XƏBƏRLƏR
AMEA Folklor İnstitutu ilə BDU-nun Filologiya fakültəsi birgə elmi sessiya keçirib
AMEA Folklor İnstitutu və Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin birgə təşkilatçılığı ilə 21 Fevral – Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Ana dilinin saflığının qorunması: qloballaşma dövründə milli kimlik və dil” mövzusunda elmi sessiya keçirilib. Tədbir universitetin Filologiya fakültəsində baş tutub, elmi ictimaiyyət nümayəndələri, alimlər və tələbələr iştirak ediblər.
Sessiya Folklor Studiyası tərəfindən hazırlanmış “Ana dilimiz milli varlığımızdır” adlı videoçarxın nümayişi ilə başlanıb.
Açılış nitqi ilə çıxış edən fakültə dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Məmmədov tədbir iştirakçılarını salamlayaraq 21 Fevral – Beynəlxalq Ana Dili Gününün əhəmiyyətindən bəhs edib. O qeyd edib ki, ana dili hər bir xalqın milli-mənəvi varlığının, tarixi yaddaşının və mədəni kimliyinin daşıyıcısıdır. Dil yalnız ünsiyyət vasitəsi deyil, həm də xalqın dünyagörüşünü, düşüncə tərzini və dəyərlər sistemini formalaşdıran əsas amildir.
O, Azərbaycan dilinin dövlətin dil siyasətinin əsas istiqamətlərindən biri olduğunu vurğulayaraq qeyd edib ki, Azərbaycan dili yalnız ölkə daxilində deyil, həm də Cənubi Azərbaycanda yaşayan soydaşlarımızın ana dili kimi milli birliyi təmin edən mühüm amil olaraq çıxış edib. Bildirilib ki, müasir dövrdə müxtəlif xalqlar və dillər arasında qarşılıqlı təsir prosesi daha da intensivləşib və bu vəziyyət dilin qorunması məsələsini daha da aktuallaşdırıb.
Dosent Elçin Məmmədov qeyd edib ki, ana dilinin qorunması istiqamətində dövlət səviyyəsində mühüm yanaşmalar formalaşdırılıb və bu kontekstdə Akademiyanın 80 illik yubileyində dövlət başçısı tərəfindən dilin saflığı ilə bağlı səsləndirilən fikirlər xüsusi əhəmiyyət daşıyıb. Vurğulanıb ki, həmin çıxışda dilin yad təsirlərdən qorunması, milli dilin saflığının təmin edilməsi məsələsi strateji vəzifə kimi dəyərləndirilib. Alim dilin saflığının qorunması ilə bağlı mövcud problemlərə də toxunaraq bildirib ki, bu sahədə əsas çətinliklər daha çox təhsil prosesində və media mühitində özünü göstərir. Qeyd olunub ki, məktəblərdə dilin düzgün tədrisi və mediada ədəbi dil normalarına riayət olunması istiqamətində sistemli və məqsədyönlü tədbirlərin həyata keçirilməsi zəruridir.
Universitet mühitində ana dilinin saflığının qorunmasının vacibliyindən danışan Elçin Məmmədov bildirib ki, bu işlər yalnız tədris prosesi ilə məhdudlaşmamalı, həm də elmi araşdırmalar, maarifləndirici tədbirlər və ictimai müzakirələr vasitəsilə davamlı şəkildə təşviq olunmalıdır. O, belə elmi sessiyaların dilçilik elminin aktual problemlərinin müzakirəsi və sağlam elmi mühitin formalaşması baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib.
