Folklor İnstitutunun dosenti Daşkənddə ustad dərsi keçib

Folklor İnstitutunun dosenti Daşkənddə ustad dərsi keçib

17 Aprel 2026, 10:24 / Mühüm hadisələr

Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun aparıcı elmi işçisi, dosent Aynur İbrahimova Özbəkistanın paytaxtı Daşkənddə yerləşən Yunus Rəcəbiy adına Özbək Milli Musiqi Sənəti İnstitutunda “Azərbaycan və özbək folklorşünaslıq əlaqələri” mövzusunda ustad dərsi keçib.

Ustad dərsi Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin “Mədəniyyət laboratoriyası” layihəsi çərçivəsində təşkil olunub. Çıxış zamanı alim iki ölkə arasında folklor əlaqələrinin tarixi kökləri, müqayisəli xüsusiyyətləri və inkişaf perspektivləri, həmçinin qeyri-maddi mədəni irsin qorunması məsələləri barədə məlumat verib.

Tədbirdə tələbələr, gənc tədqiqatçılar və sahə üzrə mütəxəssislər iştirak edib, interaktiv müzakirələr aparılıb və suallar cavablandırılıb.

Qeyd edək ki, Aynur İbrahimova ustad dərsinin yüksək səviyyədə təqdimatına görə təşəkkürnamə ilə təltif olunub.