XƏBƏRLƏR
Dosent Tacir Qurbanov Qərbi Azərbaycan aşıq mühiti barədə çıxış edib
AMEA Folklor İnstitutunun Aşıq yaradıcılığı şöbəsinin müdiri, Aşıqlar Birliyinin üzvü, filologiya üzrə fəlsəfə doktoru, dosent Tacir Səmimi (Qurbanov) “Sazdan gələn tarix” verilişinin qonağı olub, Qərbi Azərbaycan aşıqları mövzusunda çıxış edib.
Verilişdə Tacir Səmimi Qərbi Azərbaycan aşıq sənətinin tarixi, zəngin ənənələri və bu sənətin incəlikləri haqqında geniş məlumat verib. O bildirib ki, Qərbi Azərbaycan qədim zamanlardan sazın və sözün beşiyi kimi tanınıb. Bu bölgədə Göyçə, Dərələyəz, Ağbaba, İrəvan, Dərəçiçək kimi zəngin aşıq mühitləri formalaşıb. Həmin mühitlər özünəməxsus hava-havacatları və ustad sənətkarları ilə tanınıb və Azərbaycan aşıq sənətinin inkişafında mühüm rol oynayıb.
Alim qeyd edib ki, erməni təcavüzü nəticəsində bu aşıq mühitləri tədricən dağıdılıb, el sənətkarları isə Azərbaycanın müxtəlif bölgələrinə səpələniblər. Buna baxmayaraq, aşıqlar xalqın dərdini, sevincini və tarixi yaddaşını saz və söz vasitəsilə yaşatmağa davam ediblər.
Veilişdə vurğulanıb ki, Qərbi Azərbaycan aşıq mühitləri Azərbaycan aşıq sənətinin zənginliyini əks etdirən mühüm mədəni ocaqlardan biridir. “Qaytarma”, “Köşəbaşı”, “Ağbabayi”, “Göyçəgülü”, “Ağır şərili”, “Yüngül şərili”, “Dərbədəli” kimi hava-havacatlar ata-babalarımızın səsini, sədasını və harayını bu günə qədər yaşadıb. Qərbi Azərbaycan el sənətkarları öz mühitlərinin adət-ənənələrini və sənət sirlərini şagirdlərinə ötürərək bu irsin davamlılığını təmin ediblər.
Verilişdə aşıq sənətinin mahir ifaçıları tərəfindən müxtəlif hava-havacatlar da səsləndirilib.