XƏBƏRLƏR
Böyük türkmanlar və müasir türk xalqları: etnik tarixə yeni elmi baxış
AMEA Folklor İnstitutu Elmi Şurasının qərarı ilə İnstitutun Türk xalqları folkloru şöbəsinin müdiri, professor Əfzələddin Əsgərin “Böyük türkmanlar və müasir türk xalqları” adlı monoqrafiyası çap olunub. Monoqrafik araşdırma “Kitabın yazılma səbəbi” adlanan giriş hissədən, “Oğuz elinin yaranması və etnosiyasi tarixi”, “Türkmanlar” və “Etnosun sonu və yeni etnosiyasi birliklər” adlanan üç fəsildən, qaynaqlardan, rus və ingilis dilində xülasələrdən ibarətdir.
Giriş hissədə etnik tarixi bir yana qoyaraq milli tarixi siyasi müstəvidə təqdim edən tarixçilik yanaşması tənqid olunur və bu münasibətin tarix düşüncəsinə mənfi təsirlərinə diqqət yetirilib. Bu boşluğu doldurmaq üçün müəllif etnik tarix problemini tədqiqata cəlb edib.
Araşdırma oğuzların etnik tarixi ilə başlayır. Burada oğuz sözünün sosial anlamı ilə etnik anlamı bir-birindən fərqləndirilir və bu müstəvidə Orxon abidələrində adı çəkilən oğuzlarla Sırdərya oğuzlarını eyniləşdirən düşüncənin yanlışlığı üzə çıxarılıb. VIII əsrdən başlayaraq yarandığı düşünülən Sırdərya oğuzları burada yeni bir etnosiyasi birlik kimi dəyərləndirilib. Bu fəsildə oğuz boylarının tarixi, onların Oğuz elinin tərkibinə qatılma prosesi, oğuz coğrafiyası, oğuzların qonşu xalq və etnik birliklərlə siyasi münasibətlərinə diqqət yetirilib. Ardınca Oğuz elinin parçalanması və nəhayət, bir xalq olaraq tarix səhnəsindən çıxmasından bəhs olunub.
Məlum olduğu kimi, oğuzların böyük bir hissəsi türkmanların içərisinə qatılmışdır. Ona görə də müəllif əsas diqqəti türkmanlar üzərində cəmləyir. Kitabın II fəslinin “Türkmanlar” adlanması təsadüfi deyildir. Bu fəsildə türkman etnoniminin müxtəlif yozumlarına münasibət bildirilmiş, onların tarix səhnəsinə çıxışı və bir etnos olaraq formalaşması prosesi izlənmiş, etnik tərkibinə diqqət yetirilmiş, türkman etnosisteminin təbiəti öyrənilmişdir. Müəllif VIII əsrdə tarix meydanına çıxmış və islam dinini qəbul etmiş türklərin türkmanlar adlandırıldığını qeyd etmişdir. Sonrakı əsrlərdə müxtəlif türk etnik birliklərindən olan müəyyən qruplar – uyğurlar, qıpçaqlar, karluklar, kanqlılar və s. onların tərkibinə qatılmışdır. Burada qeyd olunur ki, X əsrdə türkmanların oğuzların tərkibinə qatılması onların tarixi taleyində mühüm rol oynamışdır. Belə ki, bu əsrdə oğuzlar ayrı-ayrı tirələr, oymaqlar və ailələr halında oğuzlardan ayrılıb islam dinini qəbul edərək türkmanların içərisinə qatılmışdılar. Nəticədə, türkmanlar arasında oğuz əsilli kütlələr kəmiyyət etibarilə başqa türk etnik qruplarından ibarət olanlardan qat-qat üstün olmuşdur. Oğuzlarla türkmanların bir xalq olaraq eyniləşdirilməsi bu gerçəkliyə əsaslanır. Bununla yanaşı, türkmanlar həm etnik tərkibinə, həm də etnik sistemin təbiətinə görə oğuzlardan fərqlənirdi. Monoqrafiyada bu məsələlər ən kiçik detallarına qədər təhlil olunub.
Qızılbaşlar əslən türkmandırlar. Ancaq onlar tarix meydanına mənsub olduqları xalqın deyil, müridi olduqları sufi təriqətinin inanc sistemi əsasında çıxmışdılar və özlərini bu inanc sistemindən kənarda qalanlara, o cümlədən türkmanlara qarşı qoyurdular. Bu hadisədən sonra türkmanlar bir xalq olaraq parçalanır. Müəllifin fikrincə, Türkiyə türkləri, Azərbaycan türkləri və Türkmənistan türkmənləri bu hadisədən sonra müstəqil xalqlar kimi formalaşmağa başlayıblar. Bundan başqa, monoqrafiyada bu xalqların etnik hüdudlarından, başqa türk xalqlarının tərkibinə qatılan türkman qruplarından da bəhs edilir.
Araşdırmada türkman dili və ədəbiyyatı ilə bağlı paraqraf xüsusilə maraqlıdır, belə ki, türkologiyada uzun illər hökm sürən bəzi fikirlərin yenidən nəzərdən keçirilməsini tələb edir.
Etnik tarix ədəbiyyat, dil, folklor və bütövlükdə etnik mədəniyyətin doğru və dürüst öyrənilməsi üçün kontekst rolunu oynayır. Bu baxımdan oxuculara təqdim olunan bu monoqrafik araşdırma tarixçilərlə bərabər, filoloqlara da faydalı ola bilər.
Keçid üçün link.