XƏBƏRLƏR
Folklor İnstitutunun alimi medalla təltif edilib
Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun “Mifologiya” şöbəsinin aparıcı elmi işçisi, filologiya elmləri doktoru, dosent Şakir Əlif oğlu Albalıyev “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” medalı ilə təltif edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 20 fevral 2025-ci il tarixli Fərmanı ilə təsis edilmiş medal media sahəsinin inkişafında xüsusi xidmətləri olan, bu sahədə səmərəli fəaliyyət göstərən və ya media ilə əməkdaşlıqda fərqlənən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə təqdim edilir.
2009-cu ildən “Xudafərin” (hazırda “Ulu Xudafərin”) qəzetinin baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyi və Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, dosent Şakir Albalıyev 12-dən artıq monoqrafiyanın, çoxsaylı yerli mətbuat yazıları və xarici məqalələrin müəllifidir. O, “Tərəqqi” medalı (2020), “Qızıl qələm” (2009), “Ömər Faiq Nemanzadə” (2010), “Araz” (2010), “Peşəkar jurnalist” (2010), “Vicdanlı qələm” (2015) mükafatları və bir sıra fəxri fərmanlara layiq görülmüşdür.

