XƏBƏRLƏR
Folklor İnstitutunda “Xocalı soyqırımı: milli yaddaş və tarixi ədalət kontekstində” mövzusunda tədbir keçirilib
AMEA Folklor İnstitutunda Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş “Xocalı soyqırımı: milli yaddaş və tarixi ədalət kontekstində” adlı anım tədbiri keçirilib. İnstitutun YAP Ərazi Partiya Təşkilatının dəstəyi ilə keçirilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Vətənimizin azadlığı və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin və Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin millət vəkili Vüqar İsgəndərov, XTQ-nin ehtiyatda olan polkovniki Eldəniz Namazov və İnstitutun əməkdaşları iştirak edib. Daha sonra Folklor Studiyası tərəfindən hazırlanmış film nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan İnstitutun direktoru, filologiya elmləri doktoru, dosent Hikmət Quliyev bildirib ki, bu gün etnik və milli ayrı-seçkilik zəminində erməni qəsbkarlarının xalqımıza qarşı törətdiyi ən ağır cinayətlərdən biri – Xocalı soyqırımının 34-cü ildönümünü yad edirik. O vurğulayıb ki, bu faciə yalnız Azərbaycan xalqına deyil, bütövlükdə insanlığa və bəşəri dəyərlərə qarşı yönəlmiş ağır cinayətdir. Beynəlxalq hüquqa əsasən, Xocalı qətliamı bir xalqın soyunu və kökünü məhv etməyə yönəlmiş soyqırımı aktıdır.
Direktor Xocalı faciəsinin tarixi və mənəvi mahiyyətinə toxunaraq qeyd edib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş SSRİ ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının iştirakı ilə Xocalıya hücum edib, şəhər ağır artilleriya atəşinə tutulub və səhərədək tamamilə alova bürünüb. Mühasirədə qalan təxminən 2500 nəfər dinc sakin Ağdama çatmaq istəyərkən amansız qırğına məruz qalıb. Nəticədə 63 uşaq, 106 qadın və 70 qoca olmaqla, ümumilikdə 613 nəfər həlak olub, yüzlərlə insan yaralanıb və əsir götürülüb, ailələr məhv edilib, şəhərə böyük maddi ziyan vurulub.
Hikmət Quliyev bildirib ki, dövlətimiz Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl fəaliyyət göstərib, “Xocalıya ədalət!” kampaniyası bir gün belə dayandırılmayıb. O qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti və rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində tarixi ədalət bərpa olunub, Xocalı, Qarabağ və Şərqi Zəngəzur əsl sahiblərinə qayıdıb.
Hikmət Quliyev qeyd edib ki, Xocalı soyqırımı Azərbaycan xalqının milli yaddaşında silinməz iz buraxmış, tarixi ədalət uğrunda mübarizənin rəmzinə çevrilmiş faciədir. Onun sözlərinə görə, bu hadisə təkcə müəyyən bir zaman kəsiyində baş vermiş qanlı cinayət deyil, həm də kollektiv yaddaşda yaşayan, milli kimliyi və ictimai həmrəyliyi gücləndirən tarixi həqiqətdir. Direktor vurğulayıb ki, Xocalı həqiqətlərinin beynəlxalq müstəvidə tanıdılması və gələcək nəsillərə çatdırılması həm mənəvi borc, həm də elmi ictimaiyyətin qarşısında duran mühüm vəzifədir.
Daha sonra çıxış edən millət vəkili Vüqar İsgəndərov Xocalı soyqırımını Azərbaycan xalqının milli yaddaşında dərin iz buraxmış faciə və mühüm ibrət dərsi kimi dəyərləndirib. O bildirib ki, bu hadisənin unudulmaması, tarixi və hüquqi mahiyyətinin obyektiv şəkildə öyrənilərək gələcək nəsillərə ötürülməsi hər bir vətəndaşın mənəvi borcudur. Xüsusilə gənc nəslin tarixi həqiqətləri prioritet mövzu kimi qəbul etməsinin vacibliyi vurğulanıb.
Millət vəkili Ermənistanın Azərbaycana qarşı uzunmüddətli təcavüz siyasətinə toxunaraq Xocalı soyqırımının miqyası və qəddarlığını qeyd edib, hadisənin beynəlxalq humanitar hüquq baxımından ağır cinayət olduğunu diqqətə çatdırıb. O, Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışının ölkədə sabitliyin təmin olunmasında mühüm rol oynadığını və 1994-cü il atəşkəsinin inkişaf strategiyasına zəmin yaratdığını bildirib.
Vüqar İsgəndərov əlavə edib ki, bu siyasi kursun davamı olaraq Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Zəfər nəticəsində Azərbaycanın ərazi bütövlüyü və tarixi ədalət bərpa olunub. O, Xocalı həqiqətlərinin beynəlxalq miqyasda tanıdılmasının əhəmiyyətini vurğulayaraq bu istiqamətdə fəaliyyətin davam etdirilməsinin vacibliyini qeyd edib.
XTQ-nin ehtiyatda olan polkovniki Eldəniz Namazov çıxışında Xocalı hadisələrinə hərbi-strateji prizmadan yanaşaraq, faciənin baş verdiyi dövrdə regionda mövcud olan mürəkkəb hərbi-siyasi vəziyyəti təhlil edib. O, mülki əhalinin üzləşdiyi təhlükələri konkret faktlarla əsaslandıraraq, Xocalıda baş verənlərin planlı və məqsədyönlü zorakılıq aktı olduğunu vurğulayıb. Bildirilib ki, Xocalı faciəsi yalnız Azərbaycan üçün deyil, ümumilikdə insanlıq üçün ağır nəticələr doğuran hadisə kimi qiymətləndirilməlidir.
