Beynəlxalq Ana Dili Günü qeyd olunub

Beynəlxalq Ana Dili Günü qeyd olunub

21 Fevral 2026, 15:53 / Konfranslar, İclaslar

AMEA Folklor İnstitutu və Bakı şəhəri Səbail rayonu Həbib bəy Mahmudbəyov adına 2 nömrəli texniki-humanitar liseyin birgə təşkilatçılığı ilə 21 Fevral – Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Dilimiz milli kimliyimizdir!” mövzusunda tədbirdə keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, vətənimizin azadlığı və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan 2 nömrəli texniki-humanitar liseyin direktoru Elvin Aslanlı bildirib ki, Beynəlxalq Ana Dili Günü UNESKO-nun 1999-cu il noyabr tarixində keçirilən Baş konfransının 30-cu sessiyasında təsis edilib və 2000-ci ildən etibarən bu gün dünyada dil və mədəniyyət rəngarəngliyini qoruyub saxlamaq üçün qeyd edilir. O vurğulayıb ki, hər bir xalq öz tarixini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini gələcək  nəsillərə məhz öz ana dili vasitəsilə çatdırır. Ana dil insanın düşüncə tərzinin, dünyagörüşünün və milli kimliyinin formalaşmasında mühüm rol oynayır. Odur ki, dilimizin saflığının qorunması, inkişaf etdirilməsi hər bir vətəndaşın borcudur.

Sonra AMEA Folklor İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, dosent Leyla Məmmədovanın “Dil milli xarakteri təyin edən amildir” mövzusunda məruzəsi dinlənilib. Məruzədə qeyd olunub ki, milli mənsubiyyəti, dili qorumaq kimi ali missiyanı layiqincə daşıyan Ümummilli Lider Heydər Əliyevin dil siyasəti, ana dilinə qarşı həssaslığı hər bir azərbaycanlı üçün örnəkdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 3 noyabr 2025-ci il tarixində AAMEA-nın 80 illik yubileyinə həsr olunmuş yığıncaqda və  5 yanvar  2026-cı il tarixində yerli televiziya kanallarına verdiyi müsahibədə bayraqla, gerblə, himnlə birlikdə dili də  dövlətçiliyin əsas atributu kimi vurğulayıb.

“Əsrlər boyu klassiklərimiz əsərlərində ana dilini əcnəbi dillərə məxsus ifadələrdən, tərkiblərdən təmizləmək sahəsində fədakarlıq, həqiqi vətənpərvərlik nümunəsi göstəriblər. Çünki bədii dildə ümumxalq dilinin və milli ruhun duyulması əsas şərtdir. M.F.Axundzadə, N.Vəzirov, Ə.Haqverdiyev, C.Məmmədquluzadə, S.S.Axundov, C.Cabbarlı, Y.V.Çəmənzəminli, Ü.Hacıbəyli, Mir Cəlal və başqa yazarlar ədəbi dili xalqın danışıq dili ilə yaxınlaşdırmış, onu əsərlərində sadə və anlaşıqlı şəkildə işlətmişlər”, – deyə Leyla Məmmədova bildirib.

AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur İbrahimova “Ana dili milli varlığımız və qürur mənbəyimizdir” mövzusunda məruzəsində diqqətə çatdırıb ki, dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və güclü vasitədir. Ana dili insanın mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün genişlənməsində, mükəmməl təhsil almasında, soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır. O çıxışında AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin Akademiya institutları ilə orta məktəblər arasında əməkdaşlığın həyata keçirilməsinə dair çağırışlarını, bu kimi tədbirlərin elm və təhsil müəssisələrinin inteqrasiyasını sürətləndirməsi və qarşılıqlı əlaqələrin tənzimlənməsi məsələsi haqqındakı fikirlərini də diqqətə çatdırıb.

