XƏBƏRLƏR
Folklor İnstitutunda tələbələrin elmi-tədqiqat təcrübəsi başlayıb
2025–2026-cı tədris ilinin yaz semestri çərçivəsində Bakı Slavyan Universiteti və Sumqayıt Dövlət Universitetinin Filologiya ixtisası üzrə IV kurs tələbələri AMEA Folklor İnstitutunda folklor elmi-tədqiqat təcrübəsinə başlayıblar.
Təcrübənin başlanması münasibətilə keçirilən tədbirdə çıxış edən institutun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev elmi müəssisə ilə ali təhsil ocaqları arasında əməkdaşlığın strateji əhəmiyyət daşıdığını vurğulayıb. O qeyd edib ki, bu cür proqramlar elm və təhsilin inteqrasiyasını gücləndirməklə yanaşı, tələbələrin nəzəri biliklərini praktik müstəvidə tətbiq etmək bacarığını formalaşdırır. Direktorun sözlərinə görə, müasir dövrdə rəqabətqabiliyyətli və peşəkar kadrların hazırlanması üçün tələbələrin təhsil aldıqları mərhələdə elmi mühitə cəlb olunması vacibdir.
H.Quliyev bildirib ki, elmi-tədqiqat təcrübəsi tələbələrə yalnız bilik qazandırmaqla məhdudlaşmır, eyni zamanda onların analitik düşüncə, mənbə ilə işləmək, folklor materiallarına elmi yanaşma sərgiləmək və əldə etdikləri nəticələri sistemli şəkildə təqdim etmək bacarıqlarını inkişaf etdirir. Onun fikrincə, ali məktəbdə mənimsənilən nəzəri biliklərin real tədqiqat prosesində tətbiqi gələcək elmi fəaliyyət üçün möhkəm zəmin yaradır.
Direktor həmçinin institutda aparılan əsas elmi-tədqiqat istiqamətləri, folklor materiallarının toplanması, sistemləşdirilməsi və akademik prinsiplər əsasında araşdırılması, eləcə də nəticələrin nəşr edilərək elmi dövriyyəyə daxil olunması prosesi barədə ətraflı məlumat verib. Qeyd olunub ki, təcrübə müddətində tələbələr institutun elmi strukturu ilə yaxından tanış olacaq, sahə materiallarının toplanması və işlənməsi metodlarını öyrənəcək, müasir tədqiqat alətlərindən istifadə bacarıqlarını inkişaf etdirəcəklər.
Təcrübənin əsas məqsədi elmlə təhsilin qarşılıqlı əlaqəsini möhkəmləndirmək, tələbələrin tədqiqat potensialını üzə çıxarmaq və onları müasir elmi çağırışlara cavab verən kadrlar kimi formalaşdırmaqdır.
Tədbirdə həmçinin Bakı Slavyan Universitetinin müəllimi Vəfa Allahverdiyeva və Sumqayıt Dövlət Universitetinin müəllimi Günay İmaməliyeva çıxış edərək tələbələrin elmi-tədqiqat təcrübəsi üçün yaradılan şəraitə görə İnstitut rəhbərliyinə minnətdarlıqlarını bilidiriblər.
Qeyd edək ki, tələbələrin elmi-tədqiqat təcrübəsi tədris semestrinin sonunadək davam edəcək.

.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)