Filologiya üzrə fəlsəfə doktoru Tacir Qurbanov Aşıq yaradıcılığı şöbəsinə müdir təyin edilib

Filologiya üzrə fəlsəfə doktoru Tacir Qurbanov Aşıq yaradıcılığı şöbəsinə müdir təyin edilib

06 Fevral 2026, 14:14 / Mühüm hadisələr

Filologiya üzrə fəlsəfə doktoru, dosent Tacir Qurbanov AMEA Folklor İnstitutunun Aşıq yaradıcılığı şöbəsinin müdiri vəzifəsinə təyin olunub. Bununla əlaqədar olaraq İnstitutun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyev yeni şöbə müdirini Aşıq yaradıcılığı şöbəsinin kollektivinə təqdim edib.

Təqdimat mərasimində çıxış edən Hikmət Quliyev bildirib ki, tanınmış aşıqşünas alim, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədlinin vəfatından sonra şöbənin fəaliyyəti Tacir Qurbanov tərəfindən icra edilib. Direktor vurğulayıb ki, Tacir Qurbanov uzun illər ərzində aşıq yaradıcılığı sahəsində ardıcıl və sistemli elmi araşdırmalar aparmış, çoxsaylı məqalə və monoqrafiyalar nəşr etdirmişdir. Onun elmi əsərləri mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir. Hikmət Quliyev Tacir Qurbanovun elmi məsuliyyəti və təşkilati təcrübəsinin şöbənin fəaliyyətinin daha səmərəli qurulmasına, aşıq irsinin tədqiqi və təbliği istiqamətində institutun qarşıya qoyduğu elmi məqsədlərin uğurla reallaşdırılmasına mühüm töhfə verəcəyinə inandığını bildirib.

Tədbirdə Folklor İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Afaq Ramazanova, institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Abbasov, Aşıq yaradıcılığı şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Sahibə Paşayeva çıxış edərək yeni rəhbər təyinatını təqdirəlayiq hesab etdiklərini bildiriblər.

Sonda çıxış edən filologiya üzrə fəlsəfə doktoru, dosent Tacir Qurbanov göstərilən etimada görə İnstitutun rəhbərliyinə və kollektivə minnətdarlığını ifadə edib.

Qeyd edək ki, Tacir Qurbanov orta təhsilini vətəni Ağbabada alıb, Bakı Dövlət Universitetini bitirib. O, 2000-ci ildən etibarən AMEA Folklor İnstitutunda çalışır. 2011-ci ildə “Ağbaba aşıq mühiti” mövzusunda filologiya üzrə fəlsəfə doktoru dissertasiyasını müdafiə edərək elmi dərəcə alıb.

Tacir Qurbanov Azərbaycan folklorunun, xüsusilə Ağbaba aşıq mühitinin tədqiqinə həsr olunmuş çoxsaylı kitab və məqalələrin müəllifi olmaqla yanaşı, müxtəlif bölgələrdən zəngin folklor materialları toplamış, bir sıra mühüm elmi nəşrlərin tərtibçisi və redaktoru olmuşdur. O, uzun illər Azərbaycan radiosunda yayımlanan “Xalq yaradıcılığı. Bulaq” verilişlərinin ssenari müəllifi kimi də fəaliyyət göstərmişdir.