Cənubi Azərbaycan folkloru şöbəsinin 2026-cı il üzrə fəaliyyət istiqamətləri müzakirə olunub

Cənubi Azərbaycan folkloru şöbəsinin 2026-cı il üzrə fəaliyyət istiqamətləri müzakirə olunub

04 Fevral 2026, 13:38 / Konfranslar, İclaslar

AMEA Folklor İnstitutunun Cənubi Azərbaycan folkloru şöbəsinin 2026-cı il üzrə elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş iclası keçirilib. İclasda şöbənin əməkdaşları iştirak edib və gündəlikdə duran aktual elmi və təşkilati məsələlər ətrafında geniş müzakirələr aparılıb.

İclası giriş sözü ilə açan şöbə müdiri fil.e.d., dos. Mətanət Abbasova qeyd edib ki, 2025-ci il üzrə şöbənin elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabatı Elmi şurada müzakirə olunaraq uğurla qəbul olunub. Alim vurğulayıb ki, ötən illərdən fərqli olaraq, builki Hesabat Elmi Şuranın genişləndirilmiş iclasında hibrid formada təşkil edilib və İnstitutun kollektivi müxtəlif şöbələrdə həyata keçirilən işlərlə yaxından tanış olub. Həmçinin cari ildə Güney Azərbaycan folkloru şöbəsinin fəaliyyət planı Folklor İnstitutunun Elmi şurasında geniş müzakirə olunmuş və əməkdaşların qarşısında duran vəzifələr dəqiqləşdirilmişdir. Alim vurğulayıb ki, 2026-cı ildə Cənubi Azərbaycan folklorunun toplanması, tədqiqi, sistemləşdirilməsi və elmi dövriyyəyə daxil edilməsi istiqamətində işlər davam etdiriləcək, mövcud elmi layihələrin icrası diqqət mərkəzində saxlanılacaqdır.

İclasda cari ildə “Cənubi Azərbaycan folkloru” şöbəsində çapı nəzərdə tutulan kitab layihələri ayrıca müzakirə olunub, xüsusilə də “Rüstəm və Söhrab” dastanının səsli materiallar əsasında dinlənilərək yazıya köçürülməsi və elmi tərtibatının hazırlanması nəzərdə tutulub. Kitabın mövzu çərçivəsi, elmi məzmunu və hazırlanma mərhələləri ilə bağlı fikir mübadiləsi aparılıb, şöbə əməkdaşlarına müvafiq tapşırıqlar verilib.

Bununla yanaşı, şöbənin böyük elmi işçisi Lalə Bədirova və elmi işçi Səadət İbrahimlinin “Güney Azərbaycan folklor mühitində uşaq nəğmələri və oyunları” mövzusunda toplanmış materiallar əsasında kitabın hazırlanmasının planlaşdırıldığı diqqətə çatdırılıb.

İclasda şöbənin elmi işçilərinin 2026-cı il üzrə fərdi plan işləri təqdim olunub. Təqdim olunan planlar əsasında əsas elmi istiqamətlər, tədqiqat mövzuları və prioritet fəaliyyət sahələri müəyyənləşdirilib. Bundan əlavə, il ərzində hazırlanacaq elmi məqalələrin mövzu istiqamətləri, hər bir əməkdaşın fərdi elmi fəaliyyət planları müəyyən edilib.

İclasda həmçinin şöbənin elmi işçilərin İnstitutun daxili tədbirlərində, eləcə də respublika və beynəlxalq səviyyəli elmi konfranslarda fəal iştirakının vacibliyi qeyd olunub. Bildirilib ki, bu cür elmi platformalarda təmsil olunmaq şöbənin elmi nüfuzunun artırılmasına və beynəlxalq elmi əlaqələrin genişlənməsinə mühüm töhfə verəcəkdi.

Sonda şöbə müdiri fil.e.d. Mətanət Abasova 2026-cı il üçün müəyyənləşdirilmiş vəzifələrin vaxtında və yüksək keyfiyyətlə icra olunmasının Cənubi Azərbaycan folklor irsinin öyrənilməsi, qorunması və təbliği baxımından xüsusi əhəmiyyət daşıdığı vurğulayıb.