Azərbaycan dilinin saflığı: milli kimlik və folklor yaddaşı

Azərbaycan dilinin saflığı: milli kimlik və folklor yaddaşı

02 Fevral 2026, 10:50 / Müsahibələr, çıxışlar

Fəlsəfi yanaşmada ictimai şüur forması olan dil aid olduğu xalqın milli kimlik, milli xarakter xüsusiyyəti olmaqla, eyni zamanda onun tarixi yolu və taleyidir. Zəngin mədəni irs qaynağında Azərbaycan dili də bu baxımdan öz tarixi taleyində müxtəlif siyasi-ictimai hadisələrdən yol almış, zaman-zaman təzyiqlərə məruz qalmış, dilə olan hücum və təsirlərdən yan keçməmişdir. Dilimizin lüğət tərkibində geniş yer tutan ərəb-fars, rus sözləri, rus dili vasitəsilə keçən Avropa mənşəli ifadələr bu baxımdan həm də xalqın dünəndən xəbər verən onun keçmişidir. Müasir günümüzdə qloballaşan dünyada dilin saflığı, nitq təmizliyi xüsusilə aktuallıq qazanmış, dilin konseptual nüvəsinin qorunmasını gündəmə gətirmişdir. Vaxtilə Ümumilli Lider Heydər Əliyevin yerində və uğurla apardığı dil siyasəti bu kontekstdə “süni yenilənmələrin” qarşısını almaqla dilin keyfiyyətliliyi və normativliyinə öz təsirini göstərmişdir. Bu gün yeni dövrün sürətli dəyişiklikləri şəraitində – müxtəlif siyasi-ictimai proseslərin mürəkkəbləşməsi, mədəniyyətlərin qarşıdurması, ekoloji tarazlığın pozulması, sosial şəbəkələrdəki aktivlik və s. dilə müasirləşmə nöqteyi-nəzərindən öz təsirini göstərməkdədir. Eyni yanaşmada dilin formalaşma və zənginləşməsini təmin edən müasir ədəbi prosesdə baş verən yenilənmələr – dünya modelinin ədəbiyyatda müxtəlif prinsiplər üzərində qurulmaqla oxucunu ayrı-ayrı labirintlərdə “düşündürməsi”, mətnlərin çevrilmə, metamorfozlarda “oxunması”, nəticə çıxarılması, bədii modelləşmədə yazıçı transformasiyalarının mürəkkəbliyi və s. nəticə etibarilə dil və nitq qəlibinə də öz təsirini göstərməkdədir. Başqa sözlə desək, müasir qloballaşan dünyada mətbuat da daxil olmaqla ayrı-ayrı dil elementlərini birləşdirən assosiativ yüklü işarələr, onların kombinasiyaları bilavasitə dilin fundamental bazasına hədəflənməkdədir.

Prezident İlham Əliyevin Azərbaycan ədəbi dilinin saflığı, qorunması istiqamətində ardıcıl və prinsipial mövqedən apardığı siyasəti bu gün dilimizin keyfiyyətliliyinin qorunması, müasirliyi nəzərə almaqla daxili imkanları hesabına inkişafı, mədəni sərvətimiz, irsimizə olan qayğıdan irəli gəlir. Cənab prezidentin AMEA-nın 80 illik yubileyinə həsr olunmuş təntənəli iclasında dilimizə olan qayğı və nəzarəti gücləndirməsi istiqamətində irəli sürdüyü tələbləri bir daha bu problemi geniş şəkildə ziyalılar, humanitar sahənin tədqiqatçıları qarşısında vəzifə kimi qoymuşdur. Cənab prezident İlham Əliyev öz çıxışında xüsusilə qloballaşan müasir dünyada Azərbaycan dilinə olan həssaslığını dilə gətirmiş, “yenilənmə”, “müasirləşmə” işığında bu irsə olan qayğı və tələbatın gücləndirilməsini bir daha ictimaiyyətin, elm xadimləri, ziyalıların nəzərinə çatdırmışdır. Prezidentin dilimizin qorunması, saflaşdırılması istiqamətində qoyduğu tələbləri əslində təkcə bu sahədə çalışan dilçi-alimlərin deyil, tarixçi, folklorşünas, etnoqraf, jurnalist və s. sahələrin mütəxəssislərinin də birgə fəaliyyətini nəzərdə tutmaqdadır. Bu baxımdan dil problemlərinin araşdırılması, öyrənilməsi ədəbi dilin qaynaqlandığı folklor irsinin öyrənilməsi, dialekt və şivələrimizin orijinallığının mətnlərdə qorunması və s. imkanları bir daha gündəmə gətirmişdir.

Dünyanın folklor-linqvistik mənzərəsinin məzmunu struktur təşkilinin spesifikliyi, sosial-tarixi meyllərlə şərtlənən folklor konseptual sferası ilə müəyyən edilir, sosial-mədəni amilin folklor dilinə dolayı təsirini göstərir.

