Dosent Aynur İbrahimova beynəlxalq simpoziumda çıxış edib

Dosent Aynur İbrahimova beynəlxalq simpoziumda çıxış edib

11 Mart 2026, 09:59 / Mühüm hadisələr

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur Aydınqızı İbrahimova Ankarada keçirilən beynəlxalq simpoziumda məruzə ilə çıxış edib.

Simpozium Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi, Türk Tarix və Mədəniyyət Vəqfi (TÜRKTAV), Azərbaycan Milli Elmlər Akademiyası və AMEA Folklor İnstitutunun birgə təşkilatçılığı ilə “1926 Bakı Türkoloji Qurultayının 100-cü ili – Türkologiyanın sabahına hazırlıq” mövzusunda baş tutub.

Aynur Aydınqızı İbrahimova “Birinci Türkoloji Qurultay kontekstində Vəli Xuluflunun folklor irsi və türkologiyaya töhfələri” mövzusunda məruzə ilə çıxış edib.

Məruzədə Azərbaycan folklorşünaslıq məktəbinin görkəmli nümayəndələrindən biri olan Vəli Xuluflunun elmi fəaliyyəti, onun türk xalqlarının folklor irsinin toplanması, sistemləşdirilməsi və elmi tədqiqi sahəsində gördüyü işlər geniş şəkildə təhlil olunub. Bildirilib ki, Vəli Xuluflu yalnız Azərbaycan folklorşünaslığının deyil, bütövlükdə türkoloji elmin formalaşmasında mühüm rol oynamış alimlərdən biridir.

Çıxışda vurğulanıb ki, Vəli Xuluflunun folklor materiallarının toplanması və elmi nəşrə hazırlanması sahəsində gördüyü işlər türk xalqlarının qeyri-maddi mədəni irsinin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Onun fəaliyyətində folklorun yalnız estetik və bədii dəyəri deyil, həm də xalqın tarixi yaddaşı və milli kimliyinin mühüm elementi kimi qiymətləndirilməsi ön plana çıxır.

Qeyd olunub ki, Vəli Xuluflunun “Koroğlu” dastanı ilə bağlı nəşrləri yalnız mətnin qorunması baxımından deyil, həm də folklor terminologiyası, janr təsnifatı və xalq yaddaşında yaşayan mifoloji motivlərin öyrənilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Onun topladığı rəvayətlər, deyimlər və folklor nümunələri qədim türk mifoloji düşüncəsinin izlərini əks etdirməsi ilə diqqəti cəlb edir. Bu materiallar xüsusilə “Boz qurd” motivi və qədim türk mifoloji təsəvvürləri ilə bağlı paralellərin araşdırılması baxımından mühüm elmi mənbə hesab olunur.

Vurğulanıb ki, Vəli Xuluflunun topladığı folklor materialları, xüsusilə “Koroğlu” dastanı ilə bağlı nəşrləri və araşdırmaları Azərbaycan folklorşünaslığı və türk xalqlarının ortaq mədəni irsinin öyrənilməsi baxımından mühüm elmi mənbə kimi dəyərləndirilir. Bu irs gələcək tədqiqatlar üçün etibarlı qaynaq olmaqla yanaşı, türkoloji elmin inkişafında Vəli Xuluflunun əvəzsiz rolunu bir daha təsdiq edir.