AMEA Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev çıxış edərək qeyd edib ki, həm ötən il noyabr ayının 3-də AMEA-nın 80 illik yubiley tədbirində, həm də 2026-cı ilin 5 yanvar tarxində yerli telekanallara müsahibəsində Azərbaycan Respublikasının Prezidneti cənab İlham Əliyev dilin saflığının qorunması məsələsini xüsusi diqqətə çatdırdı. Cənab Prezident müasir dövrdə Azərbaycan dilinin təkcə Azərbaycanın sərhədləri daxilində deyil, dünyada yaşayan 50 milyonluq azərbaycanlıların dili olduğunu və bu dilin min illərin sıanğından keçərək müasir dövrə gəlib çıxdığını vurğuladı. Hikmət Quliyev qeyd edib ki, bu çağırış bütün qurumların, o cümlədən, elm və təhsil sahəsində çalışan alim və mütəxəssislərin qarşısında mühüm vəzifələr qoyub. “Ana dilinin saflığının qorunması zahirən sadə görünsə də, əslində olduqca məsuliyyətli və çoxşaxəli məsələləri özündə ehtiva edir” deyən, Hikmət Quliyev bildirib ki, dil, ədəbiyyat və mədəniyyət tarixən dövlətçiliyin əsas atributları kimi çıxış edib, dövlət isə dilin qarantı və himayəçisi funksiyasını yerinə yetirib. Alim qeyd edib ki, dil öz-özünü təşkil edən təbii sistem olsa da, müasir dövrdə ona müxtəlif formalarda müdaxilələr müşahidə olunur və bu proseslər elmi yanaşma tələb edir.
Direktor vurğulayıb ki, hər bir dil spesifik inkişaf yolu keçmiş, daxili qanunauyğunluqlara malik açıq sistemdir və qloballaşma, rəqəmsallaşma prosesləri bu sistemdə yeni təzahürlər yaradır. O, ana dilinin saflığının qorunmasının institusional aspektlərinə toxunaraq təhsil prosesində dilin düzgün mənimsədilməsinin, dərslik və dərs vəsaitlərinin keyfiyyətinin yüksəldilməsinin, eləcə də uşaq sənayesinin – cizgi filmləri, uşaq ədəbiyyatı, uşaq folkloru və dərgilərin yüksək səviyyədə təşkilinin vacibliyini qeyd edib.
Çıxışda həmçinin vurğulanıb ki, dilin saflığı məsələsi yalnız normativ qaydalara riayət çərçivəsində məhdudlaşmır, bu, eyni zamanda milli kimlik məsələsidir və milli məzmunun qorunması ilə birbaşa bağlıdır. Bu kontekstdə folklorun həm ölkə daxilində, həm də diaspor mühitində yaşayan azərbaycanlıların milli-mənəvi dəyərlər əsasında formalaşmasında mühüm rol oynadığı diqqətə çatdırılıb. Sonda qeyd edilib ki, dil məsələsi milli kimlik, milli təhlükəsizlik və strateji inkişaf məsələsi kimi dəyərləndirilməli və bu istiqamətdə ardıcıl işlər həyata keçirilməlidir.
Elmi sessiya çərçivəsində məruzələr dinlənilib və müvafiq mövzular üzrə çıxışlar edilib.
BDU-nun Filologiya fakültəsinin kafedra müdiri, filologiya elmləri doktoru, professor Tofiq Hacıyev “Azərbaycan ədəbi dili normaları və nitq mədəniyyəti” mövzusunda məruzə ilə çıxış edib. Çıxışında dil ilə xalqın ayrılmaz vəhdət təşkil etdiyini vurğulayıb, onların bir-birini yaşadan əsas amillər kimi çıxış etdiyini qeyd edib. Professor Tofiq Hacıyev bildirib ki, Azərbaycan dili böyük bir xalqın tarixi yaddaşını, dünyagörüşünü və milli kimliyini özündə daşıyan fundamental dəyərdir və bu baxımdan onun qorunması milli varlığın qorunması deməkdir. Professor dilin saflığı anlayışını xüsusi olaraq önə çəkərək qeyd edib ki, dilin saflığı onun normativ əsaslarının qorunması ilə birbaşa bağlıdır.
