XƏBƏRLƏR
Tacir Səmimi: Novruz insanların bir-birinə daha da yaxınlaşdığı bayramdır
Novruz bayramı Azərbaycan və bir çox türkdilli ölkələrdə keçirilən ən əsas və zəngin ənənələrə malik bayramlardan biridir. Bu bayramda xalqımızın adət-ənənələri, mərasimləri və inancları özünü aydın şəkildə göstərir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA Folklor İnstitutunun Aşıq yaradıcılığı şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Tacir Qurbanov Səmimi bildirib.
Onun sözlərinə görə, Novruz mərasimlərində müxtəlif niyyətlər, fallar və inanclar mühüm yer tutur. “Məsələn, bulaqdan su gətirilməsi xüsusi ayinlərdən biridir. Bu su adətən 10-11 yaşlı oğlan uşağı tərəfindən gətirilir və qabın içinə üzük, sırğa kimi əşyalar salınır. Sonra uşaq əlini suya salıb çıxarır və hansı əşyanı çıxarırsa, onun sahibi ilin bəxtlisi hesab olunur”, – deyə o qeyd edib.
Ekspert bildirib ki, bayram günlərində nişan taxılması da xoşbəxtlik əlaməti sayılır, qoçun buynuzuna xına yaxılması, qırmızı alma bağlanması kimi adətlər isə qədim inanclarla bağlıdır. Qırmızı alma günəşi və həyat enerjisini simvolizə edir.
“Novruz mərasimlərində geniş yayılmış inanclardan biri də “çilə-çilə” ayinidir. “İynənin ucuna pambıq bağlanaraq suya salınır. Əgər iynələr bir-birinə toxunarsa, niyyətin həyata keçəcəyi düşünülür. Bu zaman xüsusi nəğmələr oxunur. Novruz mərasimlərinin ayrılmaz hissəsi olan “nanay”lar və bayatılar da xüsusi yer tutur. Bu nəğmələr əsasən Şərqi Anadolu bölgələrində – Sivas, Qars, Ağbaba və Ərdahanda geniş yayılıb və bu gün də yaşadılır. Nanaylar çox vaxt yallı rəqsləri ilə müşayiət olunur və onların ritminə uyğun ifa edilir.
Ekspert qeyd edib ki, Novruz bayramı ərəfəsində evlər təmizlənir, səliqəyə salınır, tavana un atılması kimi rituallar yerinə yetirilir ki, bu da bolluq və təmizlik rəmzi sayılır. Gecə vaxtı bulaqdan gətirilən su müqəddəs hesab olunur, onunla həm insanlar, həm də heyvanlar təmizlənir.
“Suya daş atmaq, onu yağ-bal qabına qoymaq kimi ayinlər də bolluq və bərəkət arzusu ilə bağlıdır. Hətta bəzi inanclara görə, təndirin külfəsi ilə danışmaq, oradan gələn səsə görə niyyətin qəbul olub-olmadığını müəyyən etmək də mövcud olub”, – deyə T.Qurbanov Səmimi vurğulayıb.
O bildirib ki, Novruz ərəfəsində “qara bayram” adlanan mərasimdə insanlar qəbiristanlığa gedərək ata-babalarını ziyarət edir, onların ruhuna ehtiram göstərirlər. Bu mərasimdən sonra evdə mütləq qazan asılmalı, yemək bişirilməli və evdə sakitlik qorunmalıdır.
Alim əlavə edib ki, Novruz bayramında sosial həmrəylik və paylaşma da mühüm yer tutur. İmkanlı şəxslər yoxsullara kömək edir, xəstələr ziyarət olunur, hər kəsin bayramı sevinc içində keçirməsi üçün çalışılır.
“Bayramda heç kəs küsülü qalmamalıdır. Ağsaqqallar küsülüləri barışdırır, insanlar bir-birini ziyarət edir, qonaqlıqlar təşkil olunur. Bu, Novruzun əsas fəlsəfəsidir: birlik, sevinc və paylaşmaq”, – deyə o bildirib.
Tacir Qurbanov Səmimi qeyd edib ki, papaq atmaq, yaylıq altı və digər oyunlar da bayramın ayrılmaz hissəsidir. Bu oyunlarda da fal və niyyət elementləri yer alır və insanlar gələcəklə bağlı ümidlərini bu ayinlərdə ifadə edirlər.
Onun sözlərinə görə, Novruz bayramı günlərində süfrələr zəngin olur, meyvələr, şirniyyatlar hazırlanır və insanlar bir-birinə qonaq gedərək bayram sevincini bölüşürlər.
“Novruz bayramı xalqımızın yaddaşında sevinc, ümid və yenilənmə bayramı kimi yaşayır. Bu bayramın əsas mahiyyəti birlikdə olmaq, bir-birinə dayaq olmaq və baharın gəlişini sevinclə qarşılamaqdır”, – deyə AMEA Folklor İnstitutunun şöbə müdiri qeyd edib.