XƏBƏRLƏR
Qərbi Azərbaycan folkloruna dair araşdırmalar Bakı Slavyan Universitetində müzakirə olunub
Bakı Slavyan Univetsitetində AMEA Folklor İnstitutu tərəfindən həyata keçirilən Qərbi Azərbaycan folklorunun toplanılması, nəşri və tədqiqi ilə bağlı görülmüş işlərə dair dəyirmi masa keçirilib. Tədbirdə Qərbi Azərbaycan folklorunun toplanılması və nəşrində xüsusi rolu olan Folkor institutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Ləman Vaqifqızı (Süleymanova) geniş təqdimatla çıxış edib.
Tədbiri giriş sözü ilə Bakı Slavyan Universitetinin Qərbi Azərbaycan Elmi-Tədqiqat Mərkəzinin müdiri, dosent Dürdanə Hümbətova açıb. O, tədbirin keçirilməsi üçün yaradılan imkana görə Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyevə və AMEA Folklor İnstitutunun direktoru Hikmət Quliyevə tədbir iştirakçıları adından minnətdarlıq ifadə edib.
Sonra çıxış üçün söz dosent Ləman Vaqifqızına verilib. O, çıxış edərək bu gün Qərbi Azərbaycan məsələsinin aktuallığını xatırladıb, ölkəmizin və dövlətimizin strateji məsələlərindən biri olduğunu vurğulayıb. Məruzəçi qeyd edib ki, Qərbi Azərbaycan folklorunun toplanılması və tədqiqi olduqca vacibdir. “Xalqın yazılmış tarixindən başqa bir də yazılmamış tarixi vardır ki, bu tarix onun folklorunda yatır. Biz söyləyicilərlə görüşlərimiz zamanı bölgə, onun toponimləri, orada yaşayan türk tayfaları, tarixi hadisələr və şəxsiyyətlərlə bağlı materialları və s. də qeydə alırıq. Bu materialların hər biri ayrı-ayrılıqda Qərbi Azərbaycanın yazılmamış tarixinin səhifələridir”, - deyə Ləman Vaqifqızı vurğulayıb. O, bu bölgədən toplanmış materialların bir hissəsinin tamamilə yeni olmasını xüsusi diqqətə çatdıraraq bu toplamalar sayəsində indiyədək folklorşünaslığımız üçün naməlum olan xeyli mətn, süjet və folklor personajlarının Azərbaycan folklor fonduna daxil olduğunu qeyd edib.
Məruzəçi Qərbi azərbaycanlıların ağız ədəbiyyatının yaşadıqları bölgələrin folklorundan təsirlənməsi ilə bağlı müşahidələrini də diqqətə çatdırıb: - “Düşünürük ki, qaçqın və məcburi köçkün həyatı yaşamış soydaşlarımızın folklor və etnoqrafiyasında gedən dəyişikliyi öyrənmək ayrıca araşdırmanın mövzusu olmalıdır. Ümumiyyətlə, Azərbaycan folklorunda qaçqınlıq, doğma yurd-yuvadan ayrılmağın folklora təsirləri, demək olar ki, araşdırlmayıb. Düşünürük ki, bu, olduqca aktual mövzudur. Çünki bu zaman yurdundan ayrılan əhalinin repertuarı nələri qazanır, nələri itirir. Bu, ciddi şəkildə araşdırılmalıdır. Dəyişikliklər məkanla məhdudlaşmır, zaman da buraya öz diqtəsini edir”.
Sonra Ləman Vaqifqızı ölkəmizin müxtəlif regionlarında məskunlaşan Qərbi Azərbaycandan olan soydaşlarımızla görüşlərdən danışıb, bu bölgənin folklor söyləyiciliyi üçün xas olan xüsusiyyətləri qeyd edib. O, həmçinin Qərbi Azərbaycan folklor mühitinin özünün məkanla bağlılığını itirsə də, sosial bazisini qoruyub saxladığını vurğulayıb.
Dosent vurğulayıb ki, dilimizin saflığının qorunması və zənginləşməsi, milli-mənəvi dəyərlərimizin mühafizəsi baxımından Qərbi Azərbaycan folklor nümünələri dəyərli və əhəmiyyətlidir. Məruzəçi Qərbi Azərbaycan folklorunun ümumi səciyyəvi cəhətləri və bölgələr üzrə fərqlilikləri haqqında da geniş danışıb, ayrı-ayrı janrlar haqqında məlumat verib.
Çıxışdan sonra tədbir iştirakçıları məruzə haqqında düşüncələrini dilə gətiriblər. Azərbaycan dili kafedrasının müdiri, dosent Şəhla Əhmədova, Azərbaycan ədəbiyyatı kafedrasının dosenti, filologiya elmləri doktoru Gültəkin Əliyeva, həmin kafedaranın müəllimi Səbinə Ağababayeva, baş müəllimi Ülkər Yüsifova və digərləri bu cür tədbirlərin filologiya ixtisası üzrə təhsil alan tələbələrin gələcək peşəkar fəaliyyəti üçün əhəmiyyətini vurğulayıblar. Tədbir orada iştirak edən tələbələrin mövzuya dair sualları ilə davam edib.
Sonda tədbir xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşıb.