Çıxışda dilin mövcud problemləri sistemli şəkildə təhlil edilib və bu problemlərin başlıca olaraq təhsil sistemi və test üsulunun tətbiqi və s. ilə əlaqəli olduğu bildirilib. Qeyd olunub ki, dilin normativ qaydalarının mənimsədilməsində yaranan boşluqlar şagirdlərdə dil duyumunun zəifləməsinə səbəb olub. Bununla yanaşı, kütləvi informasiya vasitələrində, xüsusilə televiziyada dilin istifadəsi məsələsinin ciddi problemlər doğurduğu vurğulanıb, aparıcıların və çıxış edən şəxslərin nitqində norma pozuntularının artdığı diqqətə çatdırılıb.
Professor konkret dil faktları və nümunələr əsasında bu problemləri izah edərək “alğı-satqı” sözündə fonetik prinsipə uyğun olaraq “alqı” deyil, “alğı” formasının işlədilməsinin düzgün olduğunu bildirib, cingiltili samitdən sonra kar samitin işlənməsi prinsipinin pozulmasının yolverilməz olduğunu qeyd edib. O, ədəbi dilin normativ sisteminin formalaşma prinsiplərini elmi əsaslarla izah edərək, fonetik, leksik və qrammatik normalara riayətin vacibliyini vurğulayıb. Professor bildirib ki, ədəbi dilin sabitliyi və saflığının qorunması cəmiyyətin ümumi nitq mədəniyyətinin yüksəldilməsində əsas amillərdəndir.
AMEA Folklor İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru, dosent Ağaverdi Xəlil “Qloballaşma şəraitində ədəbi dil və akademik yazı” mövzusunda məruzə ilə çıxış edərək qloballaşma şəraitində ədəbi dil və akademik yazının qarşılaşdığı problemləri təhlil edib. O bildirib ki, ana dili yalnız ünsiyyət vasitəsi deyil, həm də milli kimliyin və mədəni yaddaşın əsas daşıyıcısıdır və bu baxımdan qloballaşma prosesləri dilin qorunması və inkişafına yeni yanaşmalar tələb edir. Qeyd edilib ki, ədəbi dil cəmiyyətin intellektual inkişafında mühüm rol oynayır, akademik yazı isə elmi biliklərin sistemli və obyektiv təqdimatını təmin edən əsas vasitə kimi çıxış edib.
Çıxışda vurğulanıb ki, müasir dövrdə akademik yazı sahəsində bir sıra sistemli problemlər müşahidə olunub. Terminoloji qeyri-sabitlik, eyni anlayışların müxtəlif formalarda ifadə edilməsi və xarici mənşəli terminlərin uyğunlaşdırılmadan işlədilməsi elmi ünsiyyətdə qarışıqlıq yaradıb. Bununla yanaşı, üslub və janr qarışıqlığı, yəni bədii və publisistik ifadələrin elmi mətnə daxil olması akademik obyektivliyi zəiflədib, qrammatik və sintaktik uyğunsuzluqlar isə mətnlərin anlaşıqlığını aşağı salıb.
Ağaverdi Xəlil həmçinin mənbə mədəniyyətinin zəifliyi, plagiat halları və xarici dillərin təsiri nəticəsində normativ dil qaydalarının pozulması kimi məsələlərə toxunub. O qeyd edib ki, akademik yazıda tənqidi və analitik düşüncənin zəifliyi də ciddi problemlərdən biri kimi çıxış edib. Sonda bu problemlərin aradan qaldırılması üçün terminoloji standartlaşdırmanın aparılmasının, akademik yazı bacarıqlarının sistemli şəkildə tədrisinin, dil normalarına nəzarətin gücləndirilməsinin və akademik etik prinsiplərə ciddi riayət olunmasının vacibliyi vurğulanıb.
