XƏBƏRLƏR
AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə: “Hesabat ilində Folklor İnstitutunun türk dünyası ilə elmi əməkdaşlıq əlaqələri xüsusi diqqəti cəlb edir”
Bu sözləri AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə AMEA Folklor İnstitununun 2025-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş Hesabat iclasındakı çıxışında deyib. Alim Folklor İnstitutunun son bir ildə əldə etdiyi nailiyyətlərə diqqət çəkərək vurğulayıb ki, bu müddət ərzində institutda yeni nəfəs və dinamik inkişaf müşahidə olunur. O, xüsusilə də Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına əsasən həyata keçirilən layihə və tədbirlər, o cümlədən Memarlıq və İncəsənət İnstitutunun da tərəfdaşlıq etdiyi Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş simpoziumla bağlı fikirlərini bölüşüb.
AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə Folklor İnstitutunun təşkilatçılığı ilə keçirilən iki simpozumun həsr olunduğu problemlərə – türk dünyasının mədəni kimliyi və mədəni kodları anlayışlarına xüsusi diqqəti cəlb edərək bu anlayışların həm açar sözlər, həm də müəyyən mənada “metodoloji alət” xarakteri daşıdığını bildirib. Alim eyni zamanda Türk dünyasında mədəni kimlik anlayışının gələcək inkişafı ilə bağlı gözləntilərini ifadə edib.
AMEA-da humanitar və ictimai elmlərdə sahəsində iki əsas istiqamətin – Azərbaycanşünaslıq və türkoloji tədqiqatların aparıcı olduğunu qeyd edən AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə son illərdə, xüsusən akademik İsa Həbibbəylinin AMEA-nın prezidenti seçilməsindən sonra türkoloji tədqiqatların daha da inkişaf etdiyini və bu istiqamətin gücləndiyini vurğulayıb. Professor Salamzadə bildirib ki, gələn il Birinci Türkoloji Qurultayın 100 illik yubileyi ilə əlaqədar keçiriləcək tədbirlər türk dünyasında elmi mühitin və mədəni əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət kəsb edir.
Folklor İnstitutunun hesabatındakı statistik göstəricilərə diqqəti cəlb edən AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə elmi işçilərin sayı ilə məqalələrin nisbətinin müsbət olduğunu, bu baxımından Memarlıq və İncəsənət İnstitutu ilə bənzər nəticələrin əldə edildiyini bildirib. Lakin kitab çapında Folklor İnstitutunun göstəricilərinin çox yüksək olduğunu – 14-ü xaricdə olmaqla, 51 kitabın çapdan çıxdığını vurğulayıb.
Alim eyni zamanda, çıxışında ümumilikdə humanitar və ictimai elmlər sahəsində elmi tədqiqatların dünyaya çıxarılması, bu sahədə əldə olunan nailiyyətlərin tanıdılması baxımından gələcəkdə Azərbaycanda milli indekslənmə sisteminin yaradılmasının vacibliyini qeyd edərək, bu sahədə institusional addımların atılmasının zəruruliyini vurğulayıb.
Çıxışının sonunda AMEA-nın müxbir üzvü Ərtegin Salamzadə AMEA Folklor İnstitutunun 2025-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyətini yüksək qiymətləndirərək, gələcəkdə də bu inkişafın davam edəcəyinə inandığını ifadə edib.

