Folklor İnstitutunun professorunun dərs vəsaiti nəşr olunub

Folklor İnstitutunun professorunun dərs vəsaiti nəşr olunub

21 Yanvar 2026, 16:02 / Nəşrlər

AMEA Folklor İnstitutunun baş elmi işçisi, filologiya elmləri doktoru, professor Almaz Həsənqızının “Folklorşünaslığa giriş” (Bakı, Turan evi, 2025, 284 s.) adlı kitabı işıq üzü görüb. Dərs vəsaitinin ilk nəşri 2015-ci ildə yayınlanıb. Ötən müddət ərzində müəllif əsər üzərində ciddi şəkildə işləmiş, onu tək­mil­ləş­di­rmiş, bəzi fəsillər (“Folk­lor və fəl­sə­fə”, “Folk­lor və mən­tiq”) əlavə edərək, yeni elmi qaynaqlarla zənginləşdirmişdir.

Bilindiyi kimi, son il­lər­də ali və or­ta mək­təb­lər­də ye­ni təd­ris üsul­la­­rın­dan is­ti­fa­də za­ma­nı, in­no­va­tiv me­tod­la­rın tət­bi­qi pro­­se­­sin­də fən­lə­ra­ra­sı əla­qə­lə­rin ge­niş­lən­di­ril­mə­si, multidissiplinar təhlilin vacibliyi mə­sə­lə­si­nə xü­­su­si diq­qət ye­ti­ril­mək­də­dir. Məhz bu amil nə­zə­rə alı­na­raq, in­di­­yə­dək ya­zı­lan dərs­lik­lər­də ötə­ri şə­kil­də bəhs olu­nan bir mə­­sə­lə – folk­lo­run di­gər elm­lər­lə əla­qə­si problemi kitabda fərq­li şə­kil­də qoyulmuş, da­ha ətraflı şərh edil­miş­dir. Burada folklorun mifologiya, yazılı ədəbiyyat, dilçilik, tarix, coğrafiya, din, pedaqogika, psixologiya, riyaziyyat, musiqi, təbabət, kulinariya və s. ilə bağlılığı problemi mətnlərə istinad edilməklə araşdırılıb.

Ki­tab­da mövzu ilə bağlı ən mühüm nəzəri mənbələrə istinad olunmuş, Türkiyədə, Azər­bay­canın Güneyində və mü­ha­ci­rət­də folk­lor­la bağ­lı ya­ra­nan təd­qi­­qat­la­ra xüsusi yer ve­rilib.

“Folklorşünaslığa giriş” kitabı ali məktəblərin hu­ma­ni­tar fa­kül­tə­lə­rinin ba­ka­lavr pil­lə­­sin­də təh­sil alan tə­lə­bə­lər üçün nə­zər­də tu­tulub. Eyni zamanda əsərdən folk­lor­la bağ­lı araş­dır­ma apa­ran təd­qi­qat­çı­lar, hə­min fən­ni təd­ris edən mü­tə­xəs­sis­lər də is­ti­fa­də edə bi­lər­lər.

Qeyd edək ki, AMEA Folklor İnstitutunun dəstəyi və Bakı Qızlar Universiteti Elmi Şurasının qərarı ilə nəşr olunan kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı, rəyçiləri filologiya elmləri doktoru, professor Cəlil Qəriboğlu və filologiya elmləri doktoru, professor Ülkər Nəbiyevadır.