AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya elmləri doktoru Sərxan Xavəri Daha.tv-də çıxış edib

AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya elmləri doktoru Sərxan Xavəri Daha.tv-də çıxış edib

18 Fevral 2026, 20:53 / Müsahibələr, çıxışlar

Daha TV-də görkəmli tənqidçi və ədəbiyyatşünas Yaşar Qarayevin həyat və yaradıcılığına həsr olunmuş geniş müsahibə yayımlanmışdır. Verilişdə müsahibəni Aqşin Yenisey aparmış, qonaq qismində isə AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya elmləri doktoru Sərxan Xavər iştirak etmişdir.

Müzakirə zamanı Yaşar Qarayev fenomeni yalnız ədəbiyyatşünaslıq çərçivəsində deyil, XX əsr ümumtürk humanitar-ictimai düşüncəsinin zirvələrindən biri kimi dəyərləndirilmişdir.

 Qeyd olunmuşdur ki, onun elmi-ədəbi və kulturoloji-fəlsəfi baxışları milli sərhədləri aşmış, geniş intellektual məkan formalaşdırmış və zaman keçdikcə aktuallığını daha da artırmışdır.

Verilişdə Qarayev irsinin ictimai şüura ötürülməsi zərurəti xüsusi vurğulanmışdır. Rəqəmsal informasiya mühitində diqqət iqtisadiyyatının gücləndiyi, dərin düşüncənin səthi istehlakla əvəzləndiyi bir şəraitdə onun irsinin gənc nəsil üçün idraki müstəqillik və mənəvi bütövlük modeli olduğu bildirilmişdir.

Müsahibədə elmin diskursiv mahiyyəti də təhlil edilmişdir. Bu çərçivədə Yaşar Qarayev “özünü özündə təhlil və təsdiq etmiş şəxsiyyət” kimi xarakterizə olunmuş, onun elmi mövqeyinin daxili etik və intellektual məsuliyyətə əsaslandığı vurğulanmışdır.

Verilişdə Qarayev yaradıcılığının mərhələləri də sistemləşdirilmişdir. Analitik-filoloji başlanğıcdan fəlsəfi-kulturoloji konseptuallaşmaya qədər uzanan inkişaf xətti onun düşüncəsinin xronoloji deyil, konseptual model üzrə formalaşdığını göstərmişdir. “Tarix: yaxından və uzaqdan” əsəri isə milli yaddaş konsepsiyasının yekun ifadəsi kimi dəyərləndirilmişdir.

Həmçinin onun dil fenomeni üzərində dayanılmış, elmi dəqiqliklə poetik intonasiyanın sintezi, koqnitiv metaforalarla zəngin analitik üslub Qarayev yaradıcılığının əsas xüsusiyyəti kimi təqdim edilmişdir. Klassik irsə münasibətdə sxolastik yanaşmaların tənqidi və poeziyanın estetik-idraki təcrübə kimi dərk edilməsi verilişin əsas müzakirə istiqamətlərindən biri olmuşdur.

Verilişdə Yaşar Qarayevlə bağlı xatirələr də səsləndirilmişdir.

Beləliklə, Daha TV-də yayımlanmış müsahibə Yaşar Qarayev irsini müasir çağırışlar fonunda yenidən qiymətləndirmək üçün əhəmiyyətli intellektual platforma kimi çıxış etmişdir.