Folklor İnstitunun dosenti Aynur İbrahimova Ürgənc Dövlət Universitetində Azərbaycan–Özbək folklor əlaqələrinə həsr olunmuş ustad dərsləri keçib

Folklor İnstitunun dosenti Aynur İbrahimova Ürgənc Dövlət Universitetində Azərbaycan–Özbək folklor əlaqələrinə həsr olunmuş ustad dərsləri keçib

05 Yanvar 2026, 15:37 / Əməkdaşlıq

Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aynur İbrahimova Özbəkistan Respublikasının Xarəzm vilayətində yerləşən Əbu Reyhan Biruni adına Ürgənc Dövlət Universitetində “Azərbaycan və özbək folklorşünaslıq əlaqələri” fənni üzrə ustad dərsləri keçib. Cari ilin 6 noyabr tarixindən başlayan dərslər universitetin Filologiya və incəsənət fakültəsinin IV kurs tələbələri üçün nəzərdə tutulmuş və iki ay ərzində davam edib.

Məşğələlər tələbələr tərəfindən böyük maraqla qarşılanmış, mövzular ətrafında geniş elmi müzakirələrlə müşayiət olunmuşdur. Dosent Aynur İbrahimova məruzələrində folklor nəzəri irsinin özünəməxsus xüsusiyyətləri və zəngin ənənələri, Azərbaycan və özbək folklorşünaslığının aktual problemləri, xalq ədəbiyyatının təsnifatı və dövrləşdirilməsi, folklorun digər elm sahələri ilə qarşılıqlı əlaqəsi, şifahi xalq yaradıcılığının erkən qaynaqları haqqında ətraflı məlumat verib.

Dərslər zamanı Azərbaycan və özbək mərasim folkloru, hər iki xalqda mərasim folkloru ilə bağlı formalaşmış kiçik janrlar, mövsüm və mərasim nəğmələrinin xüsusiyyətləri, qədim türk dastanları, aşıq-baxşı yaradıcılığının üslub və forma xüsusiyyətləri diqqətə çatdırılıb. Bununla yanaşı, Azərbaycan və Özbəkistanda uşaq folklorunun tədqiqi tarixi, uşaq folklorunun janrları, eləcə də yeni dövr folklor yaradıcılığına dair mövzular tələbələrə təqdim olunub.

Ustad dərsləri çərçivəsində dosent Aynur İbrahimova “Ulu Öndər Heydər Əliyev və Azərbaycan–Özbəkistan mədəni əlaqələri”, “Azərbaycan folkloru və türk arealı”, “Azərbaycan və özbək şifahi xalq ədəbiyyatının növləri və janrları”, “Folklor və tarix”, “Folklor və dil”, “Qədim türk dastan və eposları”, “Özbək və Azərbaycan folklor tədqiqatçıları” mövzularında məruzələrlə çıxış edib.

Dosent Aynur İbrahimova, həmçinin universitetdə Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Filologiya və incəsənət fakültəsində fəaliyyət göstərən Yusif Vəzir Çəmənzəminli adına Azərbaycan–Özbək Dostluq Mərkəzində tələbələr üçün Yusif Vəzir Çəmənzəminlinin həyat və yaradıcılığına, eləcə də folklor mövzularına həsr olunmuş dərslər keçib.

Tədris prosesinin sonunda Filologiya və incəsənət fakültəsinin rəhbərliyi tərəfindən elmi-pedaqoji əməkdaşlığa görə qonaq alimə təşəkkürnamə və xatirə hədiyyələri təqdim edilib.

Səfər çərçivəsində dosent Aynur İbrahimova Xarəzm Vilayəti Pedaqoji Maharat Mərkəzində və Ürgənc Dövlət Universitetində professor Cabbar Eşonqulovun 60 illik yubileyinə həsr olunmuş elmi-praktik konfranslarda məruzə ilə çıxış etmiş, yerli televiziya kanallarına müsahibə vermişdir.