Məlumdur ki, folklor hadisəsi mədəni yaddaş daşıyıcısıdır. Folklor aid olduğu etnosun keçmişi, milli-mənəvi irsi, kimliyi, dünyagörüşü və s. özündə birləşdirən tarixi və dəyərlər sistemidir. Ayrı-ayrı folklor mətnləri-atalar sözləri, nağıllar, xalq mahnıları, dastanlar və s. Azərbaycan mentalitetini anlamaq, xalq mədəniyyətinin fundamental sabitlərini müəyyən etmək üçün zəngin, əvəzolunmaz bir mənbədir. Folklor ənənəvi xalq mədəniyyətinin modelləşdirmə sistemi olaraq, bu mədəniyyətin daşıyıcısının sosial təcrübəsini, mənəvi dəyərlərini müəyyənləşdirir, ənənəvi mədəni və etnik məna sistemini, mentalitetini təmsil edir. Folklor xalqın məişəti, həyat təcrübəsinə əsaslandığından burada bu və ya digər cəhətlərlə yanaşı, milli kimlik, dövlət idarəçiliyi, etno-konfessionallıq, ideoloji müəyyənlik və s. kimi siyasi məsələlər də ayrıca yer tutur. Folklor etnosiyasəti, etnopolitikası bu baxımdan ictimai həyatın, milli maraqların, etnomədəni tələblərin kompleksində xalq yaradıcılığı sahəsinə fərqli bir prizmadan yanaşılmasını da tələb edir. Təsadüfi deyildir ki, Qüzey Azərbaycanda imperiyanın apardığı dil siyasəti, eləcə də Güney Azərbaycanda mədəni irsimizə olan kəskin təzyiqlərdə folklor nümunələri daha çox yaranmış, xalq məişətində gizli şəkildə mərasimlərimizin keçirilməsi ənənəsi davam etdirilmişdir. Bu fakt əslində xalqın siyasi mübarizə enerjisinin folklorda möhkəmlənən güclü dalğası demək idi. Deməli, folklor əslində dillə bağlı bütün sferaların yaddaşını öz təcrübəsində qoruyub saxlamaqdadır. Ədəbi dilin qorunması, saflaşdırılması siyasəti həm də onun ilkin qaynağı olan folklor mədəniyyəti, dilinin mühafizə edilməsi deməkdir. Çünki milli kimlik, psixologiya, milli davranış, ümumilikdə etnik mentalitetin daşıyıcısı olan folklor yaddaşı onun dilində qorunur və həm də müasir günümüzdə Azərbaycan dilinin saflığı məsələsinin araşdırılması linqvistik istiqamətin mental(konsept) yanaşmada birliyini tələb edir. Ədəbi dilimizə keçən bir çox dialekt, dil elementlərinin bu gün toplama materiallarında yer almaması, yazıya alınarkən diqqətsizlikdən kənarda saxlanılması, yaxud informator nitqində “yenilənməsi” gələcək nəsil üçün ciddi təhlükədir. Folklor mətnlərinin dilində sabit elementlər və onların dəyişkənliyə məruz qalması, süni transformasiyalar, yeni invariantların qurulması və s. bu sahədə diqqətdə saxlanılacaq problemlər sırasındadır.

Ədəbi dilin zənginləşməsi daimi bir prosesdir, gələcəkdə bir çox dil alınmalarını əvəz edə biləcək dialekt faktlarının qorunması bu baxımdan problemə kompleks yanaşmanı təlqin edir. Folklor dili elementləri bilavasitə qədim türk dil elementlərinin dominant xüsusiyyətini daşıdığından bu mətnlərin öyrənilməsində xüsusi həssaslıq tələb olunur. Təsadüfi deyildir ki, tarixi, etnolinvistik lüğətlərin hazırlanması folklor dilindən gələn məna və anlayışların məzmununda ifadə olunur.

Yeri gəlmişkən qeyd edək ki, dilin saflaşdırılması, qorunmasına kompleks yanaşma həm də mədəni baxışda nitqin təmizlənməsi deməkdir. Yad sözlərdən, ifadələrdən, elementlərdən azad olan dil effektiv ünsiyyətin də məzmununa təsir etmiş olur. Dil eyni zamanda sosial təcrübənin yükünü daşıyır, bu baxımdan ünsiyyətində vacib olmayan elementlərin aradan qaldırılması da dilin saflaşdırılmasının prinsipləri sırasında yer almaqdadır. Bu gün ölkə rəhbərinin dilimizin saflığının qorunması ilə bağlı irəli sürdüyü tələbləri bir daha hər birimizin qarşısına bizim vətəndaş mövqeyimizi, müqəddəs borcumuzu xatırlatmaqla, onu yerinə yetirmək vəzifəsini qoymaqdadır.