FOLKLOR İNSTİTUTUNDA AZƏRBAYCANDA YAŞAYAN DOMLARIN FOLKLOR NÜMUNƏLƏRİ TƏDQİQ OLUNUB

FOLKLOR İNSTİTUTUNDA AZƏRBAYCANDA YAŞAYAN DOMLARIN FOLKLOR NÜMUNƏLƏRİ TƏDQİQ OLUNUB

07 Yanvar 2026, 09:21 / Nəşrlər

AMEA Folklor İnstitutunun Elmi şurasının qərarı ilə “Azsaylı xalqların folkloru” seriyasının VII cildi nəşr olunub. Nəşr Azərbaycanda yaşayan Dom (qaraçılar) etnik qrupunun folklorunun toplanması və elmi tədqiqinə həsr edilib.

Kitabda domların etnik həyatı, təsərrüfat fəaliyyəti və məişəti haqqında məlumatlar təqdim olunub, eyni zamanda onlardan toplanmış folklor nümunələri yer alıb. Tədqiqat materialları əsasən Ağsu, Ağdaş, Yevlax, Bərdə, Ağdam və Ağcabədi rayonlarında məskunlaşmış dom icmalarından qeydə alınıb. Domların verdikləri məlumatlara əsasən, bu etnik qrup müxtəlif tayfa və təbəqələrdən təşkil olunmuşdur: əmirlilər, qaralar, sarılar, bədirkilər, leştanlılar, iranlılar və sair. Tayfalar, adətən, nəsil mənsubiyyətinə görə deyil, rənginə və coğrafi mənşəyinə görə adlandırılmışdır.

Domların Azərbaycanda məskunlaşması 1956-cı ilin oktyabrında SSRİ Ali Sovetinin SSRİ ərazisində yaşayan köçəri tayfaların oturaqlaşdırılması ilə bağlı qəbul etdiyi qərardan sonrakı dövrə təsadüf edir. Məlumata görə, hər tayfa məskunlaşma zamanı sıx əlaqədə olduğu bölgəni seçmişdir. Oturaq həyata keçid mərhələsində dövlət tərəfindən onlara müəyyən imtiyazalar verilmiş, o cümlədən beş il müddətinə hərbi xidmətdən azad edilmişlər. Folklor ekspedisiyası zamanı aparılmış müşahidələr göstərir ki, domların yaşlı nəsli uzun müddət yeni həyat tərzinə uyğunlaşmaqda çətinlik çəkmiş, köçəri həyatı arzulamışlar. Lakin xam torpaqlara sürgün olunacaqlarından ehtiyat edərək bu həyatla barışmış və tədricən oturaq həyata alışmışlar.

Yerli əhali ilə eyni dildə danışmalarına və oxşar adət-ənənələri daşımalarına baxmayaraq, domlar özlərini yerli əhalidən fərqləndirmişlər. Özlərindən olanlara dom, pancım, olmayan­lara isə tayı, pincilə demişlər. Tayı dedikdə hansısa bir qövmü deyil, irq, milliyyət ayrıseçkiliyi qoymadan dom olmayan hər kəsi nəzərdə tutmuşlar. Domların uzun müddət digər icmalara qapalı olmaları, özlərinə məxsus peşə sahələrini (ələkçilik, falçılıq, küçə rəqqaslığı və s.) yaşatmaları, dünyanı dom – tayı, pancım – pincilə kimi fərqli qütb­­lərə ayırmaları onların etnik kimliyinin qorunub saxlanmasında mühüm rol oynamışdır.

Domların  danışıq dili Azərbaycan dilidir. Toplanmış folklor materialları və dil faktlarının təhlili göstərir ki, domlar arasında vahid dialekt mövcud deyildir. Onların danışıq dili əsasən məskunlaşdıqları bölgələrin ləhcələrinə uyğun formalaşmışdır. Bununla yanaşı, məişətdə öz aralarında istifadə etdikləri və “dom dili” adlandırdıqları leksik vahidlər mövcuddur. Bu dilə müstəqil dil kimi baxmaq mümkün deyil, çünki qrammatik və sintaktik quruluşu Azərbaycan dilinin imkanları əsasında qurulub. Söz ehtiyatı o qədər zəngin deyil, bəzən eyni sözlə bir neçə məfhum ifadə olunur. Topluda dom  dilinə məxsus təxminən 200 söz, ifadə və cümlə təqdim edilmişdir. Söz ehtiyatının məhdud olması bu dildən yalnız məişət səviyyəsində istifadə olunmasına imkan vermişdir.

Kitabda Ağsu, Ağdaş, Yevlax və Bərdə rayonlarında məskunlaşmış domlardan  yazıya alınmış əfsanə və rəvayətlər, nağıllar, lətifələr və inanclar yer almışdır. Tədqiqat zamanı müəyyən edilmişdir ki, domların özlərinə məxsus folklor nümunələri yoxdur, onlardan qeydə alınmış mətnlər Azərbaycan folklor nümunələrdir. Amma toplanmış nümunələrdəki söyləyici təhkiyəsinin gözəlliyi, epik təsvirlərin genişliyi domların  Azərbaycan folklorunun usta daşıyıcıları və biliciləri olduqlarını göstərir. Toplanmış materiallar arasında həm ənənəvi süjetlərin maraqlı variantlarına, həm də yeni süjetlərə rast gəlinir.

Nəşrdə, həmçinin Yevlax rayonunda məskunlaşmış kürddilli, Balakən və Qax rayonlarında yaşayan farsdilli qaraçılardan toplanmış folklor nümunələri də yer almışdır. Kitab “Elm və təhsil” nəşriyyatında çap edilmişdir. Materialları toplayıb tərtib edən və ön sözün müəllifi filologiya üzrə fəlsəfə doktoru İlkin Rüstəmzadədir.