Folklor İnstitutunda Azərbaycan-İraq türkman elmi-ədəbi əlaqələri araşdırılıb

Folklor İnstitutunda Azərbaycan-İraq türkman elmi-ədəbi əlaqələri araşdırılıb

09 Aprel 2026, 09:23 / Nəşrlər

AMEA Folklor İnstitutunun Elmi Şurasının qərarı ilə Türk xalqları folkloru şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Səkinə Qaybalıyevanın “Azərbaycan-İraq türkman ədəbi əlaqələri və Əbdüllətif Bəndəroğlu” adlı monoqrafiyası nəşr olunub. Tədqiqatda Azərbaycan-İraq türkman elmi-ədəbi əlaqələrinin tarixinə nəzər salınmış, bu əlaqələrin fonunda tanınmış tədqiqatçı, ictimai xadim, şair, naşir və tərcüməçi Əbdüllətif Bəndəroğlunun yaradıcılığı araşdırılmışdır.

Kitab ön söz, giriş, üç fəsil və ədəbiyyat siyahısından ibarətdir. Girişdə türkmanların İraqda yerləşmə bölgələri, onların sayı və milli-mədəni dəyərləri haqqında qısaca məlumat verilmiş, XX əsrin ikinci yarısından başlayan Azərbaycan-İraq türkman elmi-ədəbi əlaqələri ayrı-ayrı elm xadimlərinin yaradıcılığı işığında nəzərdən keçirilmişdir. Azərbaycanda, Türkiyədə və İraqda bu əlaqələrimizin inkişafı istiqamətində mühüm rol oynamış müxtəlif elmi-ədəbi hadisələr də kitabda diqqətə çatdırılmışdır.

Monoqrafiyanın birinci fəslində İraq-türkman ədəbiyyatının folklor qaynaqları araşdırılmış, elmi-ədəbi əlaqələrimizin inkişafında əhəmiyyətli rol oynamış Əbdüllətif Bəndəroğlunun yaradıcılığında xalq şeirinin izləri və onun ədəbiyyata gətirdiyi yeniliklər tədqiqata cəlb edilmişdir. Azərbaycan mövzusunu istər elmi-ədəbi yaradıcılığında, istərsə də ictimai fəaliyyətində əsas istiqamətlərdən birinə çevirən şairin ölkəmizə sonsuz rəğbətini və sevgisini tərənnüm edən poeziya nümunələri ayrıca yarımfəsildə araşdırılmışdır.

Kitabın ikinci fəslində Əbdüllətif Bəndəroğlunun ədəbiyyatşünaslıq irsi nəzərdən keçirilmiş, İraq-türkman folklorunun və ədəbiyyatının araşdırılmasına həsr etdiyi tədqiqatları elmi təhlilə cəlb edilmişdir. Araşdırıcının uzun illər Azərbaycan folkloru, eləcə də ədəbiyyatımızın klassik və müasir inkişaf dövrü ilə bağlı araşdırmaları, ərəb dilinə tərcümə etdiyi kitablar tədqiq olunmuşdur.

Ə.Bəndəroğlu ömrünün 30 ildən çoxunu İraq-türkman mətbuatının inkişafına həsr etmiş, bu istiqamətdə bir çox mətbu orqanların nəşrinə nail olmuşdur. Onun 1970-ci ildən naşiri olduğu “Yurd” qəzeti  və “Birlik səsi” dərgisi (ərəbcə və türkcə), eləcə də 2000-ci illərin əvvəllərindən iki dildə çap etdirdiyi “Yurd” dərgisində İraq-türkman elmi-ədəbi və mədəni-ictimai həyatı ilə yanaşı, Azərbaycan elmi-ədəbi mühitini işıqlandıran mövzulara da geniş yer verilirdi. Təqdirəlayiq haldır ki, “Yurd” dərgisində alim və ədiblərimizin məqalələri Azərbaycan dilində olduğu kimi nəşr edilirdi. Kitabın üçüncü fəslində Ə. Bəndəroğlunun naşirlik fəaliyyətinin tədqiqi əsas yer tutur. 

Monoqrafiyanın sonunda ötən əsrin 60-70-ci illərində Azərbaycan və İraq türkman ziyalıları arasında elmi-ədəbi istiqamətdə əsas informasiya mübadiləsi rolunu oynamış bəzi məktubların surəti yer almışdır.

Kitabın elmi redaktoru Əməkdar Elm xadimi, professor Qəzənfər Paşayev, rəyçilər prof. Əfzələddin Əsgər, prof. Almaz Həsənqızı, prof. Siham Zəngidir. Monoqrafiya Azərbaycan-İraq türkman elmi-ədəbi əlaqələrinin öyrənilməsində faydalı qaynaqlardan biri sayıla bilər.

 Keçid üçün link