Filologiya fakültəsinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru, dosent Fikrət Şiriyev “Ərəb, fars və rus dillərindən dilimizə keçən termin və şəxs adlarında problemlər” mövzusunda çıxış edərək Azərbaycan dilinin tarixi inkişaf prosesində müxtəlif dillərlə qarşılıqlı təsir şəraitində formalaşdığını qeyd edib. O bildirib ki, dil cəmiyyətin mədəni səviyyəsini və dünyagörüşünü əks etdirən əsas ünsiyyət vasitəsi olmaqla yanaşı, heç vaxt digər dillərdən təcrid olunmuş şəkildə inkişaf etməyib. Tarixi-coğrafi mövqeyə görə Azərbaycan dilinin Şərq və Qərb mədəniyyətlərinin kəsişməsində təşəkkül tapdığı vurğulanıb, ərəb və fars dillərinin uzun müddət elmi, dini və rəsmi sahələrdə dominantlıq etdiyi, sonrakı mərhələdə isə rus dilinin imperiya siyasəti çərçivəsində dilə ciddi təsir göstərdiyi diqqətə çatdırılıb.
Məruzəçi qeyd edib ki, müasir dövrdə dilin qarşısında duran əsas problemlərdən biri alınma sözlər və terminlərlə bağlı düzgün balansın qorunmasıdır. O, İlham Əliyev tərəfindən səsləndirilən fikrə istinad edərək vurğulayıb ki, xarici kəlmələrin nəzarətsiz və məqsədsiz şəkildə işlədilməsi dilin zənginləşməsinə deyil, əksinə, onun tədricən aşınmasına səbəb olur. Bununla yanaşı, çıxışda qeyd edilib ki, bütün alınma sözlərə qarşı çıxmaq elmi baxımdan düzgün yanaşma deyil, çünki beynəlxalq terminlər elmi ünsiyyətin ayrılmaz hissəsidir və dilin inkişafının təbii nəticəsi kimi qəbul olunmalıdır. Alim rus dili vasitəsilə dilimizə keçmiş bəzi söz və onomastik vahidlərin yenidən nəzərdən keçirilməsinin vacibliyi, terminoloji siyasətin mərhələli və elmi əsaslarla aparılmasının zəruriliyini qeyd edib. Sonda dilin yad təsirlərdən qorunmasının hər bir vətəndaşın məsuliyyəti olduğu bildirilib.
AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev “Sosial şəbəkələrin Azərbaycan ədəbi dilinə təsirləri: dilin saflığının qorunması yolları” mövzusunda məruzəsində qloballaşma və rəqəmsal texnologiyaların sürətli inkişafı fonunda sosial şəbəkələrin müasir cəmiyyət həyatındakı rolunu geniş şəkildə təhlil edib. O bildirib ki, bu platformalar gündəlik ünsiyyətin əsas vasitələrindən birinə çevrilərək insanların fikir mübadiləsi, informasiya paylaşımı və ictimai mövqelərinin ifadəsində mühüm yer tutur. Məruzəçi vurğulayıb ki, sosial media Azərbaycan dilinin istifadə dairəsini genişləndirir, xüsusilə gənclər arasında ana dilinə marağı artırır, yeni ədəbi və publisistik istedadların üzə çıxmasına şərait yaradır. Eyni zamanda, xaricdə yaşayan azərbaycanlıların sosial şəbəkələr vasitəsilə ana dilində ünsiyyət qurması milli kimliyin və dil bağlılığının qorunmasına xidmət edir.
Bununla yanaşı, Əpoş Vəliyev sosial şəbəkələrin Azərbaycan ədəbi dilinə mənfi təsirlərini də diqqətə çatdırıb. O qeyd edib ki, xarici sözlərin və alınmaların həddindən artıq istifadəsi, qısaldılmış ifadə formaları, orfoqrafik səhvlər, əlifbaya uyğun olmayan hərflərin işlədilməsi və emojilərin mətn daxilində sözləri əvəz etməsi dilin struktur bütövlüyünə xələl gətirə bilər. Məruzəçi bu halların xüsusilə gənc nəslin yazı vərdişlərinə mənfi təsir göstərdiyini, ədəbi norma və qaydalardan uzaqlaşma meyillərini gücləndirdiyini bildirib. Onun fikrincə, sürətli və qeyri-rəsmi ünsiyyət tərzi bəzən dilin zəngin ifadə imkanlarını kölgədə qoyur və söz ehtiyatının məhdudlaşmasına səbəb olur.
