XƏBƏRLƏR
Folklor İnstitutunun əməkdaşı Xalidə Məmmədova Novruz ənənələrinin milli-mənəvi dəyərlərin qorunmasındakı rolundan danışıb
AMEA-da “Novruz ənənələri və müasir gənclik” mövzusunda tədbir keçirilib. Tədbirdə AMEA-nın Rəyasət Heyəti aparatının əməkdaşları, elmi müəssisə və təşkilatların nümayəndələri, həmçinin gənc alimlər iştirak ediblər.
Tədbirdə AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Xalidə Məmmədova “Azərbaycan folklorunda Novruz: ənənə, yaddaş və mənəvi dəyərlər” adlı məruzə ilə çıxış edib. Məruzədə Novruz bayramının Azərbaycan xalqının milli-mənəvi dəyərlər sistemində tutduğu yer, onun tarixi kökləri və folklor yaddaşında qorunub saxlanılan mərasim elementləri elmi əsaslarla təqdim olunub.
Xalidə Məmmədova çıxışında vurğulayıb ki, Novruz bayramı Azərbaycan türklərinin qədim təbiət bayramı kimi formalaşaraq bu günədək milli kimliyin mühüm göstəricilərindən biri kimi yaşamaqdadır. Çərşənbə ritualları, tonqal qalamaq, xonça bəzəmək, səməni cücərtmək kimi ənənələr xalqın mifik təfəkkürünü əks etdirərək nəsildən-nəslə ötürülür və folklor yaddaşında qorunur.
Məruzədə qeyd olunub ki, tarix boyu müxtəlif qadağa və məhdudiyyətlərə baxmayaraq, Novruz bayramı xalqın yaddaşından silinməmiş, əksinə, öz canlılığını qoruyub saxlamışdır. Bayramın əsas ideyalarından biri olan birlik və həmrəylik prinsipi ailə münasibətlərinin möhkəmlənməsində, qonşuluq əlaqələrinin inkişafında və cəmiyyət daxilində müsbət sosial mühitin formalaşmasında mühüm rol oynayır.
Sonda məruzəçi bildirib ki, Novruz mərasimlərinin ənənəyə uyğun şəkildə keçirilməsi və onların mahiyyətinin düzgün dərk olunması milli-mənəvi dəyərlərin gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Tədbir iştirakçıları tərəfindən mövzu ətrafında fikir mübadiləsi aparılıb.

