Elmi şurada 2025-ci ildə folklor irsinin toplanması, tədqiqi və nəşri üzrə əldə olunan mühüm nəticələr müzakirə edilib

Elmi şurada 2025-ci ildə folklor irsinin toplanması, tədqiqi və nəşri üzrə əldə olunan mühüm nəticələr müzakirə edilib

13 Dekabr 2025, 16:42 / Konfranslar, İclaslar

Folklor İnstitutunun Elmi şurasının genişləndirilmiş iclasında 2025-ci ildə folklorun toplanılması, tədqiqi və nəşri istiqamətində əldə olunan mühüm nəticələr müzakirə olunub. Hibrid formatda keçirilən iclasda bir sıra şöbələrin il ərzində həyata keçirdikləri toplama, tədqiqat, həmçinin nəşr işləri barədə ətraflı məlumat təqdim edilib.

İlk olaraq Folklorun toplanması və sistemləşdirilməsi şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru İlkin Rüstəmzadə şöbənin 2025-ci il üzrə hesabatını təqdim edib. Qeyd olunub ki, 2025-ci ildə şöbə tərəfindən 6 mövzu üzrə tədqiqat aparılıb, bunlardan 3-ü tamamlanıb, 3-ü isə davam etdirilir.

İlkin Rüstəmzadə bildirib ki, 2025-ci ildə şöbə əməkdaşları tərəfində “Azsaylı xalqların folkloru” seriyasından VII cildin nəşrə hazırlanması başa çatdırılıb. Qeyd olunub ki, Ağsu, Ağdaş, Bərdə və Yevlax rayonlarında yaşayan, xalq arasında “qaraçı” adı ilə tanınan domların folkloruna həsr olunub. İlk dəfə olaraq, Azərbaycanın müxtəlif bölgələrində yaşayan domların etnik-mədəni irsi araşdırılmış, onların folklor nümunələri toplanaraq çap üçün hazırlanmışdır. Kitabda domların köçəri həyatı, oturaqlaşması, idarəçilik sistemi, dilləri və qədim qaraçı dilinin qalığı hesab edilən 200-dən çox söz və ifadə təqdim olunmuşdur.

Eyni zamanda, müvafiq şöbə tərəfindən “Qərbi Azərbaycan folkloru” seriyasının V cildi çapa hazırlanmışdır. Kitabda Aşıq Ələsgər haqqında rəvayətlər, Qərbi Azərbaycan bölgəsində qurban ənənəsi, çiy ehsan, siğə qardaşlığı, təzə gəlini bulaq üstünə çıxartmaq, uşaqların asudə vaxtını səmərəli təşkil edən canbar mərasimləri və bölgənin etnik-mədəni həyatını əks etdirən digər materiallar yer almışdır.

Həmçinin şöbə əməkdaşlarının fəlsəfə və elmlər doktoru hazırlığı üzrə dissertasiya işlərinin vəziyyəti barədə məlumat verən İ.Rüstəmzadə bu istiqamətdə də işlərin uğurla davam etdiyini, ovçu folkloru ilə bağlı kitabın nəşrə hazırlandığını, eləcə də Lənkəran folklor nümunələrinin toplanılması prosesinə başlanıldığını vurğulayıb.

İlkin Rüstəmzadə bildirib ki, 2025-ci ildə şöbə əməkdaşları yerli və xarici elmi jurnallarda, həmçinin bir sıra konfranslarda məqalələr dərc etdirmişdir.

Sonra AMEA Folklor İnstitutunun Türk xalqları folkloru şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Əfzələddin Əsgər tərəfindən müvafiq şöbənin elmi və elmi-təşkilati fəaliyyətinə dair hesabat təqdim olunub. O, bildirib ki, şöbə 2025-ci il ərzində türk xalqlarının mədəni irsinin araşdırılması, şifahi nümunələrin toplanması, tərcüməsi və nəşrə hazırlanması istiqamətində mühüm nəticələr əldə edilib.

Hesabata əsasən, şöbənin bu ilki fəaliyyətinin əsas məzmununu türk xalqları folklorunun araşdırılması, Azərbaycan və digər türk xalqlarına məxsus nümunələrin sistemləşdirilməsi, bölgələrdən folklor materiallarının toplanması və elmi-ictimai diskursda fəal iştirak təşkil edib. “Goroğlu” eposunun türkmən qolları, Azərbaycan epik folklorunun kiçik janrları və “Noqayın qırx batırı” silsiləsi üzrə 2023–2025-ci illəri əhatə edən üç əsas istiqamətdə aparılan tədqiqatlar uğurla tamamlanıb və yeni nəşrlər üçün möhkəm zəmin yaradıb.

Şöbənin əldə etdiyi mühüm nəticələr barədə çıxış edən aparıcı elmi işçi, filologiya üzrə fəlsəfə doktoru Elnarə Əmirli qeyd edib ki, toplama, tədqiqat, tərcümə və elmi-nəşr sahələrində əldə olunan nəticələr türk xalqlarının ortaq mədəni dəyərlərinin öyrənilməsinə fundamental töhfə verir və elmin inkişafına mühüm dəstək göstərir. İl ərzində şöbə əməkdaşları xarici və respublika səviyyəsində ümumilikdə 27 konfrans və simpoziumda iştirak edərək şöbənin beynəlxalq elmi məkandakı təmsilçiliyini daha da gücləndiriblər.