Məruzəçi sonda bildirib ki, sosial şəbəkələr düzgün istiqamətləndirildiyi təqdirdə dilimizin inkişafına xidmət edə bilər və bu prosesdə cəmiyyətin bütün təbəqələrinin fəal iştirakı mühüm rol oynayır.
AMEA Folklor İnstitutunun böyük elmi işçi Zəfər Fərhadov isə “Folklor Azərbaycan ədəbi dilinin potensial qaynağı kimi” mövzusunda çıxışında folklorun milli-mənəvi yaddaşın daşıyıcısı olmaqla yanaşı, müasir ədəbi dil üçün də zəngin və tükənməz mənbə rolunu oynadığını ətraflı şəkildə əsaslandırıb. O, qeyd edib ki, əsrlər boyu formalaşmış bayatı, nağıl, dastan və atalar sözləri xalqın düşüncə tərzini, dünyagörüşünü və estetik zövqünü özündə əks etdirməklə yanaşı, həm də milli söz ehtiyatının qorunub saxlanılmasında mühüm rol oynayıb. Məruzəçi vurğulayıb ki, bu mətnlərdə yaşayan saf və orijinal sözlər müasir dövrdə dilimizə daxil olan alınma sözlərə uğurlu alternativlər yaratmaq baxımından olduqca qiymətlidir. Onun fikrincə, folklor dilinin təmiz və təbii qatı ədəbi dilin zənginləşdirilməsi, ifadə imkanlarının genişləndirilməsi və milli koloriti qoruması üçün mühüm resursdur.
Zəfər Fərhadov çıxışında folklor mətnlərinin sintaktik xüsusiyyətlərinə də toxunaraq onların sadə, lakin təsirli quruluşa malik olduğunu bildirib. O, folklor nümunələrində fikirin aydın, lakonik və obrazlı şəkildə ifadə edildiyini, bu xüsusiyyətlərin isə müasir ədəbi dil üçün örnək sayıla biləcəyini diqqətə çatdırıb. Məruzəçi qeyd edib ki, xalq yaradıcılığında istifadə olunan canlı ifadə vasitələri, metaforalar və bədii təsvirlər dilin emosionallığını artırır, nitqin axıcılığını və təsir gücünü gücləndirir. Bu baxımdan folklor yalnız leksik baxımdan deyil, həm də üslubi və sintaktik baxımdan ədəbi dilin inkişafına mühüm töhfə verir. O bildirib ki, xalq terminologiyası müəyyən elmi yanaşma və normativ uyğunlaşdırma yolu ilə elmi və publisistik üsluba da tətbiq edilə bilər. Bu proses həm dilin milli əsaslarını möhkəmləndirər, həm də terminoloji sistemin zənginləşməsinə xidmət edər. Məruzəçi sonda vurğulayıb ki, folklor dilimizin gələcək inkişaf strategiyasında mühüm yer tutmalı, milli dil siyasətində prioritet istiqamətlərdən biri kimi dəyərləndirilməlidir.
Tədbirin sonunda iştirakçılar tərəfindən ana dilinin qorunması istiqamətində maarifləndirici fəaliyyətlərin gücləndirilməsinin, xüsusilə gənc nəsildə nitq mədəniyyətinin formalaşdırılmasının əhəmiyyəti qeyd edilib, bu sahədə elmi və praktiki əməkdaşlığın davam etdirilməsinin zəruriliyi vurğulanıb.

.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpg)


