala bəla sözündəndir” əsəri üçün də xarakterikdir. Bu pyes də ailə-məişət zəminindəki xalq tamaşalarını xatırladır. Ər-arvad, ata-oğul, ana-oğul, baldız-gəlin, elçilər arasındakı dialoqlar əsl xalq lətifələrini xatırladır. Belə ki, yüksək vəzifədə olan ata İzzət Nəfisli və onun həyat yoldaşı ana İzzət Nəfisli nə yolla olursa, ikinci oğlanlarını da əsgərlikdən yayındırmaq üçün sözün əsl mənasında dəridən-qabıqdan çıxırlar. Süjetdə yer alan Bibi personajı dastan və nağıllarımızdan yaddaşlara iz salan küpəgirən, köpək qarıları yada salır. Burada məişət mərasimlərinə aid edilən elçilik səhnəsi də yer alır. Sözügedən səhnədə adət-ənənə, milli mental dəyərlər, evin kişisinin son sözünün vacibliyi vurğulanır. Həmçinin “Ağzına su almısan, ya kal əzgil yemisən?”, “Biz sözümüzün ağasıyıq”, “Çarəsiz dərd yoxdur”, “Əl yananda ağıza təpərlər”, “Görəcəkli günlərimiz hələ qabaqdadır”, “Baldız çuvalduz deyiblər”, “Lənət sənə kor şeytan”, “Gözü götürməyənin belə gözü çıxsın”, “Qız oğlana yoxu elə deməlidir ki, oğlan getmək əvəzinə qalsın”, “Qız ağacı qoz ağacı, hər yetən bir salba atar” kimi atalar sözü və məsəllər də gedişata, hadisələrin canlılığına xüsusi ahəngdarlıq bəxş edir.

Sonda məruzəçi vurğulayıb ki, tədqiqata cəlb edilən komediyalarda xalq yaradıcılığı ilə yaxınlıq obrazların irəli sürdüyü fikirlərdə özünü göstərir. Belə ki, Əli Əmirli gülüşünə xas olan tənqidi eyham digər komediyaları üçün də xarakterikdir.

Seminar mövzu ətrafında müzakirələrlə davam edib.