Leyla Kamran qızı Məmmədov AMEA Folklor İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru - Ana dilinin şifahi və yazılı ədəbiyyatda funksiyası: milli kimlik və bədii ifadə perspektivi

Leyla Kamran qızı Məmmədov AMEA Folklor İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru - Ana dilinin şifahi və yazılı ədəbiyyatda funksiyası: milli kimlik və bədii ifadə perspektivi

30 Yanvar 2026, 17:46 / Müsahibələr, çıxışlar

Hər bir xalqın ədəbiyyatı onun mənəvi dünyasının və milli kimliyinin əksidir. Bu mənəvi zənginliyi formalaşdıran əsas faktor isə dilin rolu və statusudur. Azərbaycan Səfəvi dövlətinin banisi, görkəmli dövlət xadimi və şair Şah İsmayıl Xətai ana dilini dövlət dili səviyyəsinə yüksəltmiş, əsərlərini doğma dilində qələmə almış, xalq ədəbiyyatının nümunələrindən fəal şəkildə bəhrələnmiş və aşıq yaradıcılığını yüksək qiymətləndirmişdir.

Milli mənsubiyyətin qorunması və dilin saxlanılması hər bir vətəndaşın ali vəzifəsi hesab olunur. Bu müqəddəs missiyanın vacibliyini Ümummilli lider Heydər Əliyev də daim vurğulamışdır. Onun dil siyasəti və ana dilinə göstərdiyi həssaslıq hər bir azərbaycanlı üçün nümunəvi model təşkil edir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 3 noyabr 2025-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda və 5 yanvar 2026-cı ildə verdiyi müsahibələrdə dili bayraq, gerb və himn ilə birlikdə dövlətçiliyin ayrılmaz atributu kimi təqdim etmişdir. Dövlət başçısı çıxışlarında dilin milləti millət edən amil olduğunu xüsusi vurğulayaraq, onun başqa dillərin təsiri altına düşməməsinin milli kimliyin qorunması baxımından vacib olduğunu qeyd etmişdir. Prezident İlham Əliyev, eyni zamanda, müasir texnologiyalar dövründə dilə xarici sözlərin daxil olub assimilə olunmasının qarşısının alınmasının zəruriliyini diqqətə çatdırmış, Azərbaycan dilinin qorunmasının dövlətin əsas vəzifəsi olduğunu vurğulamışdır.

Dil yalnız milli kimliyin qorunmasında deyil, həm də ədəbiyyatın formalaşmasında əsas vasitədir. Xalqın danışıq dilinin incəliklərini dərindən mənimsəmək bacarığı bədii əsərlərin aktuallığını və əbədiyaşarlığını təmin edən əsas göstəricidir. Yazıçı dili onun xalq ədəbiyyatına bələdliyi, həyat təcrübəsi, dünyagörüşü və düşüncə aləmi ilə birbaşa bağlıdır. Şifahi və yazılı ədəbiyyat nümunələrində dil əsərin aləti, obrazların təzahürü və bədii ifadənin açarı rolunu oynayır.

Tarixən klassik Azərbaycan ədibləri ana dilini ərəb və fars dillərinin təsirlərindən və əcnəbi sözlərin həddindən artıq istifadəsindən qorumaq sahəsində fədakarlıq nümunəsi göstərmişlər. M.F. Axundzadə komediyalarında və “Aldanmış kəvakib” povestində bədii dilin qayda-qanunlarına riayət edərək ədəbi dili yeni inkişaf mərhələsinə çıxarmışdır. Onun ənənəsini N. Vəzirov, Ə. Haqverdiyev, C. Məmmədquluzadə, S.S. Axundov, C. Cabbarlı, Y.V. Çəmənzəminli, Ü. Hacıbəyli, Mir Cəlal və digər görkəmli yazarlar davam etdirmiş, əsərlərində ədəbi dili xalq danışıq dili ilə yaxınlaşdırmışlar.

Azərbaycan dilinin zəngin söz xəzinəsindən səmərəli istifadə edən bu ədiblər bədii əsərlərdə obrazların yaradılmasında, onların hərtərəfli təsvirində dilin aydınlığına və məzmunluluğuna böyük əhəmiyyət vermişlər. Xüsusilə dram janrında dil obrazların hərəkətini, qarşılıqlı münasibətlərini və duyğularını ifadə edən əsas vasitədir. Dialoqlar vasitəsilə obrazlar bir-biri ilə qarşılıqlı təsirə girir, fikir və duyğularını çatdırır. Bu dialoqlarda xalq ədəbiyyatına aid nağıl, dastan, lətifə, atmaca, atalar sözü və məsəllərdən gətirilmiş elementlərin istifadəsi əsərlərin uzunömürlülüyünü təmin etmişdir.

Klassik yazarlar xalq dilinə xas təşbihləri və məcazi ifadələri yerli-yerində, hər janrın tələblərinə uyğun şəkildə istifadə etmişlər. Nəticədə, əsərlərin dili səlis, axıcı və təbii olmuş, mükalimələrin konkretliyi və yığcamlığı oxucunu yormadan əsərin estetik və bədii dəyərini artırmışdır.

Nəticə etibarilə, ana dili yalnız milli kimliyin və mədəni yaddaşın qoruyucusu deyil, eyni zamanda şifahi və yazılı ədəbiyyatın inkişafında əsas vasitədir. Dilin zənginliyi və saflığı bədii ifadənin əsas şərti olaraq ədiblərə obraz yaratmaqda, milli dəyərləri qorumaqda və gələcək nəsillərə ötürməkdə imkan verir. Beləliklə, hər bir vətəndaşın dilimizi qorumaq və inkişaf etdirmək missiyası, həm milli kimliyimizin bərqərar olması, həm də ədəbiyyatımızın əbədiyaşarlığının təmin olunması baxımından əvəzsiz əhəmiyyət kəsb edir.