FOLKLOR İNSTİTUTUNDA QƏRBİ AZƏRBAYCAN FOLKLORUNUN TOPLANMASI VƏ NƏŞRİ UĞURLA DAVAM ETDİRİLİR

FOLKLOR İNSTİTUTUNDA QƏRBİ AZƏRBAYCAN FOLKLORUNUN TOPLANMASI VƏ NƏŞRİ UĞURLA DAVAM ETDİRİLİR

19 Dekabr 2025, 15:25 / Nəşrlər

AMEA Folklor İnstitutunda “Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çap olunub. Kitabda Göygöl rayonunda məskunlaşmış Qərbi Azərbaycan sakinlərindən toplanmış folklor örnəkləri yer alıb. Məlum olduğu kimi, Göygöl rayonunda yaşayan Qərbi azərbaycanlılar əsasən Göyçə və Vedi mahallarından deportasiya edilmiş əhalidir. Onların bir qismi 1948–1953-cü illərdə, böyük əksəriyyəti isə 1988-ci ildə zorla öz doğma yurdlarından çıxarılaraq bu ərazilərə köçürülmüşdür.

1948-ci il deportasiyası zamanı köçürülən əhali əsasən rayon mərkəzində, qismən isə aran kəndlərində məskunlaşmışdır. Qərbi azərbaycanlıların Göygöl rayonuna əsas kütləvi köçü isə 1988-ci ildə baş vermiş, həmin dövrdə gələn əhali daha çox rayonun dağlıq kəndlərində yerləşdirilmişdir. Bir sıra yaşayış məntəqələri kompakt şəkildə formalaşmış və köçkünlər öz əvvəlki kənd adlarını yeni məskunlaşdıqları ərazilərə vermişlər. Yeni Zod və Göyçəkənd kəndləri bu prosesin bariz nümunələrindəndir.

Kitabda 1918-ci ildə ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş kütləvi zorakılıqlar, eləcə də 1988-ci il deportasiyası zamanı yaşanan faciələr barədə Qərbi azərbaycanlılardan toplanmış məlumatlar “Xatirələr” bölməsində təqdim olunub. Bu materiallar tarixi yaddaşın qorunması baxımından mühüm elmi  əhəmiyyət daşıyır.

Nəşrdə Göyçə bölgəsində yerləşən ziyarətgahlar və müqəddəs ocaqlar haqqında məlumatlara da geniş yer verilib. Qaradaş ocağı, Pir ocağı, Miskin Abdal, Seyid Bayram, Seyid Qulu və digər seyidlərə aid kəramətlər, seyidliyin ötürülməsi və seyidlik nişanəsi ilə bağlı folklor mətnləri təqdim edilmişdir.

Topluda Aşıq Ələsgər haqqında qeydə alınmış rəvayətlər xüsusilə diqqəti cəlb edir. Bu mətnlərdə Aşıq Ələsgər adi bir aşıq deyil, “haqq aşığı” kimi təqdim olunur, ona vergi verildiyi, qiyabi şəkildə həcc ziyarətinə getdiyi və qeyri-adi gücə sahib olduğu vurğulanır. Sözügedən rəvayətlər göyçəlilərin dünyagörüşündə Aşıq Ələsgərin müqəddəs və fövqəladə bir şəxsiyyət kimi qəbul edildiyini göstərir.

Maraqlı folklor nümunələri sırasında Zod kənd sakini Bəhram Qamanov haqqında toplanmış lətifələr də yer alıb. Hazırcavablığı ilə tanınan Bəhram Qamanov Göyçə mühitində “Göyçənin Molla Nəsrəddini” kimi yadda qalmışdır. Onun haqqında söylənən lətifələr yalnız Zod kəndində deyil, ətraf yaşayış məntəqələrində də geniş yayılmışdır.

Kitab eyni zamanda Göyçə bölgəsinə xas zəngin etnoqrafik materiallarla seçilir. Çiy ehsan, siğə qardaşlığı, təzə gəlinin bulaq üstünə çıxarılması, toy, yas və bayram adət-ənənələri, eləcə də Uluxanlı rayonu üçün xarakterik olan və uşaqların asudə vaxtının təşkili məqsədilə keçirilən canbar mərasimləri barədə dəyərli məlumatlar təqdim olunur. Yay aylarında məktəblər bağlandıqdan sonra uşaqlar üçün təşkil edilən canbarlar həm də bölgəyə xas olan folklor məclisi kimi diqqət çəkir.

Topluda Zod kənd sakinlərindən qeydə alınmış və axır çərşənbədə oynanılan “Kosa-kosa” oyununun ənənəvi variantlardan fərqlənən forması da təsvir edilib. Oyunun əsas özəlliyi odur ki, həmin gün kənd cavanları dəstələr halında evləri gəzərək pay toplayır, daxil olduqları hər həyətdə “Kosa-kosa” oyununu nümayiş etdirirdilər. Dəstə kosa, gəlin, həkim, pay yığan və polis obrazlarından ibarət olur, oxunan nəğmələr isə karnaval mədəniyyətinə xas açıq-saçıq ifadələrlə seçilir.

Qeyd edək ki, 400 səhifədən ibarət olan kitab “Elm və təhsil” nəşriyyatında çap olunub. Materialları toplayan, tərtib edən və ön sözün müəllifi filologiya üzrə fəlsəfə doktoru İlkin Rüstəmzadədir.