Folklor İnstitutunun direktoru Hikmət Quliyev Beynəlxalq simpoziumda məruzə edib

Folklor İnstitutunun direktoru Hikmət Quliyev Beynəlxalq simpoziumda məruzə edib

06 Mart 2026, 09:34 / Mühüm hadisələr

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev Ankarada keçirilən beynəlxalq simpoziumda məruzə edib.

Simpozium Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi, Türk Tarix və Mədəniyyət Vəqfi, Azərbaycan Milli Elmlər Akademiyası və Folklor İnstitutunun birgə təşkilatçılığı ilə “1926 Bakı Türkologiya Qurultayının 100-cü ili – Türkologiyanın sabahına hazırlıq” mövzusunda təşkil olunub.

Hikmət Quliyev filologiya elmləri doktoru Səfa Qarayevlə birgə müəllifi olduğu “Birinci Türkoloji Qurultayın 100 illiyi kontekstində türkoloji folklorşünaslığın nəzəri və praktiki perspektivləri” adlı məruzə ilə çıxış edib.

Məruzədə türkoloji düşüncəyə tarixi-epistemoloji müstəvidə yanaşılaraq onun formalaşma mərhələləri və ideoloji məhdudiyyətləri təhlil olunub. Qeyd edilib ki, sovet ideoloji sistemi türk xalqlarının ortaq dil, tarix və mədəni kimlik kontekstində vahid elmi istiqamət kimi formalaşan türkoloji platformanın inkişafına maneələr yaradıb. Bu şəraitdə “sovet türkologiyası” əsasən dilçilik istiqamətində təmərküzləşərək “türkdilli xalqlar” formulunu önə çıxarıb, nəticədə dil faktoru milli kimlik kontekstindən ayrılmış şəkildə təqdim olunub.

Məruzədə vurğulanıb ki, “xalqlar dostluğu” və “sovet xalqı” kimi ideoloji konstruksiyalar nə ictimai şüurda, nə də akademik diskursda özünə yer tuta bilməyib. Eyni zamanda türkologiya emosional-siyasi ritorikadan kənar, rasional metodoloji əsaslara söykənən müstəqil elmi istiqamət kimi formalaşa bilməyib.

Filologiya elmləri doktoru Hikmət Quliyev çıxışında müasir mərhələdə Türk Dövlətləri Təşkilatı çərçivəsində formalaşan strateji əməkdaşlığın humanitar elmi platformada da dərinləşdirilməsinin zəruriliyini qeyd edib. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən irəli sürülən “Türk Dünyası bizim ailəmizdir” modelinin və Birinci Türkoloji Qurultayın 100 illiyinin birgə qeyd olunması təşəbbüsünün elmi inteqrasiyanın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

Məruzədə türkoloji folklorşünaslıq konsepti, onun metodoloji əsasları və tətbiqi perspektivləri diqqət mərkəzinə çatdırılıb. Alim qeyd edib ki, türkoloji folklorşünaslıq dedikdə türk xalqlarının folklorunu kollektiv yaddaşın, sosial münasibətlərin və mədəni identikliyin ifadəsi kimi inteqrativ metodlarla öyrənən, müqayisəli təhlil, rəqəmsallaşma və elmi etika prinsiplərinə əsaslanan, emosional türkçülük diskursunu rasional elmi “logiya” səviyyəsinə yüksəldən kompleks humanitar tədqiqat istiqaməti nəzərdə tutulur.

Sonda vurğulanıb ki, türkoloji folklorşünaslıq türk xalqlarının kollektiv düşüncə modellərini, ortaq və spesifik dəyərlər sistemini kompelks şəkildə araşdırmaq potensialına malikdir. Bu istiqamətdə yaradılacaq ortaq elmi şəbəkələr və rəqəmsal platformalar həm nəzəri, həm də tətbiqi tədqiqatların keyfiyyətcə yeni mərhələyə keçidinə şərait yarada bilər.