XƏBƏRLƏR
Folklor İnstitutunun əməkdaşı Qumru Şəhriyar Qazaxıstanda “Qırx batır” dastan silsiləsi ilə bağlı məruzə edib
AMEA Folklor İnstitutunun Türk xalqları folkloru şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Qumru Şəhriyar Qazaxıstanda elmi ezamiyyətdə olub. Alim M.O. Auezov adına Ədəbiyyat və İncəsənət İnstitutunda məruzə ilə çıxış edib. İnstitutun direktoru filologiya üzrə fəlsəfə doktoru Əsgər Turqanbayevin sədrliyi ilə keçirilən iclasda “Qırx batır” haqqında dastan silsiləsinin strukturu, məzmunu, tədqiqi problemləri və silsilədə adı çəkilən tarixi şəxsiyyətlər geniş müzakirə olunub.
Qumru Şəhriyar üzərində çalışdığı “Türk xalqlarının epik yaradıcılığında Qırx batır haqqında dastan silsiləsi: strukturu və formalaşması” mövzusunda doktorluq dissertasiyası barədə məlumat verərək, Qazaxıstandakı əlyazma mənbələrinin və yerli dastanşünasların mövqelərinin tədqiqat üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. İnstitutun dastanşünas alimləri – filologiya üzrə fəlsəfə doktorları Askar Turqanbayev, Seyilbek Saken, Jumaşay Rakış və Pakizat Auesbayeva mövzu ətrafında fikir və tövsiyələrini bölüşüblər. Tədbirdə həmçinin M.O. Auezov adına Ədəbiyyat və İncəsənət İnstitutunda nəşr olunan kitablar haqqında da məlumat verilib.
Səfər çərçivəsində Əl-Fərabi adına Qazaxıstan Milli Universitetində “Türk eposunun tipologiyası və silsilələşmə prosesi: struktur və poetik dövriyyə” mövzusunda beynəlxalq elmi dəyirmi masa da keçirilib. Tədbirdə Qumru Şəhriyar “Qırx batır haqqında dastan silsiləsi: strukturu və formalaşması” adlı məruzə ilə çıxış edib. Dəyirmi masaya Qazax Ədəbiyyatı və Ədəbiyyat Nəzəriyyəsi kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Samal Dəribayev moderatorluq edib. Çıxış edən alimlər mövzunun aktuallığını vurğulayaraq, “Qırx batır” silsiləsinin qazax epik ənənəsində və bütövlükdə türk dünyasının tarixi-mədəni yaddaşında mühüm yer tutduğunu qeyd ediblər.
Müzakirələr zamanı bildirilib ki, “Krımın qırx batırı” adı ilə tanınan bu epik silsilə orta əsrlərdə Qızıl Orda tarixinin bədii salnaməsi kimi formalaşıb, XIV–XVIII əsrləri əhatə edən tarixi hadisələri və qəhrəmanlıq ənənələrini günümüzə qədər yaşadıb. Qeyd olunub ki, sovet dövründə türk xalqlarının qəhrəmanlıq dastanlarının tədqiqinə qoyulan məhdudiyyətlər silsilənin sistemli şəkildə öyrənilməsinə mane olsa da, müasir dövrdə aparılan araşdırmalar bu istiqamətdə mövcud elmi boşluqların aradan qaldırılmasına xidmət edir.
Səfər çərçivəsində keçirilən görüş və müzakirələr AMEA Folklor İnstitutu ilə M.O. Auezov adına Ədəbiyyat və İncəsənət İnstitutu və Əl-Fərabi adına Qazaxıstan Milli Universiteti arasında elmi əməkdaşlığın genişləndirilməsi, türk xalqlarının epik irsinin, xüsusilə də “Qırx batır” dastan silsiləsinin müqayisəli və kompleks şəkildə araşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.