Ümumilikdə Türk xalqları folkloru şöbəsi əməkdaşlarının 2025-ci il ərzində 34 məqaləsi yayımlanıb, 6 elmi kitab nəşr edilib, həmçinin 6 məqalə SCOPUS, 2 məqalə isə Web of Science elmi bazalarında indekslənən jurnallara təqdim olunub.

Daha sonra AMEA Folklor İnstitutunun Mifologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Seyfəddin Rzasoy şöbənin fəaliyyəti, elmi tədqiqat istiqamətləri və cari ildə əldə olunan mühüm nəticələr barədə geniş məlumat verib.

Professor Seyfəddin Rzasoy bildirib ki, şöbədə ümumilikdə 14 elmi işçi çalışır, onlardan 3-ü elmlər doktoru, 9-u isə fəlsəfə doktorudur. O qeyd edib ki, Mifologiya şöbəsinin əməkdaşları il ərzində çoxsaylı elmi simpozium və beynəlxalq konfranslarda iştirak etmiş, əldə olunan nəticələri müxtəlif TV və radio proqramlarında geniş ictimaiyyətə çatdırmışlar. Alim qeyd edib ki, şöbə həmçinin onun baş redaktoru olduğu “Azərbaycan Şifahi Xalq Ədəbiyyatına dair Tədqiqlər” jurnalının da nəşrə hazırlanması üzrə işləri uğurlar həyata keçirib. Belə ki, ildə iki sayı dərc olunan jurnalın bütün sayları nəşr edilib. O vurğulayıb ki, 2026-cı ildə jurnalın xüsusi nömrəsinin ingilis dilində olmaqla hazırlanması və nəşr etdirilməsi nəzərdə tutulub.

Ümumilikdə, Mifologiya şöbəsi əməkdaşlarının 2025-ci il ərzində beynəlxalq konfrans və simpoziumlarda 55 məqaləsi yayımlanıb, 8 elmi kitab nəşr edilib, həmçinin 3 məqalə SCOPUS, 2 məqalə isə Web of Science elmi bazalarında indekslənən jurnallara təqdim olunub. Şöbənin 2025-ci il üzrə mühüm nailiyyətlərindən biri də professor Seyfəddin Rzasoyun Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 noyabr 2025-ci il tarixli Sərəncamı ilə Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunmasıdır.

Elmi şuranın iclasında AMEA Folklor İnstitutunun Dədə Qorqud şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Ramazan Qafarlı 2025-ci il üzrə şöbənin hesbatını təqdim edib. O bildirib ki, şöbə 2025-ci il ərzində fəaliyyət istiqamətlərini sistemli şəkildə davam etdirib və bir sıra mühüm elmi-nəşriyyat işlərini həyata keçirib. Hesabata görə, şöbə əməkdaşları “Kitabi-Dədə Qorqud” dastanının müxtəlif aspektlərdən araşdırılması, eposun müqayisəli təhlili və elmi-nəzəri yanaşmaların genişləndirilməsi sahəsində mühüm nəticələr əldə edib.

Şöbənin əsas fəaliyyət istiqamətlərindən biri olan “Dədə Qorqud” elmi-ədəbi toplusunun hazırlanması il ərzində uğurla davam etdirilib. Professor Ramazan Qafarlının baş redaktorluğu ilə hazırlanan dərginin məsul katibi, filologiya üzrə fəlsəfə doktoru Xalidə Məmmədova olmaqla, şöbənin bütün əməkdaşları redaktə və korrektə işlərində yaxından iştirak edib. 2025-ci ildə dərginin 1-ci, 2-ci və 3-cü nömrələri çapa olunub, 4-cü nömrənin hazırlanması isə yekunlaşmaq üzrədir.

Hesabat ilində şöbə əməkdaşları xaricdə 7, respublikada isə 18 elmi məqalə nəşr etdirib. Şöbə beynəlxalq və respublika əhəmiyyətli 23 konfransda iştirak edərək məruzələr təqdim edib, müzakirələrdə çıxışlarla elmi mövqeyini nümayiş etdirib.

2025-ci ilin mühüm hadisələrindən biri şöbənin baş redaktoru, professor Ramazan Qafarlının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 5 noyabr 2025-ci il tarixli Sərəncamı ilə Azərbaycan elminin inkişafındakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunmasıdır.

2024–2025-ci illər ərzində şöbə əməkdaşları bir sıra monoqrafiyalar nəşr etdirib, o cümlədən “Dünyanın özündən keçib zamanı içində yerləşdirən Bəxtiyar Vahabzadə” əsəri oxuculara təqdim olunub. Həmçinin, şöbə əməkdaşları media sahəsində də fəal olub, radio və televiziya proqramlarında çıxışlar edərək, mətbuatda məqalələr dərc etdiriblər.

Ümumilikdə, 2025-ci ildə AMEA Folklor İnstitutunda fəaliyyət planına müvafiq olaraq istər fundamental elmi tədqiqatlar, nəzəri araşdırmalar sahəsində, istər toplama və nəşriyyat fəaliyyəti, istərsə də beynəlxalq əməkdaşlıq sahələrində mühüm nəticələr əldə olunub. Bu nəticələr institutun Azərbaycan folkloru və mədəni irsinin araşdırılmasındakı strateji rolunu daha da möhkəmləndirir.