XƏBƏRLƏR
Folklor İnstitutunun dosenti Buxara şəhərində keçirilən beynəlxalq simpoziumda iştirak edib
Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Məleykə Məmmədova Özbəkistanın Buxara şəhərində keçirilən beynəlxalq simpoziumda iştirak edib.
6 aprel 2026-cı il tarixində baş tutan “I Beynəlxalq Türk Dünyasında Ortaq Dəyərlərin Ehyası və İnşası Simpoziumu”nda dosent Məleykə Məmmədova həm Təşkilat Komitəsi sədrinin müavini kimi çıxış edib, həm də elmi məruzə ilə iştirak edib. O, “Türk xalq mədəniyyətində doğum keçid rituallarında cin və cin dəyişəyi inancı” mövzusunda məruzə edib. Məruzədə türk xalqlarının inanclar sistemində doğum mərhələsi ilə bağlı mifoloji təsəvvürlər, xüsusilə cin və “cin dəyişəyi” motivi folklor materialları əsasında təhlil olunub və iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, “I Beynəlxalq Türk Dünyasında Ortaq Dəyərlərin Ehyası və İnşası Simpoziumu” Qafqaz Universitetinin Əbül-Həsən Xaraqani adına Tətbiqi Araşdırmalar Mərkəzinin və Qafqaz Universiteti İlahiyyat Fakültəsinin təşəbbüsü ilə, Xəzər Universitetinin Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutu və Beynəlxalq Buxara Universitetinin birgə təşkilatçılığı əsasında baş tutub. Tədbir Beynəlxalq Buxara Dövlət Universitetinin ev sahibliyi ilə təşkil olunub. Simpoziumda Türkiyə, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Malayziya, Pakistan və İngiltərə daxil olmaqla 7 ölkədən alim və tədqiqatçılar iştirak ediblər.
Konfrans öz işini 7 bölmə üzrə əyani və onlayn formatda davam etdirib. Bölmə iclaslarında dil və təhsil, mədəniyyət və ədəbiyyat, tarix və sosial strukturlar, iqtisadiyyat və inteqrasiya, eləcə də türk dünyasında dini elmlər və mədəni qarşılıqlı əlaqələr kimi aktual mövzular ətrafında geniş elmi müzakirələr aparılıb.


