Bu il Folklor İnstitutu əməkdaşlarının 51 kitabı nəşr edilib

Bu il Folklor İnstitutu əməkdaşlarının 51 kitabı nəşr edilib

17 Dekabr 2025, 15:40 / Mühüm hadisələr

İnstitut əməkdaşlarının 151 məqaləsi elmmetrik bazalarda yerləşdirilib

2025-ci ildə Folklor İnstitutunun elmi fəaliyyəti bir qədər də genişlənib. İnstitut əməkdaşları cari ildə 31-i monoqrafiya olmaqla 51 kitab nəşr etdiriblər və bu əsərlərin 14-ü xaricdə çap olunub. Ümumilikdə, bu il Folklor İnstitutu əməkdaşlarının ölkədən xaricdə 45, ümumilikdə isə 260 elmi məqaləsi çap edilib.

AZƏRTAC xəbər verir ki, bunu AMEA-nın Folklor İnstitutunun direktoru filologiya elmləri doktoru Hikmət Quliyev 2025-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyətə dair hesabata həsr olunmuş Elmi şuranın iclasında söyləyib. Direktor qeyd edib ki, institutun doktoranturasına “Folklorşünaslıq” ixtisasında fəlsəfə doktoru hazırlığı proqramı üzrə 5 nəfər qəbul olunub. Cari ildə institutun əməkdaşlarından 3 nəfər (onlardan 2 nəfər 40 yaşa qədər) elmlər doktoru, 1 nəfər fəlsəfə doktoru elmi dərəcəsi, 1 nəfər isə dosent elmi adına layiq görülüb.

Folklor İnstitutunun elektron elm sahəsindəki mövqeyinin gücləndiyini qeyd edən direktor 2025-ci ildə elmi işçilərin elmmetrik göstəricilərinin artdığını bildirib. Ümumilikdə, cari ildə 151 yeni məqalə elmmetrik bazalarda dərc edilib, institutun elmi işlərinə 3632, cari ildə isə 375 istinad olunub. Həmçinin Folklor İnstitutunun alimləri tərəfindən cari ildə “Vikipediya” üçün 31 yeni məqalə hazırlanaraq yerləşdirilib.

Hikmət Quliyev bu il Bakı Slavyan Universiteti, Sumqayıt Dövlət Universiteti, Bakı Avrasiya Universiteti, Odlar Yurdu Universiteti və Xəzər Universitetindən, ümumilikdə 67 tələbənin Folklor İnstitutunda təcrübə keçdiyini qeyd edərək, bu əlaqələrin gələcəkdə elmi fəaliyyət sahəsində kadr potensialının gücləndirilməsinə də müsbət təsir edəcəyini vurğulayıb.