Daha sonra aparıcı elmi işçi, filologiya üzrə fəlsəfə doktoru, dosent Gülnar Osmanova “Ana dili folklor yaddaşının semantik daşıyıcısı kimi” mövzusunda məruzəsini təqdim edib. Məruzədə bildirilib ki, ana dili hər bir xalqın mənəvi varlığının əsas ifadə vasitəsidir. Xalqın tarix boyu topladığı təcrübə, dünyanı dərketmə modeli, etnopsixoloji xüsusiyyətləri və estetik zövqü məhz dil vasitəsilə qorunur və gələcək nəsillərə ötürülür. Azərbaycan folkloru isə bu mənada milli yaddaşın ən arxaik və ən saf qatlarını özündə saxlayan mədəni sistemdir. Alim həmçinin qeyd edib ki, folklor mətnlərində söz nominativ funksiyadan kənara çıxaraq simvolik və arxetipik məna daşıyır. Bu mətnlərdəki obrazlar kollektiv şüurun məhsulu kimi formalaşır və onların semantik yükü dil vasitəsilə reallaşır. Ana dili mifoloji kodları, arxetipik obrazları və milli yaddaşı özündə birləşdirərək folklor mətnlərini yalnız bədii nümunə deyil, həm də mədəni identiklik modeli kimi təqdim edir.

Filologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Əliyeva “Nağılların dili: alleqoriya” mövzusunda məruzə edərək Azərbaycan nağıllarında heyvanlar vasitəsilə insanlara dərs verilməsindən danışıb. Bildirib ki, onlar bizə yaxşılıq etməyi, dost olmağı, doğru danışmağı öyrədir. Deməli, nağıllarda heyvanlar bizim kimi danışır, çünki onlar bizim ana dilimizdə yaradılıb. Biz də ana dilimizi sevməli, düzgün danışmalı və gözəl sözlər işlətməliyik. Çünki ana dili bizim milli kimliyimizdir  Biz ana dilimizlə düşünürük, sevinirik, danışırıq və nağıllar yaradırıq. Gəlin ana dilimizi sevək, onu düzgün danışaq və həmişə qoruyaq! Ana dilimizi qorusaq, nağıllarımız da, sözlərimiz də, kimliyimiz də yaşayacaq. 

Filologiya üzrə fəlsəfə doktoru, dosent Gülsümxanım Hasilova “Əsrlərin yadigarı Ana dilim” mövzusunda məruzəsində diqqətə çatdırıb bir xalqın, bir millətin var olmasının başlıca amillərindən biri və ən vacibi özünəməxsus dilinin olmasıdır. 21 Fevral – Beynəlxalq Ana Dili Günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq və inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır. “Tarix durduqca bu dəyərli sərvətimizin qayğısına qalmalı və dilimizi mükəmməl formada gələcək nəsillərə ötürməliyik. Bu, hər birimizin bir vətəndaş kimi ən böyük amalı olmalıdır”,  – deyə Gülsümxanım Hasilova çıxışını yekunlaşdırıb.

Tədbirdə liseyin məzunu, Xalq şairi Fikrət qocanın qızı Gülay Qoca da çıxış edərək ana dilinin hər bir insan üçün doğmalıq, vətən sevgisi və milli mənsubiyyət rəmzi olmasından danışıb.

Sonda Həbib bəy Mahmudbəyov adına 2 nömrəli texniki-humanitar liseyin dərs hissə müdiri Ülviyyə Tahirzadə çıxış edərək AMEA Folklor İnstitutunun rəhbərliyinə, tədbirin təşkil olunmasında əməyi keçən hər kəsə, o cümlədən liseyin Azərbaycan dili və ədəbiyyatı müəllimi Nəzakət Xudiyevaya və məruzəçilərə təşəkkürünü bildirib. O, Azərbaycanın görkəmli şairlərinin şeirlərindən nümunələr səsləndirib və qeyd edib ki, dilimizi sevmək, düzgün danışmaq və gələcək nəsillərə ötürmək bizim ən mühüm vəzifələrimizdəndir

Tədbirə bədii hissə ilə yekun vurulub. Liseyin Azərbaycan və rus bölmələrinin 6-cı və 7-ci sinif şagirdlərinin ifasında  tanınmış şairlərin Ana dilinə həsr olunmuş şeirləri səsləndirilib, müxtəlif əsərlərdən səhnəciklər nümayiş olunub.