Folklor İnstitutunda əfsanələrdə möcüzə anlayışına dair seminar keçirilib

Folklor İnstitutunda əfsanələrdə möcüzə anlayışına dair seminar keçirilib

08 Aprel 2026, 14:25 / Konfranslar, İclaslar

Aprelin 7-də AMEA Folklor İnstitutunda Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi ilə Türk xalqları folkloru şöbələrinin birgə elmi seminarı  təşkil olunmuşdur. Seminarda İnstitutun böyük elmi işçisi Zəfər Fərhadovun “Azərbaycan əfsanələrində möcüzə anlayışı” mövzusunda məruzəsi dinlənilmişdir. 

Məruzədə qeyd olunmuşdur ki, möcüzə əfsanə mətninin poetik sistemini müəyyən edən, məkanı sakrallaşdırmaqla onun inanc mətni kimi qavranılmasına səbəb olan əsas elementlərdən biridir. Ona görə əksər tədqiqatçılar möcüzəyə formayaradan element kimi baxmış, onu əfsanələrin fərqləndirici əlaməti saymışlar.

Qurani-Kərimdə möcüzə anlamına gələn hadisələrdən bəhs olunsa da, bir termin olaraq möcüzə kəlməsi işlədilmir, onun yerinə “ayə” (işarə, dəlil) sözündən istifadə olunur. Bu termin İslamın erkən dövrlərində, xüsusilə kəlam elminin formalaşması ilə paralel meydana çıxmışdır. IX əsr etibarən artıq kəlam alimləri (xüsusən də əhli-sünnə alimləri) arasında fəlsəfi müzakirələr artmış, peyğəmbərlərin göstərdiyi qeyri-adilikləri sehr, cadu, kəramət kimi anlayışlardan fərqləndirmək zərurəti yaranmışdır. Həmin müzakirələrin nəticəsi olaraq da möcüzə termini ortaya çıxmışdır. Möcüzə aciz olmaq, gücsüz qalmaq, bacarmamaq anlamına gələn əcz kökündən yaranıb və nəticə olaraq peyğəmbərliyin doğruluğunu sübut edən ilahi dəlilləri digər fövqəltəbii hallardan ayırmaq üçün işlədilmişdir.

Məruzədə möcüzə ilə magiyanının fərqindən də bəhs olunmuşdur. Qeyd olunmuşdur ki, möcüzənin təbiətində qeyri-adilik olsa da, hər qeyri-adilik möcüzə deyildir. Əfsanələrdə yalnız ilahi mənşəli qeyri-adiliklər möcüzə hesab olunur, magik yolla göstərilən qeyri-adiliklər isə sehr, cadu adlanır. Möcüzə, irrasional dünyanın əlamətidir, ilahi iradənin birbaşa və ya dolayı şəkildə təcəllası nəticəsində ortaya çıxır. Birbaşa təcəllada arada vasitəçi olmur, amma dolayı təcəllada ilahi iradə peyğəmbərlər, islam müqəddəsləri vasitəsi ilə ortaya çıxır. Möcüzə elə bir fəaliyyətdir ki, insanın ona təsir etmək imkanı yoxdur, yalnız kənardan onu müşahidə edə bilər. Magiya isə insanın müəyyən sözlər, rituallar, simvollar və əşyalar vasitəsilə təbiət hadisələrini öz iradəsinə tabe etməyə yönəlmiş fəaliyyətdir. Möcüzə cəmiyyətə verilən ilahi bir mesajdır, o, dini-əxlaqi dəyərləri qorumaqla həm də mövcud düzənin qoruyucusu kimi çıxış edir. Magiya isə gözyanıltmadır, şəxsi maraqlara xidmət edir. Məsələn, çöldə qalmış heyvana qurd toxunmasın deyə oxunan qurdağzı duası magik fəaliyyətdir, sözün təsir gücü və bıçağın ağzının (simvolik olaraq qurdun ağzını təmsil edir) bağlanması yolu ilə gerçəkləşdirilir. İnsanların möcüzəyə təsir etmək imkanı olmadığı halda, o, magik fəaliyyətlərin birbaşa icraçısıdır, məhz onun icra etdiyi rituallar, oxuduğu dualar vasitəsilə həmin fəaliyyətlər gerçəkləşir. Beləliklə, aydın olur ki, möcüzə ilahi mənşəli fəaliyyətdir, tanrının profan zamana müdaxiləsidir. O şəxsi maraqlara deyil, bəşəri maraqlara xidmət edir, mövcud dünyanın yaradıcısı, kosmik düzənin qoruyucusu kimi çıxış edir, magik fəaliyyətlərin arxasında isə mütləq şəxsi maraq, şəxsi qazanc durur.

Daha sonra məruzəçi xalq arasındakı möcüzə anlayışı ilə rəsmi dinin təbliğ etdiyi möcüzənin fərqindən bəhs etmişdir. Vurğulanmışdır ki, şifahi ənənədə möcüzə sərt teoloji çərçivəyə salınmır, şifahi ənənənin qanunlarına uyğun formalaşır; variantlaşır, təkrarlana bilir. Fövqəltəbii hadisələrlə bərabər gündəlik həyatda qarşılaşdığımız ölüm, xəstəlik, yağış, tufan, zəlzələ də möcüzə kimi təqdim oluna bilir. Dini məxəzlərdə peyğəmbərlərə şamil edilən möcüzələr isə ciddi teoloji çərçivəyə salınmış və müəyyən qayda-qanunlarla tənzimlənmişdir. Yalnız peyğəmbərlik iddiasından sonra gerçəkləşən və təbiət qanunlarının fövqündə duran və şahid ifadələri ilə təsdiqini tapan fövqəltəbii hadisələr möcüzə hesab edilir. Dini ədəbiyyatda möcüzə təkrarlanmayan, bənzərinə rast gəlinməyən hadisədir, eyni hadisə başqasını əlində zühur edirsə, artıq o möcüzə olmaq sifətini itirir. Amma xalq əfsanələrində möcüzə təkrarlanır, variantlaşa  bilir. Nəticə olaraq, xalq arasında yaradılışa xidmət edən, kosmik nizamın qoruyucusu kimi çıxış edən möcüzə dini ədəbiyyatda peyğəmbərlərin nübüvvətinin təsdiq vasitəsinə çevrilmişdir.

Məruzədə həmçinin möcüzə və kəramət münasibətlərinə də toxunulmuşdur. Məruzəçi qeyd etmişdir ki, möcüzə-kəramət ayrımı ənənədən gəlmir, kəlam ədəbiyyatının təsiri ilə peyğəmbərlik doktrinasını qorumaq, normativ sərhədlər çəkmək və teoloji ardıcıllıq yaratmaq məqsədi ilə sonrakı dövrdə ortaya atılmışdır. Kəramət ifadəsinə ancaq təhsilli, dini savadı olan mollaların, din xadimlərinin nitqində rast gəlinir, xalq arasında belə bir ayrıseçkilik yoxdur. Xalqda ilahi mənşəli bütün qeyri-adiliklər möcüzə hesab olunur. Beləliklə, vəlilərin seyidlərin əlində zühür edən qeyri-adiliklər də möcüzədir. Möcüzə nübüvvət sona yetdikdən sonra kəsilməmiş, seyidlərin, evliyaların timsalında davam etmişdir. Həmin nümunələr möcüzəyə inancı diri saxlamaqla onun bu gün də davam etməsinə səbəb olmuşdur.

Seminar məruzə ətrafında müzakirələrlə davam etmişdir.