Eldəniz Namazov qeyd edib ki, bu faciə xalqımızın tarixində silinməyəcək dərin iz buraxmışdır. Onun sözlərinə görə, düşmən qüvvələri say baxımından məhdud olsa da, onların arxasında dayanan güclü himayədarların mövcudluğu faciənin miqyasını genişləndirmişdir. Bu hadisənin əsas məqsədinin Azərbaycan xalqının müdafiə əzmini sarsıtmaq və cəmiyyətdə qorxu mühiti yaratmaq olduğu diqqətə çatdırılıb.
Çıxışın sonunda polkovnik vurğulayıb ki, Azərbaycan dövləti və ordusu bu kimi faciələri cavabsız qoymamış, “dəmir yumruq” siyasəti ilə düşmənə layiqli cavab vermişdir. O, bu gün Azərbaycanın daha güclü mövqedə olduğunu qeyd edərək, milli yaddaşın qorunmasının və tarixi həqiqətlərin gələcək nəsillərə ötürülməsinin vacibliyini xüsusi vurğulayıb.
Anım tədbirinin davamında məruzələr dinlənilib.
“Xocalı əsirliyindən həyata: qadınların sosial-psixoloji dirənişi” mövzusunda çıxış edən filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova Xocalı əsirliyindən sağ çıxmış qadınların yaşadıqları travmaları elmi müstəvidə təhlil edib. O, əsirlik dövründə qadınların üzləşdikləri zorakılıq, itki və psixoloji sarsıntıların onların sonrakı həyatlarına ciddi təsir göstərdiyini bildirib və bu təcrübələrin kollektiv yaddaşda dərin iz buraxdığını vurğulayıb.
Məruzədə qadınların bütün bu çətinliklərə baxmayaraq nümayiş etdirdikləri mənəvi dirəniş xüsusi qeyd olunub. Qeyd edilib ki, onların həyat hekayələri yalnız fərdi talelər deyil, həm də milli yaddaşın qorunmasına xidmət edən mühüm sosial-mədəni material kimi dəyərləndirilib.
“Xocalı soyqırımı: İnsanlığa qarşı erməni vəhşiliyi” mövzusunda çıxış edən böyük elmi işçi Aydın Mustafayev faciəni beynəlxalq hüquq normaları çərçivəsində təhlil edərək, hadisələrin planlı və sistemli xarakter daşıdığını vurğulayıb. O, mülki əhaliyə qarşı törədilmiş zorakılıqları statistik faktlar, arxiv sənədləri və etibarlı tarixi mənbələr əsasında əsaslandıraraq, Xocalı hadisələrinin mahiyyət etibarilə insanlığa qarşı cinayət kimi qiymətləndirilməli olduğunu diqqətə çatdırıb.
Məruzəçi çıxışında Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınmasının vacibliyini xüsusi qeyd edib. O bildirib ki, bu istiqamətdə aparılan elmi tədqiqatların genişləndirilməsi, faktoloji materialların sistemli şəkildə yayılması və beynəlxalq ictimaiyyətə çatdırılması mühüm əhəmiyyət kəsb edir. Aydın Mustafayev vurğulayıb ki, milli yaddaşın qorunması və tarixi həqiqətlərin gələcək nəsillərə ötürülməsi üçün bu fəaliyyət davamlı və ardıcıl xarakter daşımalıdır.
“Xocalı faciəsi milli yaddaş kontekstində” mövzusunda çıxış edən Səadət İbrahimli məruzəsində Xocalı hadisəsini milli yaddaş və kollektiv kimlik prizmasından təhlil edib. O bildirib ki, milli yaddaş xalqın tarix boyu yaşadığı hadisələrin mənəvi-simvolik toplusu olmaqla yanaşı, onun kimliyinin və dəyərlər sisteminin formalaşmasında mühüm rol oynayıb. Vurğulanıb ki, Xocalı faciəsi Azərbaycan xalqının yaddaşında yalnız tarixi fakt kimi deyil, həm də dərin mənəvi travma və ədalət axtarışının simvolu kimi mövcud olub.
Çıxışda qeyd olunub ki, faciə nəticəsində baş verən insan itkiləri və sosial sarsıntılar fərdi ağrıların kollektiv travmaya çevrilməsinə səbəb olub, bu isə milli həmrəyliyin və “biz” şüurunun güclənməsinə təsir göstərib. Eyni zamanda bildirilib ki, Xocalı hadisəsi anım mərasimləri, abidələr, ədəbiyyat və təhsil vasitəsilə nəsildən-nəslə ötürülərək milli yaddaşın davamlılığını təmin edib və Azərbaycan xalqının ictimai şüurunda həm tarixi reallıq, həm də mənəvi yaddaş elementi kimi yaşayaraq milli kimliyin möhkəmlənməsində mühüm rol oynayıb.
Sonda İnstitutun direktoru filologiya elmləri doktoru Hikmət Quliyev tədbirdə qonaq qismində iştirak edən millət vəkili Vüqar İsgəndərov və XTQ-nin ehtiyatda olan polkovniki Eldəniz Namazaova minnətdarlığını ifadə edib, xatirə şəkilləri çəkilib.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)