XƏBƏRLƏR
104
Folklor İnstitutunun alimləri Bakı Slavyan Universitetində beynəlxalq konfransda məruzə ediblər
10 Aprel 2026, 15:38 / Konfranslar, İclaslar
7 aprel 2026-cı il tarixində Bakı Slavyan Universitetində Birinci Türkoloji Qurultayın yüzilliyinə həsr olunmuş Beynəlxalq Türkoloji Tədqiqatlar Konfransı keçirilib. Tədbirdə müxtəlif ölkələrdən alim və tədqiqatçılar iştirak edərək türkoloji elmin aktual problemləri ətrafında fikir mübadiləsi aparıblar.
Konfransda AMEA Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəbnəm Məmmədova “Birinci Türkoloji Qurultay nümayəndələri professor Cəlal Qasımov araşdırmalarında” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə qurultay nümayəndələrinin elmi fəaliyyəti və zəngin türkoloji irsi professor Cəlal Qasımovun tədqiqatları əsasında təhlil olunub, bu araşdırmaların müasir türkoloji elmin inkişafı üçün mühüm əhəmiyyət daşıdığı qeyd edilib. Eyni zamanda, Birinci Türkoloji Qurultay nümayəndələrinin elmi-nəzəri irsi və türkoloji fikrin formalaşmasındakı müstəsna xidmətləri məhz Cəlal Qasımovun araşdırmaları kontekstində geniş şəkildə təqdim edilib.
Tədbirdə institutun digər əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Kərim qızı Əliyeva da iştirak edib. O, “Türk xalqları folklorunun müqayisəli təhlili kontekstində folklor formul, obraz və motivlərinin orta əsrlər Azərbaycan ədəbiyyatına transformasiyası (XIII–XVIII əsrlər)” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə orta əsrlər Azərbaycan ədəbiyyatının türk folklor yaddaşının yeni bədii mərhələsi kimi formalaşdığı vurğulanıb, folklor və yazılı ədəbiyyat arasındakı genetik bağlılığın müqayisəli türkoloji yanaşma əsasında aydın şəkildə ortaya qoyulduğu bildirilib. Həmçinin XIII–XVIII əsrlər Azərbaycan ədəbiyyatının türk xalqları folklorunun formul, obraz və motiv sisteminin davamı kimi formalaşdığı və folklor elementlərinin estetik-fəlsəfi transformasiya yolu ilə yazılı ədəbiyyata daxil olduğu qeyd edilib.
Sonda konfransın türkoloji tədqiqatların inkişafı və elmi əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdiyi qeyd edilib.
© Bütün hüquqlar qorunur. İnformasiyadan istifadə edərkən www.folklor.az saytına istinad zəruridir.



