XƏBƏRLƏR
Folklor İnstitutunun əməkdaşları “Vikipediya” təlimlərini uğurla başa vurublar
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) təşkil olunan növbəti “Vikipediya” təlimləri yekunlaşıb. Təlimləri uğurla başa vuran AMEA Folklor İnstitutunun əməkdaşlarına sertifikatlar MEK-in direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynov tərəfindən təqdim edilib.
“Vikipediya”nın müasir dövrdə mühüm əhəmiyyətə malik informasiya mənbəyi olduğunu vurğulayan Hüseyn Hüseynov bu platformada Azərbaycanla bağlı materialların zənginləşdirilməsinin vacibliyini vurğulayaraq təlim iştirakçılarını təbrik edib və gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Təlimlər MEK-in Elektron resurslar şöbəsinin baş mütəxəssisi Xəyalə Məmmədli tərəfindən aparılıb. Sonda təlimləri uğurla başa vuran Folklor İnstitutunun əməkdaşları – filologiya üzrə fəlsəfə doktoru, dosent Elnarə Əmirli, filologiya üzrə fəlsəfə doktoru Sürəyya Əlizadə, Vəfa Salehova və Nigar Abdullayeva Mərkəzi Elmi Kitabxananın sertifikatları ilə təltif olunublar.
Qeyd edək ki, bir ay davam edən təlimlərə cəlb olunan AMEA Folklor İnstitutunun əməkdaşları “Vikipediya” virtual ensiklopediyada məqalələrin yaradılması, redaktəsi, digər dillərdən Azərbaycan dilinə tərcüməsi və yerləşdirilməsi istiqamətində praktiki bilik və bacarıqlar əldə ediblər. Təlim müddətində 20-dən artıq məqalə yaradılıb və redaktə olunub.





